Partiya sədri: “Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında Ali Baş Komandanımızın yanındayıq”
22 May 2020 15:51 Siyasət"Mayın- 21-də ictimai həyatımızda önəmli yer tutan sosial şəbəkələr və platformalardakı emosiyalar, ehtiraslar özünün yoğunluğu, xüsusi təlaşı ilə seçilirdi. Bu heç də səbəbsiz deyildi. 28 ildir ki, işğal altında qalan Şuşa şəhərində qondarma separatçı - terrorçu rejimin yeni rəhbəri Arutyunyanın "andiçmə "mərasiminin keçirilməsi bütün Yer üzündə yaşayan azərbaycanlıların hiddət dalğasını son nöqtəyə qaldırmışdı". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sıdri Mayis Səfərlinin sözlərinə görə, hərə öz başa düşdüyü formada, şəxsi emosiyaları səviyyəsində məsələyə münasibət bildirirdi: "Bütün bunlar ondan xəbər verir ki, xalqımız öz itirilmiş torpaqlarının taleyinə biganə deyil,onların qaytarılması uğrunda ölüm - dirim savaşına hazırdır. "Durun, gedək Şuşaya!" ,"Raketlərimizi hərəkətə gətirək!"," Şuşaya bomba ataq,"... Bu qəbildən olan çağrışlar nə qədər emosional görünsə də,başa düşüləndir. Ermənilər açıq-aşkar bizim milli hisslərimizlə oynayır, beynəlxalq qanunları ayaq altına alıb tapdalayırlar. Lakin problemi emosiyalarla, populist şüarlarla həll etmək mümkün deyil. Ermənilərin bu hərəkətləri ciddi təxribat olmaqla yanaşı,qondarma rejimi "legitimləşdirmək ", danışıqlar prosesində onun da iştirakının təmin edilməsinə hesablanıb".
Onun sözlərinə görə, "Daglıq Qarabağ Respublikası "deyilən, lakin beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan bu qondarma qurum əslində, Ermənistanın işğalçılıq fəaliyyətini pərdələmək məqsədilə 94-cü ildən bəri belə şoular qurur, "müstəqil dövlət imici" formalaşdırmağa çalışır: "Bütün bunlar Minsk qrupunun həmsədrlərinin susqunluğu və biganəliyi ilə müşayiət olunur. Düşünürəm ki, diplomatik və siyasi istiqamətdə beynəlxalq təşkilatları, ilk növbədə, bu məsələnin həllinin səlahiyyətlərində olduğu ATƏT -i silkələyə biləcək addımlar atılmalıdır. Yarıtmaz fəaliyyətinə görə ATƏT-in vasitəçiliyindən imtina edilə bilər.Məsələnin yenidən BMT müstəvisinə qaytarılması mümkündür. Bu isə öz növbəsində BMT TŞ-nın münaqişə ilə bağlı məlum 4 qətnaməsinin yerinə yetirilməsini aktuallaşdırar... Bəlkə də, hakimiyyətin daha güclü ehtiyat planları var. Buna şübhə etmirəm. İstədiyimiz Ermənistananın cinayətkar hərəkətlərinə adekvat və kəsərli cavab verilməsi,torpaqlarımızın tezliklə azad edilməsidir.Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında Ali Baş Komandanımızın yanındayıq!"