Atdığımız addımlar Azərbaycan diasporunun inkişafına və Azərbaycanın xaricdəki nüfuzunun formalaşmasına hesablanmış addımlardır- MÜSAHİBƏ-ÖZƏL
22 May 2020 13:18 SiyasətFərid Cəfərli: "Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə təyin olunması dünyanın bütün ölkələrindəki Azərbaycan diasporunun vəziyyətində müsbət irəliləyişlərə səbəb olub"
Azərbaycan dövlətinin, onun müvafiq qurumlarının, xüsusilə də Cənab Prezidentin diaspora işinə ciddi diqqət yetirməsi, xaricdə yaşayan soydaşlarımıza yönəlik dövlət siyasəti həmvətənlərimizə bu istiqamətdə daha səmərəli fəaliyyət göstərmək üçün stimul verir, onların təşəbbüskarlığını artırır. Məhz bu da öz növbəsində dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın daha da təşkilatlanması, birlik və bərabərlik zəminində uğurla fəaliyyət göstərməsinə imkan yaradır.
Bu gün Azərbaycandan kənarda uğurla fəaliyyət göstərən çoxsaylı diaspor təşkilatlarından biri də Polşa Azərbaycanlıları Şurasıdır ki, adıçəkilən təşkilat yarandığı gündən ölkəmizin haqq səsinin Polşa cəmiyyyəti, dünya ictimaiyyətinə çatdırılması istiqamətində uğurlu addımlar atır, müxtəlif layihələr həyata keçirir. Biz də "OLAYLAR" olaraq Polşa Azərbaycanlıları Şurasının fəaliyyətinə daha yaxından nəzər yetirmək, adıçəkilən qurumun qarşısına qoyduğu əsas məqsədləri öyrənmək üçün Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Fərid Cəfərli Polşadakı Azərbaycan diasporunun durumu barədə də danışıb.
-Fərid bəy, Polşa Azərbaycanlıları Şurası nə vaxtdan fəaliyyət göstərir və əsas fəaliyyət istiqamətləriniz nədən ibarətdir?
-Biz diaspor fəaliyyətinə illər öncə başlamışıq və bu illər ərzində kifayət qədər fəaliyyət göstərmişik. Aksiyalarda, simpoziumlarda dövlətimizin milli maraqlarını müdafiə edən addımlar atmışıq. Amma Polşanın rəsmi dövlət qeydiyyatından bir müddət öncə keçmişik. Əsas rəsmi qeydiyyat deyil, əsas lazım olan fəaliyyətdir. Hansı ki, biz də bu fəaliyyəti kifayət qədər davamlı şəkildə aparırıq. Bilirsiniz, dünyanın nə qədər ölkəsində diaspor təşkilatları var ki, rəsmi qeydiyyatdan keçsə də, kiçik bir fəaliyyəti belə yoxdur.
Biz təşkilatımızın fəaliyyətini müəyyən tezislər üzərində qurmuşuq. İlkin mərhələdə təşkilatımız 6 məqsəd formalaşdırıb. Bunlardan birincisi və ən vacibi Azərbaycanın Polşada milli maraqlarının müdafiə olunmasıdır. Bundan başqa Polşada yaşayan həmyerlilərimizin vahid platforma altında birləşdirilməsi, Polşa cəmiyyətinə həmyerlilərimizin adaptasiya məsələsi, Polşa dövlət orqanları ilə ikitərəfli və effektiv əlaqələrin qurulması, Azərbaycan gənclərinin diaspor fəaliyyətində iştiraka cəlb olunması, təşkilatın resusrları daxilində problemlərini həll etmək kimi fəaliyyətlər bizim istiqamətlərimizə daxildir. Gördüyünüz kimi bütün bu məqsədlər sırf birbaşa Azərbaycan dövlətinə xidmət edən məqsədlərdir. Hansı ki, bizim bütün atdığımız addımlar Azərbaycan diasporunun inkişafına və Azərbaycanın xaricdəki nüfuzunun formalaşmasına hesablanmış addımlardır.
-Polşada təxminən nə qədər azərbaycanlı yaşayır, eləcə də neçə gəncimiz bu ölkədə təhsil alır və Şura olaraq onlarla əməkdaşlığı, əlaqələri necə qurursunuz?
-Polşada təxminən 5 min civarında azərbaycanlı yaşayır. Bunların böyük əksəriyyətini tələbələr təşkil edir. Polşanın demək olar ki, bütün böyük şəhərlərində aktiv gənclərimiz var və onları həmin şəhərlərdə hər bir soydaşımız tanıyır. Həm aktiv gənclərimiz, həm də sosial şəbəkələrdə olan qruplar vasitəsilə əlaqə qura bilirik. Həmçinin təşkilatımızın 24 saat aktiv telefon nömrələri vardır ki, hər hansı bir problem, çətinlik yarandıqda və ya təkliflər olduqda, o nömrələrlə əlaqə saxlamaq mümkündür.
-Polşada soydaşlarımız hər hansı bir problemlə üzləşdikdə onlara dəstək ola bilirsinizmi?
-Soydaşlarımız hər hansı bir problemlə üzləşdikdə maksimum dərəcədə dəstək göstərməyə çalışırıq.
-Bütün dünyanı bürüyən koronavirus pandemiyası Polşada yaşayan soydaşlarımıza necə təsir göstərdi və orada yaşayan soydaşlarımız arasında virusa yoluxan oldumu?
-Koronavirus pandemiyası tək Polşada yaşayan soydaşlarımıza deyil, burada yaşayan hər kəsə böyük təsir göstərdi. Əksər iş yerləri bağlandı, təhsil müəssisələri fəaliyyətini dayandırdı. Bu da işsizliyin artmasına gətirib çıxardı. Nəzərə alsaq ki, Polşada təhsil alan gənclərimiz dərsdən sonra müəyyən işlərlə məşğul olurdular və bəziləri yaşamlarını buradan təmin edirdilər, bu onlara daha çox təsir göstərdi. Yataqxanaların aylıq kirayə haqqını ödəməkdə, ərzaq məhsullarını almaqda çətinliklərlə üzləşdilər.
Soydaşlarımız arasında hal-hazırda 3 nəfərdə test nəticələri pozitiv çıxıb. 1 nəfər nisbətən ağır vəziyyətdə olduğu üçün xəstəxana şəraitində müalicəsini davam etdirir. Artıq həmin soydaşımızı süni nəfəs aparatından ayırıblar və vəziyyəti stabilləşməyə doğru gedir. Digər 2 nəfər isə ev şəraitində müalicələrini davam etdirirlər. Tez-tez əlaqə saxlayıb vəziyyətləri ilə maraqlanırıq. Həmçinin Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyi tərəfindən də diqqətdə saxlanılırlar.
-Bəs dəsətəyə, yardıma ehtiyacı olan azərbaycanlılara nə dərəcədə və hansı imkanlar hesabına yardım edə bildiniz?
-Bu günlərdə həmyerlilərimiz arasında əsas problem qalacaq yer və ərzaq idi. Bu gün üçün bu problemlər demək olar ki, aradan qaldırılıb. Gündəlik müraciətlər əsasında yardımlarımız davam edir. Əsas maddi dəstək Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən oldu. Komitə ilə yanaşı Polşada yaşayan iş adamlarımız da köməklik göstərdilər.
-Şura olaraq Polşadakı digər diaspor təşkilatları, eləcə də bu ölkədəki səfirliyimizlə əməkdaşlığınız hansı səviyyədidir və səfirlik təşkilat olaraq Sizə dəstək verirmi?
-Həm səfirliyimiz, həm də diaspor təşkilatlarımızın məqsədi eynidir. Hər birimiz xalqımıza, xaricdə olan soydaşlarımıza xidmət edirik. Bu yolda hər zaman bir birimizə dəstək olmağa çalışırıq. Səfirliyimizin dəstəyini daim hiss edirik.
-Ümumiyyətlə, Polşada Azərbaycan diasporunun vəziyyətini necə dəyərləndirərdiniz?
-Fuad Muradovun Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə təyin olunması dünyanın bütün ölkələrindəki Azərbaycan diasporunun vəziyyətində müsbət irəliləyişlərə səbəb olub. Xüsusilə Polşada diasporumuz hal-hazırda çox yaxşı vəziyyətdədir. Burada biz 5 min azərbaycanlıyıq və 250 min erməni ilə mübarizə aparırıq. Söhbət informasiya mübarizəsindən, mövqeyimizi dünya ictimaiyyətinə çatdırmaqdan gedir.
-Avropada yaradılan Koordinasiya Şuraları bu qitədə Azərbaycan diasporunun daha təşkilatlanması, birgə fəaliyyət göstərməsinə nə dərəcədə müsbət təsir göstərib?
-Adından göründüyü kimi Koordinasiya Şuraları Azərbaycan diasporunu və diaspor təşkilatlarını koordinasiya etmək üçün yaradılıb. Düşünürəm ki, bu atılan addım da hesablanmış hədəfə çatır. Çünki qısa müddətdə yaranmağına baxmayaraq artıq effektini görməyə başlamışıq. Buna misal olaraq bu ilin fevral ayında Almaniyanın Berlin şəhərində keçirilən Ümumavropa Qarabağ mitinqini göstərə bilərəm. Avropanın hər bir ölkəsindən minlərlə soydaşımız mitinqdə iştirak edirdi. Koordinasiya Şuraları getdikcə öz fəaliyyətlərini daha geniş müstəvidə həyata keçirəcək.
Süleyman İsmayılbəyli
Olaylar.az



