Prezidentdən ciddi xəbərdarlıq - TƏHLİL

Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu kadr islahatları davam edir. Dövlət idarəçiliyinə gənc, peşəkar kadrları cəlb edən, onlara etimad göstərən dövlət başçısı bununla həm gənc nəslə kifayət qədər diqqət və qayğı göstərdiyini sübuta yetirir, həm də idraəetməyə bir yenilik gətirir. Ötən bir neçə ay ərzində istər mərkəzi, istərsə də rayon icra hakimiyyətlərinə gənc kadrların təyin edilməsi fonunda bunun əyani şahidi olduq.

Gənc kadrların önə çəkilməsi, onlara etimad göstərilməsini şərtləndirən başlıca amillərdən biri də nisbətən yaşlı nəsilin, qocaman kadrların artıq yeniliklə ayaqlaşa bilməməsi, idarəetməyə yenilik gətirə bilməmələri, hətta bir sıra hallarda onlara göstərilən etimaddan sui-istifadə etmələridir ki, ötən bir neçə ay ərzində ayrı-ayrı rayonlarda, həmçinin paytaxtın özündə Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyatlar və üzə çıxn bir sıra nöqsanlar bunu sübuta yetirdi. Ona görə də dövlət başçısı haqlı olaraq idarəetməyə gəncləri cəlb etməyi əsas prioritet hesab edib. Bu günlərdə Prezident İlham Əliyev bu siyasətinə sadiq qalaraq daha iki rayona, İmişli və Ağstafa rayonlarına gənc icra hakimiyyəti başçılarını təyin etdi. Dövlət başçısının hər bir təyinatdan sonra təyin etdiyi məmurları videoformatda qəbul etməsi, onlara vacib tapşırıq və tövsiyələr verməsi artıq ənənə halını alıb. Elə İmişli və Ağstafa rayinlarına yeni icra hakimiyyəti başçılarının təyinatından sonra dövlət başçısının hər iki şəxsi videoformatda qəbul etməsi zamanı da bunun əyani şahidi olduq. Prezident İlham Əliyev hər zaman olduğu kimi təyin etdiyi məmurların qarşısında başlıca vəzifə kimi göstərilən etimadı doğrultmağı, xalqa xidmət göstərməyi qeyd etdi. Dövlət başçısının hər zaman söylədiyi məmur xalqın xidmətçisi olmalıdır prinsipini bir daha yeni təyin edilən icra hakimiyəti başçılarının diqqətinə çatdırdı: "Sizə böyük etimad göstərilir. Siz bu etimadı öz işinizlə doğrultmalısınız". Prezident bir daha təyin etdiyi məmurların diqqətinə çatdırıb ki, onların işi yalnız kabinetlərdə, kreslo arxasında oturmaqdan ibarət deyil, xalqla, insanlarla işləməkdən ibarətdir: "Bir çox hallarda icra hakimiyyəti başçısı öz iş otağından çıxmır. Bütün icra hakimiyyəti başçıları, o cümlədən siz bütün kəndlərdə insanlarla görüşməli, insanları narahat edən problemləri insanların dilindən eşitməli və ondan sonra qərar qəbul etməlisiniz. Elə məsələ var ki, sadəcə olaraq, laqeydlik, biganəlik və məsuliyyətsizlik ucbatından həll olunmur. Elə məsələ var ki, heç böyük vəsait, böyük əziyyət tələb etmir. Sadəcə, onların vecinə deyil. Onlar hesab edirlər ki, orada ağa kimi rəhbərlik etməlidirlər, insanları incitməlidirlər, öz şəxsi maraqlarını təmin etməlidirlər. Belə təfəkkürlə yaşayan insanların bizim aramızda yeri yoxdur. Onların yeri başqa yerdədir. Ona görə, siz bütün kəndlərdə olmalısınız, bütün problemləri vətəndaşlardan öyrənməlisiniz və onları həll etməlisiniz. Bir daha demək istəyirəm ki, yerli səviyyədə həlli mümkün olmayan problemlər dərhal müvafiq mərkəzi icra orqanlarına çatdırılmalıdır".

Prezident qeyd edib ki, bu gün Azərbaycan yeniləşir, müasirləşir və yeni kadrlardan çox şey asılıdır: "Sizin fəaliyyətinizdən çox şey asılıdır və insanların inamı, əhval-ruhiyyəsi, ədalətə inanması bir çox hallarda yerli rəhbərlərin işindən asılıdır. Siz elə işləməlisiniz ki, insanlar sizə inansınlar, sizi dəstəkləsinlər və sizin işinizdən razı olsunlar".

Dövlət başçısının videoqəbul zamanı diqqət etdiyi digər bir vacib məqam korrupsiya və rüşvətxorluğa qarşı mübarizə oldu. Prezident bununla həm qeyd edilən istiqamətdə mübarizənin bundan sonra da davam etdiriləcəyini bir daha Azərbaycan cəmiyyətinin diqqətinə çatdırmış oldu, həm də yeni təyin etdiyi icra başçılarına sələflərinin yolu ilə getməməyi tövsiyyə etdi: "Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bütün xoşagəlməz hallara qarşı öz işinizlə ciddi mübarizə aparmalısınız. Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. Bu sahədə sizin dövlət tərəfindən böyük dəstəyiniz olacaqdır, eyni zamanda, geniş ictimaiyyəti də bu işlərə cəlb edin. Çünki ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir. Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir. Birinci növbədə siz vəziyyəti təhlil etməlisiniz və insanları narahat edən problemləri həll etməlisiniz. Sizin həll etməyə gücünüz çatmayan məsələlər barədə müvafiq mərkəzi icra orqanlarına məlumat verin ki, bu məsələlər operativ şəkildə öz həllini tapsın".

Və nəhayət, dövlət başçısının diqqət etdiyi üçüncü məqam icra başçılarının belə demək mümkünsə mərkəzdən tapşırıq gözləməməsi, təşəbbüskar ola bilməsi ilə bağlı idi. Prezident İlham Əliyev haqlı olaraq bildirib ki, indiyə qədər regionlarda görülən işlər sırf onun əməyi, fəaliyyəti, təşəbbüsü ilə bağlıdır. Ancaq eyni zamanda yerli icra hakimiyyəti rəhbərləri də rəhbərlik etdikləri rayonların daha yaxşı inkişafı, tərəqqisi üçün təşəbbüslər irəli sürməli, yerlərdə mühüm işlər görməlidirlər. Bir sözlə sosial-iqtisadi inkişaf nəzərə çarpmalıdır: "Bir sözlə, sizin fəaliyyətiniz rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafında özünü göstərməlidir. Çünki açıq demək istəyirəm, təxminən son 17 il ərzində bölgələrdə görülmüş işlərin ən azı 90 faizi mənim təşəbbüsümlə görülüb, dövlət proqramları çərçivəsində görülüb, 16 min kilometr avtomobil yolu çəkilib, bütün elektrik təsərrüfatı demək olar ki, yenidən qurulub. Biz qazlaşdırmanı təxminən 100 faizə çatdırmışıq, 3500-dən çox məktəb, 700-dən çox tibb ocağı, 50-yə yaxın Olimpiya İdman Mərkəzi, nə qədər Gənclər evləri, mədəniyyət sarayları, digər sosial obyektlər tikilib. Bütün bunları biz mənim bilavasitə göstərişimlə dövlət büdcəsi hesabına etmişik. İndi baxaq görək icra başçıları nə iş görüblər, hansı daşı daş üstünə qoyublar. İndi bütün bu işlər təftiş edilir. Mənim ayırdığım vəsait hesabına tikilmiş evlər, yəni, qəzalı evlərin əvəzinə tikilmiş evlərin tikintisində də oğurluq baş verir, həm tikintidə, həm də ki, ondan sonra mənzillərin bölüşdürülməsində. Bu evlərin insanlara tamamilə pulsuz verilməsi nəzərdə tutulubdur. Amma həm tikintidə pul oğurlanır, həm də mənzillər rüşvət müqabilində paylanılır. Deməli insanlardan pul qopardılır. İndi təftiş aparılır və bütün bu pozuntularda əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək. İcra başçısı ona göstərilən etimadı öz işi ilə doğrultmalıdır".

S.İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31