Florida ştatının Hallandeyl şəhərində Respublika Günü elan olundu
Florida ştatının Hallandeyl şəhərinin meri Coy Kuper 2020-ci ilin 28 may tarixini Azərbaycan Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalamışdır.
22 May 2020 11:47 SiyasətFlorida ştatının Hallandeyl şəhərinin meri Coy Kuper 2020-ci ilin 28 may tarixini Azərbaycan Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalamışdır.
Olaylar.az bildirir ki, mer C.Kuper ofisin digər rəsmiləri ilə birlikdə sakinlərlə 20 may tarixində keçirdiyi virtual görüşdə Bəyannaməni Floridada fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının təsisçisi və prezidenti soydaşımız Töhfə Eminovaya təqdim etmiş və təşəbbüsü üçün təşəkkür etmişdir. Görüş zamanı mer Kuper bəyannamənin mətnini oxuyaraq izləyicilərin diqqətinə çatdırmışdır.
Bəyannamədə Amerikada yaşayan Azərbaycanlıların Floridadada güclü iştirakı vurğulanaraq regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhvələrini, o cümlədən bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının rolunu qeyd etmişdir.
Daha sonra mətndə Azərbaycan Respublikasının universal səsvermə hüququnu təmin edən ilk dövlətlərdən biri olması və ABŞ da daxil olmaqla digər demokratik dövlətlər tərəfindən tanındığı yazılır.
C.Kuper hər il 40 milyondan çox Azərbaycanlının və 400 min Azərbaycanlı Amerikalıların bu bayramı qeyd edərək əcdadların töhfələrini, onların Qafqaz regionunda və daha böyük bölgələrdə azadlıq və demokratiyanın yayılmasında rolunu vurğulamışdır.
28 May tarixinin yalnız 1918-ci ildə əsası qoyulan Azərbaycan Demokratik Respublikasının yaradılmasının ildönümü olmadığı, eyni zamanda bunun ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilmişdir. Azərbaycan Respublikası ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı kimi qurucularının prinsiplərini rəhbər tutaraq inanclarını davam etdirir və başqalarını bəşəriyyət və demokratiyanın ümumi dəyərləri haqqında məlumatlandırır.
Sonda mer Kuper 28 may 2020-ci il tarixinin Azərbaycan Respublika Günü elan edərək Hallandeyl şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırış etmişdir.
C.Kuper çıxışında Azərbaycan Demokratik Respublikasının 102-ci ildönümü ilə bağlı ABŞ-da yaşayan Azərbaycan icması və Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi ilə birgə keçirəcəyi virtual tədbirdə iştirak üçün Səfirliyə və Assosiyasiyaya təşəkkürünü bildirmiş və mer ofisinin iştirak etməkdən məmnun olacağını diqqətə çatdırmışdır.