Deputat: “Milli Şura adlanan müxalifət qurumunun ictimai baxışa təqdim olunan son müzakirələri əslində özlərini “açıb tökmək” mərhələsi idi”

"Mənim Milli Şuraya, AXCP-yə, "Müsavat"a və başqa digər partiyalara qarşı bir partiya rəhbəri olaraq hansısa önyarğılı düşüncəm yoxdur. Hər birinə cəmiyyətimizin çoxrəngliliyinin təzahürləri kimi baxıram. Biz işıqlı və parlaq adamlar bolluğunda yaşamayan bir millətik, ona görə də onun iqtidarında da, müxalifətində də, neytral zonasında da olan bu cür insanları qənimət olaraq görürsən və dəyərləndirirsən. Könül istərdi ki, bu neytral zonaya basdırılmış iqtidarın və müxalifətin minaları təmizlənsin və buradan boy göstərən insanların bəlli bir ideologiyadan uzaq soyuqqanlı mühakimələri ilə cəmiyyətimizin indisi və gələcəyi ilə bağlı sağlam və elmi yükü ağır olan tezislər əldə edilsin". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Fazil Mustafanın sözlərinə görə, artıq bu neytral zonada yetişənlər nə iqtidara, nə də müxalifətə yaltaqlanmayacaqlar, hətta üstəlik xalqa da yaltaqlanmayacaqlar, düşündüklərini qərəzsiz, tərəfsiz, qorxusuz deyəcəklər və biz doğru mühakimənin yayğınlaşdığı bir mühit əldə edəcəyik: "Onların da içində sağlam, realist, işıqlı ideyaların səslənişini görərsəm, heç şübhəsiz təqdirimi dərhal bildirərəm. Bütün hallarda bu barışmaz olduğu söylənən müxalifət cinahının qədim sakinlərindən biri kimi, mətbəxində hansı azuqələrin olduğunu və hansı aşbazların nə bişirməyə qadir olduğunu bildiyim halda belə, yenə də ümid edirəm ki, bu mühitdən də faydalı insanlar çıxa biləcəkdir. Həmin cinahdakı hər hansı bir neqativ testin səbəbinin fəlsəfi izahını birbaşa Maks Vebrin mükəmməl tərifini verdiyi inanc əxlaqı ilə bağlı təzahürdə axtarmaq lazımdır. Dini cameədə də eyni durum hökm sürür. Bu inanc əxlaqı ilk baxışda əqidə və prinsip örtütyü ilə malalansa da, insan düşüncəsinin ideoloji buxovunun sökülməsinə imkan tanımır və bütün fəaliyyət prossesi hər zaman başqa bir inancda olan kimisə ifşa etmək üzərində qurulur. Hakimiyyəti ifşa etmək, onun məmurlarını ifşa etmək, ardınca öz sıralarındakı "satqınları" ifşa etmək və nəhayət tükənərək özlərini "açıb tökmək". Milli Şura adlanan müxalifət qurumunun ictimai baxışa təqdim olunan son müzakirələri əslində özlərini "açıb tökmək" mərhələsi idi. Halbuki bununla daha doğru olanını yenə də tapa bilmədikləri üzə çıxdı. Doğru olan məhz özünü təftiş etmə yolu idi. Ənənəvi Çinli düşüncəsi çevrənin və ya başqalarının təftişindən çox, öz-özünü təftiş məsələləri ilə maraqlanır. Onlar ""Əşkiya"ya baxan xalq nədən arxamızca getsin" şikayətini etmirlər, "Biz nəyi yanlış edirik ki, xalq bizim arxamızca getmir" ifadəsi üzərində baş sındırırlar". Onun sözlərinə görə, inanc əxlaqının alternativi isə daha çətin tələblər qarşıya qoyur: "Buna politoloji ədəbiyyatda "məsuliyyət əxlaqı" deyilir. İnanc inadı yerinə məsuliyyət ağlı önə çıxmağa başlayır. Dövlətin məsuliyyəti, millətin məsuliyyəti, şəhərin, rayonun, kəndin məsuliyyəti, ailənin məsuliyyəti və insanın məsuliyyəti bir-birini təqib edir və alınan qərarların motivasiyası sənin daşıdığın doğuracağı nəticəni öncədən görə bilmədiyin inanc deyil, məhz nəticəyə yönəlik məsuliyyət olur. İnancı sümükləşmiş bir dinçiyə yüz dəfə Qurandan ayə gətir, öz eşitdiyini əqidə olaraq gördüyündən, dəyişməyəcək. Bu xarakterdə olanlar üçün siyasət də eyni platformadır. Cəbhəçiyəm, müsvatçıyam, yapçıyam, öz yolum, öz əqidəm var, dünyanın çarxında nə dəyişim olarsa məni maraqlandırmaz, hər şey mənim durduğum inanc platformasından dəyərləndirilə bilər deyib kimsə inadına duruşunu davam etdirəcəksə, bu məsuliyytə hissindən mütləq uzaqlaşdıracaqdır. Sevdiyim və tətbiq etdiyim ifadədir bu: "Dəyişmək cəsarətin yoxdursa, müzakirəyə nədən qatılırsan". Hansısa söhbət, hansısa kitab, hansısa film, hansısa bədbəxt və yaxud xoşbəxt sayılan hadisə mənim üçün bir dəyişim fürsətidir. Başqasının ağlının məhsulu səni dəyişmək gücündədirsə, inanc əxlaqının postulatları artıq burada işləməz hala gəlir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31