Prezidentdən vətəndaşlara tövsiyə
20 May 2020 15:00 Siyasət"Hər kəs özünü, öz yaxınlarını qorumalıdır"
Azərbaycan belə demək mümkünsə koronavirus sınağından hələlik uğurla çıxıb. Zamanında atılan addımlar, həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın virusa yoluxma riskini minimuma endirdi, pandemiyanın ölkəmizdə sürətlə yayılma təhlükəsinin qarşısını aldı.
Artıq bir neçə gündür ki, cari ilin mart ayından tətbiq edilən cərt karantin qaydaları bir qədər yumşaldılıb, paytaxt və əyalətlərdə qoyulan polis postları götürülüb, bir sıra xidmət sahələrinin fəaliyyətinə tətbiq edilən qadağalar aradan qaldırılıb. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, karantin qaydalarının yumşaldılmasına vətəndaşlatımızın sərgilədiyi davranışlar heç də adekvat deyil və bir çox insanımız ətrafımızda koronavirus pandemiyası təhlükəsinin olmaması kimi bir inamla hərəkət edir, ən adi gigyenik qaydalara əməl etmir. Məhz bu mənfi tendensiyanın göstəricisidir ki, ölkədə karantin qaydalarının yumşaldılmasından sonra Azərbaycanda koronavirusa yoluxanların sayında artım qeydə alınır. Əgər sərt karantin qaydaları dönəmində gündəlik virusa yoluxanların sayı hətta 25-30 nəfərə qədər enmişdisə, karantin qaydalarının yumşaldılmasından sonra bu göstərici gündəlik olaraq 100-dən artıq belə qeydə alınır. Təbii ki, bu mənfi tendensiya hər birimizdən daha çox dövlət başçısı Cənab İlham Əliyevi narahat edir və əslində ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dost Mətkəzinin açılışından sonra dövlət televiziyasına müsahibə verməsi də məhz qeyd etdiyimiz kimi dövlət başçısının yaranmış vəziyyətdən narahatçılıqdan irəli gəlirdi. Əslində Azərbaycan Prezidenti bu müsahibəsi ilə bir daha ölkə vətəndaşlarına müraciət edirdi ki, karantin qaydalarının yumşaldılması heç də təhlükənin aradan qalxdığı demək deyil və cəmiyyət, onun üzvləri bir sıra zəruri şərtlərə əməl etməklə həm özünü, həm də ətrafdakıları qorumalıdır. Prezident İlham Əliyev sözügedən müsahibə zamanı bu fikri bir daha qəti və net olaraq vurğulayıb: "Mən bir daha demək istəyirəm ki, vətəndaşlar bu məsuliyyəti dərk etsinlər. Pandemiya başa çatmayıb, virus qeyb olmayıb, bu virus dolaşacaq. Ona görə hər kəs özünü, öz yaxınlarını qorumalıdır, öz məsuliyyətini hiss etməlidir və nizam-intizama da əməl etməlidir".
Prezident dövlət televiziyasına müsahibəsində cəmiyyəti narahat edən bir suala da cavab vermiş və insanları məlumatlandırmış oldu. Belə ki, karantin qaydaları yumşaldılan ərəfədə bəziləri bilmədən, düşünmədən hökuməti ittiham edirdi ki, xəstəlik tam aradan qalxmadan hansı zərurət karantin qaydalarının yumşaldılmasına yol açdı. Əvvəla onu qeyd etmək yerinə düşər ki, hətta virusun ən geniş yayıldığı və çoxlu insan tələfatına yol açdığı Avropa ölkələrində, İranda belə karantin qaydaları hələ bir müddət əvvəldən yumşaldılıb və əksər xidmət sahələti fəaliyyətə başlayıb. Yəni, virus, xəstəlik var deyə, ancaq evdə oturmaq, heç bir fəaliyyət göstərməmək də doğru yanaşma deyil və heç bir dövlətin iqtisadi potensialı imkan vermir ki, fəaliyyət, iqtisadi inkişaf olmadığı halda vətəndaşlatı maddiyatla təmin etsin. Onaa görə də karantin qaydalarının yumşaldılması və bir sıra xidmət sahələrinin fəaliyyət göstərməsi başadüşüləndir və normaldır. Təsadüfi deyil ki, dövlət başçısı da dövlət televiziyasına verdiyi müsahibədə bu məqamı xüsusi qeyd edib: "Bu gün vəziyyət tam nəzarətdədir və bütün ölkələr artıq açılır. Hətta pandemiyanın geniş vüsət aldığı ölkələr də açılır və biz də yavaş-yavaş açılırıq. Amma vəziyyəti tam nəzarətdə saxlayırıq".
Göründüyü kimi dövlət koronavirus pandemiyasının tam aradan qaldırılması, insanlarımızın sağlamlığının qorunması əlindən gələn, bacardığı bütün addımları atır. Azərbaycan dövlətinin pandemiyaya qarşı apardığı səmərəli və nəticəli mübarizə hətta beynəlxalq təşkilatlar tərəfindən təqdir edildi, müsbət qiymətləndirildi. Və sevindirici haldır ki, hazırda da bu istiqamətdə fəaliyyət davam edir. Sadəcə burada vətəndaşların da üzərinə ciddi vəzifə düşür ki, məsələyə, problemə bir qədər də ciddi yanaşıb onun həllinə nail olmaq üçün dövlətə dəstək nümayiş etdirsinlər. Təbii ki, öz davranışları, gigiyenik qaydalara əməl etmələri ilə.
Məhəmməd
Olaylar.az