Sosial siyasət dövlətin prioritet məsələsidir
20 May 2020 11:34 Siyasətİlham Əliyev: "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"
Koronavirus pandemiyasının təsiri nəticəsində dünya ölkələrinin iqtisadiyyatında tənəzzül müşahidə olunmasına baxmayaraq Azərbaycan iqtisadiyyatın dayanıqlığını təmin edə bilib. Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət ölkə iqtisadiyyatının dirçəldilməsilə yanaşı, əldə olunan gəlirlərin böyük bir hissəsinin əhalinin sosial müdafiəsinə yönəldilir. Xüsusən, koronavirus pandemiyası ilə əlaqədar məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində görülən tədbirlər tədqirəlayiq hesab olunur. Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Belə ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Bununla kifayətlənməyərək aprelin 17-də dövlət başçısı tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Onu da xatırladaq ki, dğvlət başçısı İlham Əliyevin prezidentlik fəaliyətində sosial sahə daim prioritet məsələ kimi diqqətdə saxlanılıb.
Yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə də qeyd edib ki, sosial sahə daim prioritet sahə olub və mənim əvvəlki illərdə də çıxışlarımda daim bu məsələyə böyük diqqət yetirilib: "Xüsusilə son müddət ərzində - keçən il və bu il sosial sahə daha da böyük prioritet kimi gündəlikdə mövcuddur. Təsadüfi deyil ki, ötən il müstəqillik dövründə ən geniş sosial paket təqdim olundu və uğurla icra edildi. Bu sosial paketin əhatə dairəsi çox geniş idi - 4 milyon 200 min insan dövlət tərəfindən sosial paketlə təmin edildi. Bunun içərisində minimum əməkhaqqının təxminən 2 dəfə, minimum pensiyanın 70 faizdən çox qaldırılması məsələləri var idi. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. Müavinətlər qaldırıldı - bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə. Problemli kreditlərlə bağlı məsələ öz həllini tapdı. Yəni, biz bu məqsədlər üçün milyardlarla manat ayırdıq və dediyim kimi, 4,2 milyon insanın güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Bu ilin əvvəlindən bu meyillər daha da güclənibdir. Minimum əməkhaqqı və orta əməkhaqqının, orta pensiyanın artırılması göz qabağındadır. Nəzərə alsaq ki, manatın məzənnəsi də sabitdir, insanların real gəlirləri artır, inflyasiya aşağı səviyyədədir. Ona görə bu sahədə bu il görülən işlər keçən il görülmüş işlərin məntiqi davamıdır. Bu ilin xüsusiyyəti ondadır ki, biz indi pandemiya dövründə yaşayırıq və pandemiyaya bizim cavabımız çoxşaxəli olmuşdur. O cümlədən sosial təminatla bağlı çox ciddi, operativ və məqsədə hesablanmış addımlar atılmışdır. Artıq sirr deyil ki, dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödənildi, özəl sektorda təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənildi. Nəzərə alsaq ki, bu sektorda fəaliyyət göstərən insanlar işsiz qalmışdılar, işsiz vətəndaşların, aztəminatlı təbəqənin, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən insanların sosial təminatı təşkil edildi, hər birinə 190 manat vəsait ayrıldı. Bu kateqoriyadan olan insanların sayı az deyil, 600 mindir. Bu işlərin hamısı əlbəttə ki, böyük maliyyə resursları tələb edir. Buna ünvanlı sosial yardım proqramını əlavə etsək, bu proqramla əhatə olunan insanların sayı kəskin artır. Hazırda 80 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər bir ailəyə hər ay 220 manatdan çox vəsait ödənilir".
Sözün həqiqi mənasında dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan sosial paket ölkə əhalisinin bütün kateqoriyadan olan vətəndaşlarını əhatə edir. Nəinki işsizlərə ödəmələr həyata keçirilir, hətta işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi də təmin olunub. Belə ki, əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil edilir. 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur. Həmçinin işsizlikdən sığorta və peşə hazırlığı kurslarının müdavimlərinin sosial müdafiəsi təmin olunub. Belə ki, işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılıb. 2 min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat manat ayrılıb. Bundan başqa, özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi davam etdirilir. Konkret olaraq 2020-ci ildə 12 min ailəninözünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. Bu məqsədlə ən müxtəlif qurumlarla əməkdaşlıq həyata keçirilir. Xüsusən, proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir. Paralel olaraq özəl banklarla da əməkdaşlıq əlaqələri qurulub. Artıq banklar tərəfindən proqram iştirakçılarına aktivlərin verilməsinə başlanıb. Əhalinin sosial müdafiəsini təmin etmək məqsədilə beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlığa üstünlük verilir. Məhz bunun nəticəsidir ki, Dünya Bankı ilə layihəyə başlanır və hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək. Həmçinin, BMT-nin İnkişaf Proqramı ilə birgə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilir. Dövlət başçısının müsahibədə qeyd etdiyi kimi ölkədə həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Mən ilin əvvəlində və pandemiyanın artıq alovlanan dövründə demişəm ki, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək və biz bunu təmin edirik. Eyni zamanda, sosial infrastruktur layihələrinin heç biri ixtisar olunmayıb. Ona görə bu sahəyə göstərilən diqqət və əməli-praktiki addımlar bir daha bizim siyasətimizin mahiyyətini göstərir. Bir də onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır". Yerli və beynəlxalq ekspertlər, insan hüquqları üzrə ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlar da hesab edirlər ki, Azərbaycanda həyata keçirilən soyasətin fəlsəfəsini Azərbaycan vətəndaşı təşkil edir. Sosial, iqtisadi sahədə görülən işlər, həyata keçirilən layihələr vətəndaşların sosialm rifah halının yüksəlməsinə hesablanıb. Bu siyasət bu gün də reallaşdılır və heç şübhəsiz ki, gələcəkdə də davam edəcək.
Nurlan
Olaylar.az