Paşinyan ictimai reytinqini reanimasiya etdirmək üçün Şuşada şou təşkil etmək istəyir - RƏYLƏR

O, bununla Münhendə yaşadığı biabırçılığı və seçki fiaskosunu unutdurmağa çalışır

Ermənistanın ölkəmizə qarşı şər və böhtan kompaniyası davam etməkdədir. Belə ki, Ermənistan Cümhuriyyət tariximizə və Cümhuriyyət qurucularımlza qondarma erməni soyqırımı yalanları ilə bağlı böhtan dolu hücumlara başlayıb. Paralel olaraq, Ermənistan dövləti mayın 21-də Dağlıq Qarabağda yaratdığı qondarma rejimin qondarma başçısına Şuşada bir mərasim keçirməyi planlaşdırır. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib ki, Ermənistanın indiki və sabiq rəhbərliyinin terroru və faşizmi dəstəkləyən əməlləri bir çox beynəlxalq təşkilatlarda Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə ifşa olunub və olunmaqda davam edir: "Cənab Prezident Ermənistanın əvvəlki rəhbərliyinin alman faşizmi ilə əməkdaşlıq edən Qaragen Nijdeyə qoyduğu heykəli Ermənistanın yeni rəhbərinin götürməməsini, tam əksinə bu heykəlin qoyulması ilə bağlı bəraətverici çıxışlarını faşizmi dəstəkləyən əməllər olmasını bütün beynəlxalq platformalarda geniş şəkildə ifşa etdi. Eyni zamanda, Ermənistanın keçmiş rəhbərliyinin beynəlxalq terrorçu Monte Melkonyana qoyduğu heykəlin Ermənistanın yeni rəhbərliyi tərəfindən götürülməməsinin, tam əksinə dəstəklənməsinin onun beynəlxalq terrora verdiyi dəstəyin bir örnəyi olduğunu geniş ifşa etdi. Cənab Prezidentin Ermənistan rəhbərliyinin faşizm düşüncəsini, terroru dəstəkləyən əməllərini ifşa etməsindən sonra Ermənistanın Baş Naziri Nikol Paşinyanın babasının faşist Almaniyası ilə geniş əməkdaşlığı tarixi faktlarla sübut olundu və Ermənistan rəhbərliyinin iç üzü dünyada daha geniş şəkildə ifşa olundu". Qənirə Paşayeva qeyd edib ki, bütün bunlardan sonra Ermənistan Cümhuriyyət tariximizə və Cümhuriyyət qurucularımlza qondarma erməni soyqırımı yalanları kimi yalanlarla hücumlara başlayıb: "Bu yalanlara dünyanın harasında doğulub və harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı, tarixçilərimiz, siyasətçilərimiz, diaspor təşkilatlarımız, mətbuat qurumlarımız fəal şəkildə cavab verməlidir. Erməni yalanlarının ifşası üçün səfərbərliyimizi daha da artırıb həqiqətləri dünyaya daha geniş çatdırmalıyıq. Biz bu həqiqətləri hər yerdə geniş yaymalıyıq ki, Cümhuriyyət qurucularımızın bir hissəsi də məhz erməni terrorunun qurbanı olub, onlar tərəfindən qətlə yetiriliblər. Ermənilər Cümhuriyyət qurucularımızın qətlə yetirilməsi ilə bağlı bir siyahı hazırlamışdılar. Baş Nazirimiz, İstiqlal Bəyannaməsində imzası olan Fətəli Xan Xoyski, Parlamentin sədr müavini, İstiqlal Bəyannaməsində imzası olan Həsən bəy Ağayev Tiflisdə, Qarabağın qurucu xanı Pənahəli xanın nəticəsi olan Daxili İşlər nazirimiz Behbud xan Cavanşir İstanbulda erməni terrorunun qurbanı oldular, ermənilər tərəfindən xaincəsinə qətlə yetirildilər. Bu böyük şəxsiyyətlərimizin ermənilər tərəfindən qətlə yetirilməsinin 100-cü il dönümü tamam olur. Çox yaxşı olardı ki, Bakının mərkəzi yerlərində erməni terrorunun qurbanı olan Cümhuriyyət qurucularımızın büstləri və ya heykəlləri qoyulsun və orada onların məhz erməni terrorunun qurbanı olduqları, ermənilər tərəfindən qətlə yetirilməsi qeyd olunsun. Bu ölkəmizə gələn çoxlu sayda insanlara həqiqətlərin, gerçəklərin daha geniş çatdırılması istiqamətində də vacib addım olardı".

.Milli Məclisin deputatı Azay Quliyev deyib ki, Ermənistan mayın 21-də Şuşada mərasim keçirməyi məqsədli şəkildə planlaşdırıb: "Sual olunur, niyə bu məsxərəni məhz Şuşada təşkil edirlər? Ona görə ki, martın 31-də ermənilərin təşkil etdikləri seçki oyunu tamamilə fiaskoya uğradı. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə Ermənistan rəhbərliyi özünü tamamilə ifşa etdi, daxildə və xaricdə rəzil vəziyyətə düşdü. Bütün beynəlxalq təşkilatlar - BMT, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, ATƏT PA, AŞPA, Qoşulmama Hərəkatı, GUAM, dünyanın bütün aparıcı ölkələri istisnasız və birmənalı olaraq Ermənistanın bu qanunsuz hərəkətini qınadı, haqlı olaraq dırnaqarası seçkiləri qeyri-legitim adlandırdılar və işğalın nəticəsinin heç bir halda tanınmayacağını açıq şəkildə bəyan etdilər. Yeri gəlmişkən, onu da deyim ki, keçmiş postsovet məkanında olan digər separatçı rejimlərin təşkil etdiyi qanunsuz seçkilərə də biz hər zaman bir sıra beynəlxalq təşkilatların etirazının şahidi olmuşuq. Ancaq Dağlıq Qarabağda bu dəfə keçirilən qanunsuz seçkilərə dünya ictimaiyyətinin göstərdiyi sərt təpki, digər ölkələrdə separatçı rejimlərin seçki şousuna olan etirazlardan daha fərqli, daha güclü və daha mütəşəkkil idi. Bu isə Ermənistanın 30 il apardığı işğalçılıq və etnik təmizləmə siyasətinə, qondarma Dağlıq Qarabağ Respublikasını tanıdılması istiqamətində dünya ermənizminin göstərdiyi bütün səylərə ağır bir zərbə oldu. Hətta özünün forpostu adlandırdığı ölkə belə seçki şousunu açıq şəkildə rədd edərək, Azərbaycanın işğal olunmuş rayonlarının azad edilməsinin vacibliyini dilə gətirdi". Azay Quliyevin sözlərinə görə, digər ölkələrdə yaradılmış oyuncaq və separatçı rejimlərdən fərqli olaraq heç kim bu gün Azərbaycan ərazisində yaradılmış oyuncaq rejimi tanımır: "Bax budur Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin əldə etdiyi real nəticə, diplomatik və siyasi uğur. Ona görə də rəzil vəziyyətə düşən Paşinyan özünə təskinlik tapmaq, Münhendə yaşadığı biabırçılığı və seçki fiaskosunu unutdurmaq, ictimai reytinqini reanimasiya etdirmək üçün Şuşada belə bir şou təşkil etmək istəyir. Özlərinin belə tanımadığı bir qurumun "rəhbəri"nin "andiçmə mərasimi"ni keçirməklə özlərini təkcə gülməli vəziyyətə salmırlar, həmdə nə qədər riyakar və ikiüzlü olduqlarını bir daha dünyaya göstərmiş olurlar. Bu baxımdan da hesab edirəm ki, düşmənin bu təxribatına xüsusi əhəmiyyət vermədən yolumuza davam etməliyik, torpaqlarımızı işğaldan azad etmək üçün daha güclü və daha mütəşəkkil olmalıyıq. Ordumuzu daha da gücləndirməliyik. Ali Baş komandanın ətrafında daha sıx birləşməliyik. Bəli, Azərbaycan ordusu dünəndən iri miqyaslı hərbi təlimlərə başlayıb. Hesab edirəm ki, məhz bu məqamda hərbi təlimlərin başlanması düşmənə yaxşı mesajdır. Əminəm ki, düşmənin bütün təxribatlarına ən yaxşı cavabı 2016-cı ilin aprelində olduğu kimi, yenə də ordumuz verəcək, münaqişədə isə son nöqtəni Azərbaycan əsgəri qoyacaq. Buna heç kimin şübhəsi olmasın".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31