Radikallar Paşinyanın Rəsulzadə ilə bağlı iddiaları qarşısında niyə susur? - ŞƏRH
19 May 2020 13:10 SiyasətSədaqət Vəliyeva: "Məgər, bu günə qədər Rəsulzadə irsini sümürən, siyasi oyun alətinə çevirən AXCP və Milli Şura deyilmi?"
Ermənistan rəhbərliyi, bu ölkənin rəsmilərinin tarixi saxtalaşdırmaq ənənəsi davam edir. Uzun illərdir ki, bu işlə məşğul olan ermənilər, işğalçı ölkənin rəhbərliyi hər saxtalaşdırmaq cəhdində də ifşa edilir, yalan və qərəz dolu fəaliyyətləri üzə çıxır. Son illərdə xüsusilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev erməni yalanlarını üzə çıxarmaq, onları ifşa etməklə işğalçı ölkəyə demək olar ki, sarsıdıcı diplomatik zərbələr vurur. Maraqlıdır ki, buna qarşılıq olaraq Ermənistan rəhbərliyi yalan və tarixi saxlaşdırmaq cəhdindən uzaq olmaq əvəzinə öz çirkin fəaliyyətini davam etdirir. Bu günlərdə erməni baş nazir Nikol Paşinyanın Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəyə dil uzatması, onu faşist Almaniyası ilə əməkdaşlıqda ittiham etməsi deyilənlərin sübutudur.
Millət vəkili Sədaqət Vəliyeva deyib ki, erməni baş naziri Nikol Paşinyanın tarixi saxtalaşdırmaq cəhdi onun prezident İlham Əliyevin erməni faşizmi ilə bağlı faktoloji çıxışları qarşısında mat vəziyyətinə düşdüyünün göstəricisidir. Millət vəkilinin sözlərinə görə, Cənab Prezident İlham Əliyev dəfələrlə beynəlxalq səviyyəli tədbirlərdə çıxışlarında, eləcə də müsahibələrində Ermənistan hakimiyyətinin qəhrəman elan etdiklərinin faşizmə xidmət etdiyini açıq şəkildə bildirib: "Bunların sırasında Paşinyanın babası və Qaregin Njde kimi hərbi cinayətkarlar da var. Hətta sonuncu dəfə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində cənab Prezident demişdi ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir. Görünür artıq dünya ictimaiyyəti Ermənistanı faşizm ideologiyasına xidmət edən ölkə kimi tanımağa başlayır. Bu səbəbdən də Paşinyan çabalayır, tarixi saxtalaşdırma yolu ilə yalan danışır, M.Ə.Rəsulzadə haqqında iftiralar uydurur".
Sədaqət Vəliyevanın sözlərinə görə, bir balaca siyasi tarixi yaxşı bilən hər kəs bilir ki, M.Ə.Rəsulzadə Paşinyanın babası və Qaregin Njde kimi hərbi cinayətlərdə iştirak etməyib: "M.Ə.Rəsulzadə Paşinyanın babası və Qaregin Njde kimi faşistlərin işğal etdikləri ərazilərdə mülki əhalinin, yəhudilərin soyqırımını prosesində rol almayıb. Müharibə illərində Rəsulzadə faşist ordusunda olmayıb. Tarixçilər daha yaxşı bilirlər, Rəsulzadə hələ o zaman başa düşmüşdü ki, almanlar Azərbaycana müstəqillik verməyəcək və bu səbəbdən də o, Almaniyanı tərk etmiş, Türkiyəyə köçmüşdü. Paşinyanın Rəsulzadə haqqında işlətdiyi ifadələr yalandır və gülüş doğurur. Paşinyan bu cür savadsızcasına və tarixi anlayışsızlıqla danışmaqla Ermənistanda qəhrəmanlaşdırılan Qaregin Njde kimilərin cinayətlərini, ona qoyduqları heykəllə bağlı beynəlxalq rüsvayçılığı ört-basdır etmək, öz aləmində Prezident İlham Əliyevə cavab vermək istəyir. Hər kəsə bəllidir ki, bir neçə il öncə Ermənistanda faşist cəllad Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyuldu. Heykəlin açılışında bu ölkənin keçmiş prezidenti iştirak etdi. Təsəvvür edin ki, Ermənistanda 6 metr hündürlüyündə heykəli qoyulmuş Njde Qaregin müharibə dövründə deyirdi ki, Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur. Təsadüfi deyil ki, müharibədən sonra o, SMERŞ tərəfindən həbs edilib, 25 il azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb. Belə bir adamı qəhrəmanlaşdırmaq təbii ki, faşizm ideologiyasına ehtiramdan irəli gəlir".
Millət vəkili deyib ki, Ermənistan hakimiyyətində təmsil olunanların faşist babalarından ibrət götürmələrini, onların əməllərini davam etdirmələrinin ən bariz nümunəsi Xocalı soyqırımıdır: "Bu arada bir xüsusi məqamı qeyd edim ki, özlərini ildə iki dəfə öldürüb Novxanıya yürüş edib, Rəsulzadənin büstü önündə beş saat yalan-palan danışan Cəmil Həsənli, Əli Kərimli və başqaları Paşinyanın iftiraları qarşısında niyə susurlar. Onlar Paşinyandan niyə çəkinirlər, qorxurlar? Məgər, bu günə qədər Rəsulzadə irsini sümürən, siyasi oyun alətinə çevirən AXCP və Milli Şura deyilmi? Nə oldu axı indi ermənilər Rəsulzadəyə iftira atanda Əli Kərimlinin, Cəmil Həsənlinin səsi çıxmır? Erməni lobbisinin pulu bu qədər şirin imiş? Erməni lobbisinin qrantları Rəsulzadədən bu qədərmi vacibdir? Görünür, Əli Kərimli, AXCP, Milli Şura üçün Rəsulzadə dəyəri də, Azərbaycan xalqı da pul qazanmaq üçün bir vasitədir".
Füzuli
Olaylar.az