“Saxtakarlıq, riyakarlıq üzərində qurulan təşkilatın sonu belə olmalıdır”
18 May 2020 14:32 SiyasətBu bir həqiqətdir ki, "Milli Şura" adlandırılan qurum milli mənafelər, vətəndaş təəssübkeşliyi, insani dəyərlər, siyasi birlik, demokratik ənənələr əsasında yaradılmayıb. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.
Komitə sədri qeyd edib ki, bu vəzifə uğrunda mübarizə aparan, şəxsi mənafeləri önə çəkən, öz masasını itirib narazı qalan, xaricdən dəstək, maliyyə vəsaiti alan və Azərbaycanın əleyhinə işləyən bir qrup dönük insanların giley-güzar məclisidir.
"Son hadisələr, "Milli Şura" yığıncaqlarında baş verən dedi-qodular, təhqirlər, küçə söyüşləri bunu deməyə əsas verir və bu, şura üzlərinin hansı səviyyəyə malik olduqlarını, kimlərə xidmət etdiklərini, nə üçün mübarizə apardıqlarını bir daha göstərir. Cəmil Həsənlinin şuranın yaradıcılarından biri sayılan Eldəniz Quliyev mövqeyindən deyil, Amerikada yaşayan, məsləyi, yolu məlum olmayan bir blogerin mövqeyindən çıxış etməsi onu deməyə əsas verir ki, şura xaricdən idarə olunur. Xaricdə yaşayan anti-Azərbaycan qüvvələrə, ölkəmizin inkişafını istəməyən müəyyən dairələrə xidmət edir. "Blogeri tənqid etməklə, özümüzə problem yaradırıq" fikrində olan və öz həmkarını tənqid edən Cəmil Həsənli yaxşı başa düşür ki, Eldəniz Quliyevi ayağa verməklə heç nə itirmir. Ancaq o Amerikadakı dostunu itirərsə müəyyən vəsaitlərdən, təmənnalardan, yalan informasiyalardan məhrum ola bilər. Eldəniz Quliyevin "Milli Şura"dan istefa verməsi siyasi elita üçün mühüm siyasi hadisə, gözlənilməz hal olmasa da, ancaq şura daxilindəki ziddiyətləri, bu qurumun iç üzünü görmək, qiymətləndirmək baxımından əhəmiyyətlidir. Özlərini xalqın cəfakeşləri adlandıran, elmləri, mədəniyyətləri, siyasi dünya görüşləri ilə öyünən bu insanlar küçə uşağı səviyyəli çıxışları, hərəkətləri, münasibətləri ilə özlərini tamamilə rüsvay edirlər. Nəinki özlərini, onlara dayaq olanları da pis vəziyyətdə qoyurlar. Bu təbiidir, çünki, əsası, bünövrəsi olmayan, saxtakarlıq, riyakarlıq, anti-milli hislər üzərində qurulan hərhansı bir təşkilatın, siyasi partiyanın, qurumun axırı belə olmalıdır. İnsanlar hadisələrə açıq gözlə baxmalıdırlar və kimin kim olduğunu anlamalıdırlar. Şəxsi məqsəd, vəzifə, var-dövlət üçün mübarizə aparanlar heç vaxt birliyə nail ola bilməzlər, xalqın dəstəyini qazanmazlar, vətənə ləyaqətlə xidmət etməzlər. "Milli Şura"nın fəaliyyəti buna əyani nümunədir", deyə Tahir Rzayev bildirib.