Azərbaycanın liderliyi, təşəbbüskarlığına verilən qiymət

"Azərbaycan hər zaman olduğu kimi pandemiya günlərində də öz təşəbbüskarlığı, liderliyi ilə seçildi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə zirvə görüşlərinin keçirilməsi, ötən gün isə CİSCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında videokonfransın baş tutması deyilənlərin əyani sübutudur". Bu fikirləri "OLAYLAR"-a Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov səsləndirib. O, bildirib ki, əslində sözügedən şirkətin rəhbərliyinin Azərbaycan dövlət başçısı ilə videokonfrans formatında görüş təklifini irəli sürməsi dövlət başçısının liderliyi, təşəbbüskarlığına olan münasibəti, qiymətidir: "Təsadüfi deyil ki,  CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer də Azərbaycan Prezidentinin pandemiya günlərində bir neçə zirvə görüşünün keçirilməsi təşəbbüsünü xüsusi vurğuladı və təqdir etdi. Xanım Kramer Cənab Prezidentə müraciət edərək bildirdi ki, COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərinizi nümayiş etdirdiniz. Çox böyük təəssürat bağışladı".

Arzuman Abdulkərimov qeyd edib ki, sözügedən şirkət dünyada texniki avadanlıqlar, yeni texnoloji modellər baxımından kifayət qədər nüfuzlu və tanınmış şirkət olduğundan CİSCO şirkəti ilə yaxından əməkdaşlıq Azərbaycan üçün də olduqca faydalıdır: "Dövlət başçısı Cənab İlham Əliyevin də qeyd etdiyi kimi istər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, istərsə də Qoşulmama Hərəkatının zirvə görüşündə məhz CİSCO şirkətinin sistemindən istifadə edilib. Bu baxımdan qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsində fayda var". AVP rəsmisi deyib ki, videokonfrans zamanı  müxtəlif istiqamətlərdə əlaqələrin perspektivləri barədə də müzakirələr aparılıb ki, bu da gələcək üçün yeni-yeni əməkdaşlıq imkanları açır: "Ümumiyyətlə, koronavirus pandemiyası hər nə qədər bütün ölkələr kimi Azərbaycana da ziyan vursa da, lakin eyni zamanda ölkəmizin liderliyini, dünyaya nümunə ola biləcəyi reallığını da ortaya qoydu, təsdiqlədi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31