ABŞ Azərbaycanın müstəqilliyini tanıyır, dəstəkləyir və sıx əməkdaşlıq edir

"Bu gün müstəqil Azərbaycan dünyada etibarlı tərəfdaş ölkə kimi tanınır. Dünya ölkələri Azərbaycana inanır və etibar edir". Bunu millət vəkili Ceyhun Məmmədov deyib. Deputatın sözlərinə görə, bu gün Azərbaycan aktiv xarici siyasət həyata keçirir və müxtəlif beynəlxalq mötəbər tədbirlərin keçirdiyi bir məkana çevrilib: "28 may Respublika Günü münasibətilə dünya ölkələrinin başçıları tərəfindən Prezident İlham Əliyevə ünvanlanan çoxsaylı təbriklər ölkəmizin nüfuzunun artdığını, etibarlı tərəfdaş kimi tanındığını bir daha təsdiq edir. Azərbaycan bütün bunlara Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət nəticəsində nail olub. Bu gün Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələr yüksək səviyyədədir. Azərbaycan Amerika ilə enerji təhlükəsizliyi və terrorizmlə mübarizə sahəsində sıx əməkdaşlıq edir və hər iki tərəf bu əlaqələri yüksək dəyərləndirir. Prezident Donald Trampın 28 may Respublika Günü münasibətilə ünvanladığı təbrikdə də qeyd edildiyi kimi, bu əlaqələrin 30 illik tarixi var. Amerika Birləşmiş Ştatları Azərbaycan müstəqilliyini elan etdiyi dövrdən ölkəmizin müstəqilliyini tanıyır, dəstəkləyir və sıx əməkdaşlıq edir. Amerika Birləşmiş Ştatları eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində, sülhə nail olunması istiqamətində aparılan danışıqlarda aktiv iştirak edir. İki ölkə arasında əlaqələrin inkişafı və gücləndirilməsi bu baxımdan da xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar isə bir daha Azərbaycanın nüfuzunun dünyada günü-gündən artdığını, dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiq edir və ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə öz töhfəsini verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31