Vaşinqton Cənubi Qafqazda Bakıya xüsusi önəm verir - SİYASİ ANALİZ
15 May 2020 16:07 SiyasətAğ Ev rəhbərinin Azərbaycan Prezidentinə məktubunda bu amil özünü təsdiqləyir
Azərbaycanın xarici əlaqələr, diplomatiya sahəsində həyata keçirdiyi uğurlu siyasəti nəticəsində rəsmi Bakının yaxın və uzaq ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığı qurulub. Yüksələn xətlə gedən və bəzi hallarda strateji tərəfdaşlıq səviyyəsinə keçən bu münasibətlərin formalaşması, inkişaf etməsində heç şübhəsiz ki, Azərbaycanın həm regiondakı yeri və mövqeyi, həm də uğurlu idarəçilik metodu, əldə etdiyi nailiyyətlər mühüm faktor rolunu oynayır.
Azərbaycanın ikitərəfli əlaqələr, ölkələrarası münasibətlər formatında Birləşmiş Ştatlarla əməkdaşlığı da mühüm əhəmiyyət kəsb edir və Vaşinqton ilə əlaqələr hər ötən gün yeni bir mərhələyə qədəm qoyur. Burada diqqət ediləsi məqam ondan ibarətdir ki, ikitərəfli əlaqələrin inkişaf etdirilməsində hər iki tərəf, Bakı ilə yanaşı Vaşinqton da maraqlıdır. Yəni rəsmi Bakı qədər, Vaşinqton da bu istiqamətdə ortaya səylər qoyur, çalışır. Bu günlərdə Birləşmiş Ştatlar prezidenti Donald Trampın Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə təbrik məktubu ünvanlaması da, bunun sübutudur. Əvvəla qeyd edək ki, bu Ağ Ev rəhbərinin Azərbaycan Prezidentinə ünvanladığı ilk məktub deyil və müntəzəm olaraq, xüsusilə əlamətdar günlərdə Ağ Evdən Bakıya bu tipli məktublar gəlir. Bu həm Vaşinqtonun ölkəmizə, həm də Azərbaycan hakimiyyətinə olan müsbət münasibətinin göstəricisi sayıla bilər ki, elə Donald Trampın İlham Əliyevə ünvanladığı məktubun mətnində yer alan bir sıra vacib məqamlar da qeyd etdiyimiz amili bir daha təsdiqləyir.
Ağ Ev rəhbərinin Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda diqqət edilməli olan vacib mıqamlardan biri ondan ibarətdir ki, Donald Tramp Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ tərəfindən güclü şəkildə dəstəkləndiyini ifadə edir. Ağ Ev rəhbərinin təbrik mıktubunda vurğuladığı suverenlik ifadəsi əslində Azərbaycan ərazilərinin toxunulmazlığı, ərazi bütövlüyümüzün dəstəklənməsi anlamını verir. Bu həm də ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğalının yolverilməzliyi mənasını əks etdirir. Eyni zamanda Birləşmiş Ştatların ərazilərimizin işğal edilməsi ilə nəticələnən Qarabağ probleminin həllində maraqlı olduğunu ortaya qoyur. Təsadüfi deyil ki, Ağ Ev rəhbərinin Cənab İlham Əliyevə ünvanladığı məktubda bu məqama da xüsusi diqqət çəkilir və Birləşmiş Ştatlar prezidenti Minsk Qrupunun həmsədr ölkəsi kimi Amerikanın münaqişənin sülh yolu ilə dayanıqlı həlli üzrə aparılan danışıqlara dəstəyini davam etdirəcəyini bəyan edir. Bu məqam münaqişənin həlli üzrə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinə dəstək verməklə yanaşı, destruktiv hərəkətləri ilə danışıqlar prosesinə xələl gətirən təcavüzkar Ermənistanın hazırkı rəhbərliyinin ünvanına ciddi mesajları özündə ehtiva edir.
Əslində Birləşmiş Ştatların Azərbaycan bu cür münasibətdə olması, regionda Bakıya xüsusi dəyər verməsi də təsadüfi deyil. Yuxarıda qeyd etdiyimiz kimi burada Azərbaycan hakimiyyətinin həyata keçirdiyi uğurlu xarici siyasət kursu önəmli rol oynaması, Bakının Vaşinqtonla əməkdaşlığa maraq göstərməsi ilə yanaşı, həm də Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi dəstək də önəm daşıyır. Belə ki, Azərbaycan beynəlxalq terrorçuluq, radikalizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıq, Əfqanıstan da daxil olmaqla dünyanın həssas bölgələrində çoxtərəfli sülhməramlı əməliyyatlara dəstək verir. Həm də bu dəstəyi on illərdir ki, davam edir. Eyni zamanda qlobal inkişafa yardım, enerji infrastrukturlarının genişləndirilməsi kimi istiqamətlər üzrə ABŞ-la sıx əməkdaşlıq edir, bu prosesə öz töhfələrini verir. Ən son dünyanı bürüyən koronavirus pandemiyası günlərində Azərbaycanın da Birləşmiş Ştatlar kimi dünya nəhəngi ilə bərabər bu virusdan ciddi əziyyət çəkən ölkələrə dəstək verdiyini gördük və heç şübhəsiz ki, Ağ Evdən Bakıya olan yüksək diqqət, münasibət də məhz bu amil də mühüm rol oynayır. Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, sadaladığımız faktorlardan dolayı Vaşinqton tərəfindən Azərbaycana Cənubi Qafqazda xüsusi önəm verilir.
Məhəmməd
Olaylar.az