Dövlət koronavirusla mübarizədə bütün vasitələrdən istifadə etdi - RƏY
15 May 2020 13:55 Siyasətİndi məsuliyyət insanların üzərindədir, infeksiyanın vaksini tapılmayana qədər mübarizə aparılmalıdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqət və qayğısı sayəsində koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması üçün geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir. Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində bütün dünya önəmli bir mərhələni arxada qoymaqdadır. İlk dəfə olaraq bütün dünya ümumbəşəri bir bəlaya qarşı möhtəşəm həmrəylik nümayiş etdirdi. Bu, dünyanın gələcək taleyi ilə bağlı çox vacib sınaq idi. Azərbaycan da bu sınaqdan ləyaqətlə çıxdı. Ölkə başçısı İlham Əliyevin dövlətin və xalqın sağlamlığı, bu bəladan minimum itki ilə çıxması üçün qəbul etdiyi operativ və önləyici qərarlar qısa vaxtda öz nəticəsini verdi. Lakin bununla kifayətlənməyən prezident İlham Əliyev koronavirus pandemiyasından zəiyyət çəkən ölkələrə yarım etməyi mənəvi haqq hesab edir. Məlumat üçün qeyd edək ki, koronavirus pandemiyası eyni zamanda, ölkədaxili bir çox məsələlərə aydınlıq gətirdi. Birincisi, dövlətimizin başçısı bütün gücü ilə xalqının yanında oldu və onun son illər xeyli yenilənmiş komandası bu ekstremal vəziyyətdə etimadı tam doğrultdu. İkincisi, xalq ölkə rəhbərinin və bütün hakimiyyətin yanında dayandığını əyani şəkildə sübut etdi və dövlətin qəbul etdiyi bütün qərarlara əməl elədi. Ən əsası isə, bütün bunlar dünyanın gözü qarşısında baş verdi və bu, illərdən bəri Azərbaycan haqqında mənfi fikir formalaşdırmağa çalışan bəzi qüvvələrə tutarlı mesaj oldu. Hazırda ölkəmiz xüsusi karantin rejiminin yumşaldılması mərhələsinə qədəm qoyub ki, bu, pandemiyaya qarşı aparılan uğurlu mübarizənin ilkin nəticəsidir. Lakin bununla əlaqədar əhalidə sanki təhlükənin sovuşduğu əhval-ruhiyyəsi hiss olunmaqdadır ki, bu da son dərəcə təhlükəli tendensiyadır və son iki ayda bu mübarizədə qazanılan bütün uğurlara kölgə sala bilər. Ona görə də əhali xüsusi karantin rejiminin yumşaldılmasını layiqincə qiymətləndirməli və bu yumşalmanın davamlı olmasına bacardığı qədər kömək etməlidir. Əks təqdirdə, əhali arasında virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər.
Millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva qeyd edib ki, dünyanın heç bir inkişaf etmiş ölkəsində Azərbaycanda olduğu kimi yoluxan xəstələrə diqqət və qayğı göstərilmir. Millət vəkili vurğulayıb ki, ilk olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Sumqayıtda "Gilan Tekstil Park" MMC-nin tibbi maska fabrikinin, tikiş fabrikində fəaliyyət göstərən qoruyucu kombinizonların istehsal müəssisəsinin açılışında iştirak etdilər ki, bu, koronavirusla mübarizə fonunda Prezident İlham Əliyevin iştirak etdiyi dördüncü müəssisədir: "Bununla yanaşı yeni klinika açıldı və baxmayaraq ki, digər profil üçün açılışı sentyabrda nəzərdə tutulmuşdu, lakin, Prezidentin təşəbbüsü ilə COVID-19-lu xəstələrin oraya yerləşdirilməsi göstərişi verildi. Bütün bunların hamısı bir daha onu göstərir ki, ölkə rəhbərliyi Azərbaycan vətəndaşının sağlamlığı naminə bütün vasitələrdən istifadə edir və çox qətiyyətli addımlar atır. Dünyada koronavirus pandemiyası yayılmağa başladığı gündən buna ilk ciddi reaksiya məhz, Azərbaycan Respublikası tərəfindən gəldi. Bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən bir sıra göstərişlər verildi, Operativ Qərargah yaradıldı, təhsil müəssisələrinin fəaliyyəti dayandırıldı, sərhədlər bağlandı və digər bu kimi tədbirlər həyata keçirildi, bununla da az itkilərlə koronavirusla mübarizə aparmış oluruq". Kamilə Əliyeva əlavə edib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun da yaradılması dünyada müsbət mənada əks-səda yaratdı, hansı ki, daha sonra bir çox dünya ölkələri Azərbaycanın bu təcrübəsindən nümunə götürdülər: "Ölkəmizdə ilk koronaviruslu xəstə müəyyən ediləndən xəstəxanalar hazırlıq səviyyəsinə gətirildi və bu istiqamətdə işlər davam etdirildi. Hətta, Ümumdünya Səhiyyə Təşkilatı da dəfələrlə Azərbaycanda görülən işləri yüksək dəyərləndirdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi ölkədə 23 laboratoriya fəaliyyət göstərir, burada testlər aparılır və testlərin sayı hər gün artırılır. Bunun da nəticəsində xəstəliyin qarşısının alınması daha səmərəli olur. Milyon nəfərə düşən testlərin sayına görə də, Azərbaycan lider ölkələr sırasındadır. Həmçinin, 10 modul tipli xəstəxananın tikilməsi üçün də qərar qəbul edildi. Bunun üçün 14 milyon manat vəsait ayrılıb. Eyni zamanda onlardan birinin açılışı da bu yaxınlarda oldu və burada Prezident İlham Əliyev də iştirak etdi. Xəstəxanaların paytaxtla yanaşı bölgələrdə də inşanı nəzərdə tutulub. Sonda insanlara üzümü tutub demək istərdim ki, dövlət koronavirusla mübarizədə bütün vasitələrdən istifadə etdi və hər bir şəraiti yaratdı. Dünya ölkələrindən heç bir inkişaf etmiş ölkədə Azərbaycanda olduğu kimi yoluxan xəstələrə diqqət və qayğı göstərilmir. Əlbəttə ki, bu bir nümunədir. Hazırda məsuliyyət insanların üzərindədir. Bu infeksiyanın vaksini tapılmayana qədər bununla mübarizə aparmalıyıq. Qaydalara riayət etməliyik".
Nurlan
Olaylar.az