Prezidentdən vacib mesajlar

İlham Əliyev: "Rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq"

Dövlət başçısının rəhbərliyi altında ölkədə uğurlu islahatlar həyata keçirilir. Hər bir sahəni əhatə edən islahatlar öz xüsusiyyətlərinə, özəlliyinə görə fərqlənir. Əgər siyasi sahədə həyata keçirilən islahatlarda plüralizmin daha da möhkəmlənməsi hədəfdirsə, sosial islahatlarda əhalinin rifah halının daha da yaxşılaşdırılması başlıca prioritetdir. Kadr islahatlarında əsas diqqət çəkən məqam isə nisbətən yaşlı kadrların gənclərlə əvəzlənməsidir. Ötən müddət ərzində bir neçə rayon icra hakimiyyəti başçısı vəzifəsinə gənclərin təyinat alması bunun əyani sübutudur. Ötən gün isə dövlət başçısı daha bir gəncə etimad göstərib. Belə ki, Cənab Prezident Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib. Dövlət başçısı ənənəvi olaraq bu dəfə də yeni təyin etdiyi icra başçısına videoqəbul yolu ilə öz tövsiyələrini verdi.

Dövlət başçısının videoqəbul zamanı etdiyi çıxışda bir sıra vacib məqamlar diqqət çəkdi.  Prezident İlham Əliyevin fikirlərindən aydın oldu ki, dövlət idarıçiliyində gəncləşmə prosesi bundan sonra da davam edəcək. Yəni, dövlət idarəçiliyində gəncləşmə vacibdir. Çünki nisbətən yaşlı kadrlar yeni dövrlə ayaqlaşa bilmir, idarəetməyə heç bir yenilik gətirmirlər. Ancaq gənc, bacarıqlı kadrlar daha çevik və səmərəli işləməklə həm onlara göstərilən etimadı doğruldur, həm də öz bacarıqlarını, potensiallarını ortaya qoyurlar.  Gənclərin cəmiyyətin aktiv təbəqəsi olduğunu nəzərə alaraq da onların müxtəlif vəzifələrə cəlb edilməsinin uğurlu addım olduğunu söyləyə bilərik. Təsadüfi deyil ki, dövlət başçısı da yeni icra başçısı ilə videoqəbul zamanı bu fikri xüsusi olaraq vurğuladı. Prezident bildirdi ki, gənclər cəmiyyətimizin fəal təbəqəsidir və gənclər son illər ərzində ictimai həyatda çox fəal rol oynayırlar".

Prezidentin yeni icra başçısı ilə videoqəbulda diqqət etdiyi ikinci mühüm məqam məcburi köçkünlərlə bağlı oldu. Ümumiyyətlə, dövlət başçısı 2003-cü ildən, ölkə prezidenti seçildiyi gündən əhalinin bu həssas təbəqəsinə xüsusi diqqət yetirib, qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həlli məqsədilə davamlı addımlar atıb, fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının bu yüksək mərtəbəyə seçilən ilk gündən ölkədə çadır şəhərciyinin qalmayacağını bəyan etməsi və bunu ötən müddət ərzində həyata keçirməsi, həmçinin zaman-zaman bu istiqamətdə atılan addımlar və hər il bu təbəqədən olan şəxslər üçün yeni yaşayış binalarının tikilib istifadəyə verilməsi Cənab Prezidentin qaçqın və məcburi köçkünlərə nə dərəcədə həssa yanaşdığının göstəricisidir. Elə dövlət başçısı yeni icra başçısı Azər Qocayevə tapşırdı ki, ilk növbədə, məcburi köçkünlərə böyük diqqət göstərilsin: "Dövlət xətti ilə məcburi köçkünlərə çox böyük diqqət göstərilir. Fəaliyyətimizin bu istiqaməti 2003-cü ildə mənim Prezident kimi fəaliyyətə başladığım dövrdən əsas xətt kimi davam edir. Mən o vaxt demişdim ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Ancaq biz buna dörd il ərzində nail ola bildik. 2007-ci ildə artıq Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmamışdı". Prezident onu da bildirib ki, bu gün 300 mindən çox məcburi köçkün evlərlə, mənzillərlə təmin edilib: "Təkcə keçən il 5 min köçkün ailəsi üçün mənzillər tikilibdir. Bu il isə bu rəqəm 7 minə və ola bilər 8 minə çatacaq. Ona görə dövlət öz üzərinə düşən bütün vəzifələri icra edir".

Cənab Prezidentin məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarının hansısa yolla mənimsənilməsinə diqqət çəkməsi də təsadüfi deyildi. Dövlət başçısı bununla həm də indiyə qədər bu sahədə haqsızlığa, ədalətsizliyə yol vermiş şəxslərin iç üzünü açıb göstərir, cəmiyyətə bəlli edirdi. Prezidentin fikirlərindən aydın oldu ki, məcburi köçkünlər üçün tikilmiş yaşayış binalarında heç də əksər hallarda bu təbəqədən olmuş insanlar məskunlaşmayıb. Hətta hansısa maddiyat qarşılığında tamamilə fərqli insanlar bu binalardan mənzil əldə edə biliblər: "Bu il köçkünlərə 8 minə yaxın mənzil veriləcək. Bu mənzillərin verilməsində tam şəffaflıq olmalıdır. Həm Dövlətqaçqınkom və eyni zamanda, yerli icra orqanları burada birgə işləməlidirlər. Köçkünlərin dəqiq uçotu aparılmalıdır. Əfsuslar olsun ki, əvvəlki illərdə bu uçot lazımi səviyyədə aparılmırdı. Belə məlumatlar var ki, bəzən qəsdən aparılmırdı. Çünki dəqiq uçotun olmaması müxtəlif manipulyasiyaya yol açırdı. İndi biz araşdırma, təftiş aparırıq, görürük ki, köçkünlər üçün tikilmiş evlərdə bəzi hallarda heç köçkün statusuna aid olmayan insanlar yaşayır. İndi biz bəzi ictimai binaları boşaldırıq, köçkünləri yeni mənzillərə köçürürük, sonra da görürük ki, - məsələn, bu yaxınlarda mənə məlumat verildi, - bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər. Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır. Belə hallar var. Mənzillərin bölgüsündə mənfi hallar kifayət qədər çox idi. Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar. Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır. Ona görə, ilk növbədə, dəqiq uçot aparılmalıdır. Dövlətqaçqınkoma bu məsələ ilə bağlı göstərişlər verilib. Aidiyyəti yerli icra orqanlarının rəhbərliyi bu məsələdə çox diqqətli olmalıdır və bu işlər birgə tənzimlənməlidir".

Və nəhayət, dövlət başçısının diqqət etdiyi üçüncü vacib məqam korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə bağlı idi. Prezidentin söylədiklərindən aydın oldu ki, bundan sonra da Azərbaycanda korrupsiyaya qarşı mübrizə amansız olacaq: "Xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır. Bu mübarizə bu gün öz nəticələrini verir. Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Bugünkü mənzərə bunu göstərir. Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır. Yəni, kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər. Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. Tutulan o beş icra hakimiyyəti başçısının beşi də bu çirkin əməllərlə məşğul olub. Biz bu vəsaiti ona görə ayırırıq ki, bu gün özünə iş tapa bilməyən adam heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Bunlar ona da göz dikiblər. Yəni, gözləri doymur. Bu, bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək. Ancaq bəziləri hesab edirdi ki, bu, onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksəkvəzifəli şəxslər. Mən demişəm ki, bu, olmayacaq. Həyat da bunu göstərdi. Ödəniş kartlarının, sosial yardımın oğurlanması bu cinayətin hələ cüzi bir hissəsidir".

Sadaladığımız üç əsas məqam isə ümumilikdə dövlət başçısının məmurlara, icra hakimiyyəti başçılarına daha bir xəbərdarlığı da sayıla bilər. Əslində Cənab Prezident bütün bu tipli görüş və toplantılarda eyni xəbərdarlığı edir. Dövlət başçısının bu xəbərdarlıqlarından nəticə çıxaran da olur, olmayan da. Prezidentin xəbərdarlıqlarından nəticə  çıxarmayanların taleyini isə DTX əməliyyatları həll edir. Və prezidentin fikirlərindən anlaşıldı ki, bu kimi təmizləmə əməliyyatları hələ bir müddət də davam edəcək: "Mən, eyni zamanda, demişdim ki, xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da var, siqnallar var, məlumatlar daxil olub. Demişdim, xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki, bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar. Ona görə siz gənc kadr kimi icra başçısı vəzifəsində bu amilləri daim nəzərdə saxlamalısınız. Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət - budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31