Deputat: “Azərbaycanda rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır”

"Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz islahatların yeni mühüm mərhələsinə qədəm qoyub. "ASAN" Xidmət modelinin yaradılması, bir neçə dövlət qurumunun birləşdirilməsi, yeni strukturların yaradılması, gənclərin mühüm postlara təyinatı bu fikri bir daha təsdiq edir". Bunu millət vəkili Ceyhun Məmmədov deyib. Deputatın sözlərinə görə, son bir ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Nazirlər Kabinetində, eləcə də digər dövlət qurumlarında ciddi struktur islahatları həyata keçirilib: "Bu islahatlar Azərbaycan Respublikasının Milli Məclisini də əhatə edib, Milli Məclisin tərkibi yenilənib, çoxlu sayda gənc nəslin nümayəndəsi bu quruma üzv seçilib, həmçinin parlamentin rəhbərliyinə müxalifət nümayəndələri gətirilib. Bu Azərbaycanın müstəqilliyi tarixində mühüm yeniliklərdən və hadisələrdən sayılır.

Son bir ildə müxalifət partiyaları ilə intensiv dialoqa başlanılıb. Müxalifət partiyalarının rəhbərləri ilə Prezident Administrasiyasında geniş müzakirələr aparılıb. Bu gün islahatlar sahəsində diqqət çəkən məqamlardan biri də bilikli və perspektivli gənc kadrların idarəçiliyə cəlb olunmasıdır. Son bir ildə çoxlu sayda gənc müxtəlif strukturlarda idarəçiliyə cəlb olunub. Hazırda bu siyasət uğurla davam etdirilir və bu idarəçiliyə öz müsbət təsirini göstərir. Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. Son həbslər ölkəmizdə bu bəlaya qarşı ciddi mübarizənin aparıldığını göstərir. Əsas məqsədlərdən biri rüşvətxorluğun Azərbaycan cəmiyyətinin həyatından tamamilə çıxarılması və şəffaflığın təmin olunmasıdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, kimliyindən asılı olmayaraq bu cinayətə yol verən hər kəs ciddi şəkildə cəzalandırılır. İslahatlar iqtisadiyyat sahəsini də əhatə edir. Bir neçə dövlət qurumunun İqtisadiyyat Nazirliyinə, Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Banka birləşdirilməsi idarəetmənin optimallaşdırılmasına, iqtisadiyyatın inkişafına və biznes mühitinə öz müsbət təsirini göstərir. Bir sözlə islahatlar bütün sahələrdə sürətlə davam edir və Azərbaycan cəmiyyəti bu islahatları dəstəkləyir. Bütün bu addımlar Azərbaycanda iqtidar xalq birliyinin güclənməsinə, idarəçiliyin təkmilləşdirilməsinə, ölkəmizin iqtisadiyyatının daha da inkişafına öz mühüm töhfəsini verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31