Şeyx Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının videokonfransında iştirak edib
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının videokonfrans formatında keçirilən onlayn sessiyasının iclasında iştirak edib.
14 May 2020 10:56 SiyasətQafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının videokonfrans formatında keçirilən onlayn sessiyasının iclasında iştirak edib.
"OLAYLAR" xəbər verir ki, Şeyxülislam həzrətləri ilə bərabər Direktorlar Şurasında təmsil olunan Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının prezidenti Kardinal Migel Ayuso, Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Kenterberi Arxiyepiskopunun Dinlərarası məsələlər üzrə katibi, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Shanti Ashram təşkilatının direktoru dr. Kezevino Aram, habelə Beynəlxalq Mərkəzin məsul əməkdaşları videokonfransda iştirak ediblər. Onlayn sessiya məhsuldar keçib.
QMİ sədri Şeyxülislam həzrətləri videokonfrans iştirakçılarına məlumat verib ki, Ramazan ayının sabahkı günü Azərbaycandakı dini konfessiyaların başçıları həmrəylik nümayiş etdirərək oruc tutub İftar süfrəsinə təşrif buyuracaqlar. Bu məclisdə birgə dualar ediləcək, Uca Yaradandan Vətənimiz və bütün dünyanın salamatlığı, ümumi bəladan xilas olmamız üçün ümumi istəklərimiz dilə gətiriləcək, Xaliqimizə xoş gedən dinlərarası dialoq və konfessiyalararası mənəvi harmoniya bariz nümayiş etdiriləcək. Videokonfransa rəhbərlik edən Mitropolit Emmanuel bu təşəbbüsü yuksək dəyərləndirib və Şeyxülislam A. Paşazadədən xahiş edib ki, birgə dua mərasiminin iştirakçılarına KAICIID üzvlərinin salamlarını və ən xoş arzularını yetirsin.
Məlumat üçün bildirək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunub və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qərargahı Vyana şəhərində yerləşir.