Prezident İlham Əliyev tərəfindən aparılan siyasi kurs bir daha sübut etdi ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır
13 May 2020 10:54 SiyasətHər bir xalqın tarixdəki yeri və rolu mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə müdrikcəsinə və uzaqgörənliklə sabit dövlətçilik ənənələri yaratmış dahi şəxsiyyətin fövqəladə missiyası ilə şərtlənir. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Ümummilli liderin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir. Məlum olduğu kimi, son aylar bütün bəşəriyyət görünməz bir düşmən olan koronavirus pandemiyasına qarşı mübarizə aparır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atılmışdır. Həmçinin bu istiqamətdə ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynamışdır. Görülən qabaqlayıcı tədbirlər Qaradağ rayonunda yaşayan Qarabağ müharibəsi əlilləri, veteranlar və şəhid ailələri tərəfindən də rəğbətlə qarşılanır. Bu virusa qarşı mübarizə çox yüksək səviyyədə təşkil olunub. İlk növbədə Respublika ərazisində xüsusi karantin rejimi yaradılmışdır. İşləyən vətəndaşlara evdə qalmaqla əmək haqlarının verilməsi, 600 min işləməyən əhaliyə 190 manat civarında aylıq birdəfəlik ödəmənin verilməsi, 90 mindən çox yeni haqqı ödənilən ictimai iş yerlərinin açılması, eləcə də, aztəminatlı ailələrə ərzaq yardımının verilməsi ölkə rəhbərliyinin Azərbaycan xalqına olan böyük sevgisindən irəli gəlir. Prezidentimiz bir daha sübut etdi ki, onun siyasətinin əsasını Azərbaycan xalqının sağlamlığı və firəvan həyat tərzi təşkil edir. Eyni zamanda ölkənin bu ağır pandemiya dövründə xalqa xəyanət edən, hətta aztəminatlı ailələrə ayrılan dövlət yardımını mənimsəyən bəzi şəhər və rayon İcra hakimiyyəti rəhbərlərinə qarşı amansız və təxirəsalınmaz tədbirlər görülür. Prezident İlham Əliyevin respublikamızın yüksəlişinə xidmət edən siyasi kursunun uğurla reallaşması istiqamətində, cəmiyyətdə qanunçuluğun, ictimai-siyasi sabitliyin, əmin-amanlığın, hər kəsin hüquq və mənafeyinin qorunmasına əzmlə xidmət edir. Bu da sözsüz ki, cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır, vətəndaşlarımızın bütün sahələrdə şəffaflığın, ədalətin daim zəfər çalacağına, qanunun aliliyinə olan inamlarını daha da artırır. Son 17 ildə Prezident İlham Əliyev tərəfindən aparılan siyasi kurs bir daha sübut etdi ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır. Cari ilin əvvəlindən başlayaraq isə respublikamızda islahatların əhatə dairəsi daha da genişlənib. Görülən işələr, aparılan siyasət göz önündədir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon filialının bütün üzvləri bu və digər görülən tədbirləri dəstəkləyirik. İnanırıq ki, xalqımızın bu ağır vəziyyətdən çıxması üçün dövlət tərəfindən görülən tədbirlər öz müsbət nəticəsini verəcəkdir.
Maqsud Heydərov
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri İctimai
Birliyinin Qaradağ rayon filialının sədri