Üç ölkənin parlament komitəsi onlayn görüş keçirəcək

"Azərbaycan tərəfi olaraq, Türkiyənin Böyük Millət Məclisinin Xarici İşlər Komissiyasının rəhbəri Volkan Bozkır və Gürcüstan Parlamentinin xarici əlaqələr Komitəsinin sədri İrakli Beraia ilə danışıqlarda növbəti iclasın onlayn rejimdə keçirilməsini təklif etdim. Hər iki həmkarım bu təklifə müsbət yanaşdı. Beləliklə də, mayın 12-də onlayn rejimdə Azərbaycan-Türkiyə-Gürcüstan arasında keçiriləcək üçtərəfli iclasda ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələrimiz geniş şəkildə müzakirə ediləcək". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov əlavə edib ki, dünyanın bir sıra ölkələrində COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərə dair Azərbaycanın təcrübəsinin, elan edilmiş karantin rejiminin, bu rejimin yumşaldılması ilə əlaqədar meydana çıxan təhlükənin də müzakirə obyekti olacaq: "İclasda, həmçinin Prezident İlham Əliyevin bu yaxınlarda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü və Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn Zirvə görüşündə təqdim etdiyi, Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə üsulları və təcrübəsi də həmkarlara çatdırılacaq. O cümlədən postpandemiya dövründə infeksiyanın ikinci dalğasının qarşısını almaq istiqamətində birgə fəaliyyətdə parlamentlərin rolunu müzakirə etmək niyyətindəyik. Heç kim üçün sirr deyil ki, bu dəhşətli infeksiya hələ də böyük təhlükə mənbəyi olaraq qalır. Karantin rejiminin yumşaldılması zamanı lazımi qaydalara riayət edilmədiyi halda təhlükə artmaqda davam edəcək. Buna görə də Prezident İlham Əliyevin dediyi kimi, "Bu bəlanın bir əlacı var, o da birgə fəaliyyətdir". Üç ölkənin parlament nümayəndələri olaraq bu birgə fəaliyyəti müzakirə etmək niyyətindəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31