HEYDƏR ƏLİYEV: Azərbaycanın Günəş Tacı - Yəhya Babanlı yazır
10 May 2020 03:51 SiyasətYəhya Babanlı
Heydər Əliyev öz mistik qüvvəsi ilə uzaqda olmayan və cəzb edən Dühadır. Necə ki, Günəş Yerə ən yaxın ulduzdur, Günəşin cazibə qüvvəsi Yerin cazibə qüvvəsindən dəfələrlə çoxdur. Məhz 97 il bundan əvvəl, 1923-cü il 10 may tarixində Ulu Yaradanın lütfü ilə Odlar Yurdunda - "Od tutub qırmızı atəşlə yenə yanan və Şəfəqin qırmızı rəngilə işıqlanan üfüq" yenidən alovlandı "Buludlar dağlara yavıqlaşdıqca kənarları ağarıb gümüş kimi şəfəq verdi". Bu müqəddəs məmləkətdə əbədiyyət Günəşi doğdu və bütövlükdə bir xalqın taleyində parladı. Möcüzə ondadır ki, milli mayə-qayədən sehrlənmiş "Günəş" qürub etməyəcək, Yer öz oxu ətrafında fırlansa da, həmin "Günəş" üfüqün aşağısında qeyb olmayacaqdır. Heç vaxt sönməyəcək və daim şəfəq saçacaqdır. Bütöv parametrləri ilə rəğbət və şöhrət qazanmış Böyük Heydər Əliyevin 7 ən yüksək xüsusiyyət və keyfiyyəti örnəkdir: 1. Vətənpərvərliyi - cismən Vətən təssübkeşliyi (Azərbaycan şeirini deyəndə kövrəlməsi); 2. El-obasına qarşı empatiyası - doğulduğu diyara ruhən məhəbbət bəsləməsi (Naxçıvandan danışanda səsinin titrəməsi); 3. Müəlliminə olan ehtiramı - daim müəllimlərini yad etməsi (Naxçıvana hər səfəri zamanı müəllimləri ilə görüşməsi); 4. Ailə dəyərlərinə hörməti - ailəsinə bağlılığı (sevgisinə sədaqət, övladlarına məhəbbəti); 5. İnsanpərvərliyi - səmimiyyəti başlıca meyar götürməsi (sadən insanlarla söhbətləşəndə belə onların könlünə enməsi); 6. Mərd-mərdanəliyi - cəsarətli, prinsipial olması (çəkinmədən məqsədinə doğru irəliləməsi); 7. Dağlıq Qarabağa xüsusi münasibəti - həssas yanaşması (məcburi köçkün ailəsinin toy mərasimində iştirakı). Bütün bunlar bir insanda cəmləşən ali mənəvi-əxlaqi üstünlüklərdir. Elə ona görə Heydər Əliyev müasir Azərbaycan boyda, dünyada yaşayan azərbaycanlılar qədərdi. Müstəqil Azərbaycana sübh çağını yayan və azərbaycanlılara yeni həyat verən Günəş Tacıdı...
Qeyd: Adi müşahidə zamanı Günəş tacını ancaq tutulma əsnasında görmək olar.