Azərbaycan İkinci Dünya müharibəsində qələbəyə sanballı töhfə verib

İlham Əliyev: "Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir"

Azərbaycvan Prezidenti İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsi səciyyəvi xarakter daşıyır. Dövlət başçısı müsahibəsində Azərbaycan dövlətinin tarixən və müasir dövrdə dünya xalqlarının ən çətin vəziyyətində belə öz yardım əlini uzatması faktı xüsusilə qabardılır. Təkcə İkinci Dünya Müharibəsi və koronavirus pandemiyasının yayıldığı bir məqamda Azərbaycan dövlətinin etdiyi yardımlar, ortaya qoyduğu təşəbbüslər ölkəmizin baş verən qlobal hadisələrdə, eləcə də  humanitar fəlakətlərdə rolunu necə əhəmiyyətli olduğu önə çıxır. Dövlət başçısının qeyd etdiyi Azərbaycan xalqı öz oğul və qızlarının həyatı, müəssisələrin gecə-gündüz işləməsi hesabına Qələbəyə mühüm töhfə verib" və "Müharibə illərində Azərbaycan yanacağın ən mühüm təchizatçısı olub" fikri ölkəmizin faşizm işğalına qarşı müharibədə əhəmiyyətini təsdiq etmiş olur. Məlumat üçün qeyd edək ki, müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilib. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə gedib, onlardan 300 mini geriyə qayıtmayıb. Buna baxmayaraq Azərbaycan xalqı xidmətləri layiqincə qiymətləndirilən 123 Sovet İttifaqı Qəhrəmanı ilə fəxr edir. Bu bir həqiqətdir ki, Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra 9 May Günü bayram təqvimində bərpa olunub. Hazırda hər il veteranlar üçün mükafatlar ayrılır, onların problemləri həll olunur. 2020-ci ildə mükafatın məbləği 1500 manat olacaq. Dövlət başçısı qeyd edib ki, bəzi ölkələrdə baş verənlər, İkinci Dünya müharibəsi iştirakçılarının abidələrinə qarşı vandalizm aktı, faşistlərə heykəllər qoyulması nifrət və ikrah hissi oyadır: "Bu meyillər pislənməli, bu cəhdlərə son qoyulmalı və dünya liderləri bu barədə daha açıq danışmalıdırlar".

Müsahibədə Prezident İlham Əliyevin Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması barədə səsləndirdiyi fikirlər xüsusilə vurğulanmalıdır. Dövlət başçısı qeyd edib ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir: "Bir neçə il bundan əvvəl Ermənistanda faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub, heykəlin açılışında bu ölkənin keçmiş prezidenti iştirak edib. Ermənistanın yeni, özünü demokratik kimi göstərməyə çalışan rəhbərliyinin bu canini müdafiə etməsi göstərdi ki, bu ölkədə hakimiyyət dəyişə bilər, lakin rejimin mahiyyəti əvvəlki kimi qalır. Ermənistanda Böyük Vətən müharibəsi qəhrəmanları olmayıbmı? Bəs Armavirdə erməni kilsəsinin yaxınlığında nə üçün onlara yox, faşist caniyə xatirə lövhəsi vurulub? Hər bir ölkə bu məsələyə öz münasibətini selektivlik, siyasi korrektlik mülahizələrinə görə deyil, birbaşa və açıq şəkildə bildirməlidir. Ermənistanda bir tərəfdən deyirlər ki, onlar Qələbənin yubileyini bayram edəcəklər, amma digər tərəfdən faşistin abidəsi önünə gül qoyurlar. Bu, ən azı ziddiyyət, əslində isə riyakarlıq təzahürüdür". Etiraf edilməlidir ki, dövlət başçısının bu fikirləri Ermənistan dövlətinin qəsbkar siyasətini dünyaya bəyan etmiş olur.

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31