Sahibə Qafarova: “Yaxın zamanda Azərbaycan tarixinə yeni bir qələbə günü daxil olacaq”

Mayın 8-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasa sədrlik edən spiker Sahibə Qafarova qeyd edib ki, bugünkü iclasımız həm kədərli, həm də əlamətdar hadisələr ətrafında keçirilir:  "Bu gün Azərbaycanın mədəniyyət mərkəzi olan  Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 28 il ötür. Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi və yerli azərbaycanlıların ata-baba torpaqlarından qovub çıxarmaq üçün həyata keçirilən hərbi təcavüzün növbəti mərhələsini təşkil edib". Ardınca  Şuşa sakini Əsra Məmmədli çıxış edib. O, ata-anasının Şuşa ilə bağlı xatirələrini danışıb. Əsra Məmmədlinin təsirli çıxışı deputatları kovrəldib. Sonda deputatlar şuşalı Əsra Məmmədlini ayaq üstə alqışlayıblar. Spiker təklif edib ki, Şuşa şəhərinin işğalı zamanı şəhid olmuş qəhrəman insanların ruhu bir dəqiqəlik sükutla yad edilsin. Millət vəkilləri Şuşada şəhid olmuş, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

S.Qafarova əlavə edib ki, mayın 9-da həm də biz faşizm üzərində Qələbənin 75 illiyini qeyd edəcəyik. Qələbənin əldə edilməsinə Azərbaycan xalqı böyük töhfələr verib. Bu məqamda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bir çıxışında söylədiyi fikri xatırlatmaq istəyirəm: "Tarix bu gün də bilməlidir ki, Azərbaycanın İkinci Dünya müharibəsində xidmətləri, fəaliyyəti və rolu çox böyük olmuşdur". Spiker xatırladıb ki, müharibə dövründə Azərbaycandan 680 mindən çox adam cəbhəyə aparılmışdı: "Onların 40 min nəfəri cəbhəyə könüllü getmişdi: 320 minə qədər həmvətənimiz döyüş meydanlarından geriyə qayıtmayıb. Müharibə illərində əsgərlərimiz böyük qəhrəmanlıq göstəriblər. 400 mindən çox azərbaycanlı döyüş ordenləri və medalları ilə təltif edilib, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanda 5 milli diviziya təşkil edilmişdi. Bu diviziyalardan biri - məşhur 416-cı Azərbaycan Taqanroq diviziyası Berlinə ilk daxil olan hərbi birliklərin sırasında olmuşdu". Onun sözlərinə görə, Azərbaycanın oğul və qızları faşizmə qarşı müqavimət hərəkatında da fəal iştirak ediblər: "Onlar müxtəlif ölkələrdə partizan dəstələrində vuruşublar. Təkcə Fransanın antifaşist hərəkatında 3 mindən çox azərbaycanlı iştirak edib. Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı ordunun ehtiyaclarına uyğunlaşdırılmışdı. Bakıdan cəbhəyə 75 milyon ton neft və 22 milyon ton benzin göndərilmişdi. O dövrdə döyüşlərdə iştirak edən hər 5 təyyarədən, tankdan, avtomaşından və hərbi gəmidən dördü Azərbaycanda istehsal edilən yanacaqla işləyirdi. Azərbaycan müəssisələrində 130 növ silah, sursat və başqa hərbi ləvazimat istehsal edilirdi". S.Qafarova deyib ki, bu gün müharibə veteranları cəmiyyətin ən hörmətli üzvləri kimi dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub: "Azərbaycan Prezidentinin sərəncamları ilə onlara, eləcə də müharibədə həlak olmuş və ya vəfat edən döyüşçülərin dul arvadlarına və arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilən şəxslərə mütəmadi maddi yardım verilir. Bununla yanaşı, müharibə veteranları mənzil və fərdi minik avtomobilləri ilə təmin olunur və digər güzəştlərdən istifadə edirlər. Biz əminik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanda Azərbaycan tarixinə yeni bir qələbə günü, erməni faşizminin məğlub edilməsi, Qarabağın azad edilməsi, haqq-ədalətin bərpa olunması ilə bağlı bayram günü daxil olacaq".

S.Qafarova həmçinin qeyd edib ki, mayın 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 97 illiyi tamam olacaq: "Heydər Əliyev Azərbaycan xalqının öz tarixi ərzində yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Xalqımızın yaradıcı zəkasını və enerjisini təcəssüm etdirən ulu öndər millətimizin şərəf və ləyaqət rəmzinə çevrilib. Onun sayəsində xalqımız əvvəlcə dövlət müstəqilliyinin möhkəm təməlini yaradıb, sonra isə müstəqil milli dövlətçiliyini qoruyub saxlayıb və ardıcıl inkişaf yoluna çıxarıb. 1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəllərində ulu öndərin hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın çox ağır sınaqlara çəkildiyi dövrlərə təsadüf edib. Hər dəfə də Heydər Əliyev ona bəslənən ümidləri doğruldaraq, xilaskarlıq və quruculuq missiyasını uğurla həyata keçirmiş və əsl milli lider olduğunu sübuta yetirib. Ulu öndərin zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövləti bu gün etibarlı əllərdədir, başladığı bütün işlər eyni əzm və iradə ilə davam etdirilir".

S.Qafarova qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevirib: "Azərbaycanın xoşbəxt gələcəyi İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xətti ilə bağlıdır. Ulu öndərin qüdrətli zəkasından güc almış inkişaf strategiyası İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yollarında ardıcıl irəliləməsini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edir".

Millət vəkili Jalə Əliyeva qeyd edib ki, Şuşanın Azərbaycana məxsusluğu cəsarətlə dünyaya çatdırılır: "Bir az öncə Əsra qızımızın çox kövrək çıxışını dinlədik. Gənc şuşalı qızın çıxışında səsləndirdikləri, Şuşanın Azərbaycana məxsusluğu bu gün Azərbaycan dövləti və ölkə Prezidenti tərəfindən qətiyyətlə, cəsarətlə dünyaya çatdırılır, duyurulur". Deputatın sözlərinə görə, dövlət başçısının da qeyd etdiyi kimi, işğalçı dövlətinin cəhdlərinin heç bir əhəmiyyət yoxdur, Qarabağ Azərbaycanın olub və Azərbaycanındır. Sonra millət vəkili mərhum dövlət başçısı Heydər Əliyevin qarşıdan 97-ci ildönümünün gəldiyini bildirərək, eks-prezidenti siyasətin dahisi adlandırıb. Bildirib ki, müstəqil Azərbaycan H. Əliyevin əsəridir və hamımız ona borcluyuq.

Deputat Razi Nurullayev isə bələdiyyələrin və  bələdiyyə işçilərinin fəaliyyətini tənqid edib. O deyib ki, 1999-cu və 2009-cü ildə bələdiyyə seçilənlər torpaq qalmayıb, hamısını satıblar: "Bələdiyyələrin fəaliyyəti yoxlanmalı və ciddi həbslər olmalıdır. Bələdiyyələrin nə səlahiyyəti var ki, başı qapazlı qurumdur. Bələdiyyə sədrləri icra başçıları ilə razılaşmaya gedir, onların əlaltısına çevrilir. Bələdiyyələr elan edir ki, bu işləri daxili vəsait hesabına edirik. Daxili vəsait nə deməkdir?". Milli Məclis Sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deputatın fikirlərinə aydınlıq gətirib: "Biz bələdiyyələrlə bağlı olan qüsur və nöqsanları daimə gündəmə gətirmişik, onların aradan qaldırılması üçün təkliflər vermişik. Bu sahədə müəyyən addımlar atılıb". Vitse-spiker bildirib ki, Azərbaycanın siyasi həyatında bələdiyyələrin öz yolu, mövqeyi var: "Qüsurlar, nöqsanlar mövcuddur. Bunların üzərinə gedən deputatlar da var. Bələdiyyələrin 20 illik fəaliyyətinə kölgə salmaq, hamısını rüşvətdə təqsirləndirmək insan hüquqlarının pozulmasıdır, yaxşı işləyənlərin fəaliyyətinə qara yaxmaqdır". O, deputat Razi Nurullayevi danışarkən diqqətli olmağa çağırıb: "Sizin bu qısa müddətdə çıxışlarınıza qulaq asanda adı sizin adınıza oxşayan bir mərsiyəçi var o yadıma düşür. Sizin adınız Razi, onun adı isə Racidir. Siz hər dəfə danışanda onun mərsiyələri yada düşür. Fikirlərinizdə diqqətli olun". Sonra millət vəkilləri gündəlikdəı duran qanun layihələrinin müzakirəsini davam etdiriblər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31