Prezidentin diqqət çəkdiyi 3 vacib məqam... Və bizlərin qarşısında duran mühüm vəzifələr

Azərbaycan bütün situasiyalarda özünün təşəbbüskarlığı, əzmkarlığı, atdığı addımlarla dünyaya nümunə olur, örnək göstərilir. Bura istər siyasi, istər iqtisadi, istər sosial, istərsə də humanitar və beynəlxalq əməkdaşlıq zəminində atılan addımlar, həyata keçirilən siyasət və onun müsbət nəticələrini aid etmək olar.

Bu günlər ölkəmiz yenə də sadalanan meyarlar üzrə beynəlxalq səviyyədə öz liderliyini, nümunəliyini qoruyub saxlayır. Bu dəfə bütün dünyanı bürüyən və hələ də onu tam aradan qaldırmaq mümkün olmayan koronavirus  pandemiyasına qarşı apardığı səmərəli mübarizə və onun ilkin mərhələdəki müsbət nəticələri ilə. Eyni zamanda qlobal miqyasda bir bəlaya çevrilən pandemiyaya qarşı beynəlxalq əməkdaşlıq təşəbbüsləri, bu istiqamətdə atdığı real addımlarla. Məlumat üçün qeyd edək ki, koronavirus pandemiyası geniş yayılan ərəfədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans şəklində zirvə görüşü keçirildi, ayrı-ayrı ölkələrin, xüsusilə də Azərbaycanın bu xəstəliyə qarşı apardığı mübarizə, onun təcrübəsi öyrənildi.  Əslində bu həm də beynəlxalq səviyyədə koronavirusa qarşı mübarizə sahəsində atılan ilk əməkdaşlıq addımı, ilk təşəbbüs idi ki, bunu da hər zaman bütün situasiyalarda bir addım öndə olan Azərbaycan edirdi.

Bunun ardınca isə bu günlərdə, daha doğrusu mayın 4-də yenə Azərbaycan, yenə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş videokonfrans formatında zirvə görüşü təşkil olundu. İstər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, istərsə də Qoşulmama Hərəkatının zirvə görüşlərində əsas etibarilə bir məqam diqqət çəkirdi. O da, Azərbaycanın bu pandemiyaya qarşı uğurlu mübarizə aparması və müsbət nəticələr əldə etməsi. Elə statistik göstəricilər, yoluxma sayının dugər ölkələrə nisbətən azlıq təşkil etməsi, həmçinin bu ərəfədə dövlətin səhiyyə sisteminə daha çox diqqət və maliyyə yardımı ayrıması da deyilənləri təsdiqləyir. Təsadüfi deyil ki, elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də ötən gün modul tipli xəstəxana kompleksinin açılışında məhz yuxarıda qeyd etdiyimiz məqamlara toxunaraq pandemiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələrə toxunub.

Dövlət başçısının sözügedən səhiyyə obyektinin açılışında səsləndirdiyi fikirlər əslində öz-özlüyündə 3 mühüm istiqaməti əhatə, ehtiva edir.

xxx

Birincisi, Azərbaycanda koronavirus pandemiyasına qarşı çox səmərəli mübarizə aparılır. Yeni səhiyyə ocaqları, modul tipli xəstəxanaların istifadəyə verilməsi, müasir tibb avadanlıqlarının alınması timsalında bunu aydın görürük.  Bir müddət əvvəl "Yeni Klinika" Tibb Mərkəzi, ötən gün isə modul tipli xəstəxananın istifadəyə verilməsi deyilənlərin isbatıdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi hər bir xəstəxananın açılışı əlamətdar hadisədir. Dövlət başçısı bildirib ki, son 16 il ərzində ölkəmizdə 700-dən çox səhiyyə ocağının tikilib və ya əsaslı təmir edildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, nə qədər böyük işlər görülübdür: "Biz hesab edirdik ki, artıq mövcud xəstəxana fondu, xüsusilə müasir xəstəxanaların fəaliyyəti uzun illər ərzində tələbatımızı ödəyəcək. Ancaq koronavirus pandemiyası əlbəttə ki, öz qaydalarını diktə edir, ona görə yeni xəstəxanaların tikintisi labüddür. Əlbəttə, xəstəxana tikintisi çox vaxt aparır, həm layihələndirmə işləri, onun texniki tərəfi, yerin seçilməsi. Əlbəttə, hesab edirəm, biz yeni texnologiyalara üstünlük verərək düzgün seçim etdik ki, modul tipli, tez bir müddətdə yığılan və sonra sökülə və başqa yerə daşına biləcək xəstəxanaların tikintisini təmin edək. Mən bir müddət bundan öncə ictimaiyyətə bu haqda məlumat vermişdim və bu gün bu xəstəxananın açılışını qeyd edirik. Cəmi bir ay ərzində 200 çarpayılıq xəstəxana istifadəyə verilir. Əlbəttə ki, koronavirusa qarşı mübarizədə bu xəstəxana və bundan sonra tikiləcək xəstəxanalar böyük rol oynayacaq. Ölkəmizin müxtəlif bölgələrində 10 belə xəstəxananın tikintisi nəzərdə tutulur. Əlbəttə ki, çarpayı sayının artırılması hər bir ölkə üçün koronavirusa qarşı mübarizədə xüsusi rol oynayır. Biz indi bəzi inkişaf etmiş ölkələrin təcrübəsini görürük. Görürük ki, orada çarpayı çatışmazlığı ucbatından xəstələr vaxtında müalicə ala bilmir, koronavirusa yoluxmuş bir çox insan ümumiyyətlə xəstəxanalara götürülmür, onlar evlərdə qalırlar. Əlbəttə, evlərdə onları müalicə, onların vəziyyətini monitorinq etmək qeyri-mümkündür".

Dövlət başçısı çıxışında bir məqama da diqqət yetirib. Hansı ki, bu gün dünyanın əksər ölkələri də həmin məqama diqqət yetirir. Daha doğrusu bunu öyrənir, tətbiq etməyə çalışır ki, bu da tibb sahəsindəki Azərbaycan təcrübəsidir. Bu mənada dövlət başçısı haqlı olaraq qeyd edir: "Azərbaycanda koronavirusa qarşı mübarizədə bizim təcrübəmiz hesab edirəm ki, ən mütərəqqi və ən insansevər təcrübədir. Çünki bizim bütün xəstələrimiz xəstəxanalarda yerləşdirilib və həkimlər onlara gecə-gündüz xidmət edirlər. Yeni xəstəxanaların tikintisi, əlbəttə, gələcəyə hesablanıb. Çünki hazırda mövcud xəstəxana fondu bizim tələbatımızı ödəyir və 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin sərəncamına verilibdir, o cümlədən ən yeni və ən müasir 575 çarpayılıq "Yeni klinika". Orada hazırda xəstələr müalicə olunurlar. Bu, gələcəyə hesablanmış düzgün addımdır, çünki heç kim bilmir pandemiya nə qədər davam edəcək, heç kim bilmir bunun gələcək mərhələləri nədən ibarət olacaq. Ona görə biz tam hazır olmalıyıq.

Bizim atdığımız bütün addımlar qabaqlayıcı xarakter daşıyır. Bu xəstəxananın və bundan sonra buna oxşar 9 xəstəxananın istifadəyə verilməsi 1-2 ay ərzində nəzərdə tutulub. Bütün bu addımlar qabaqlayıcı xarakter daşıyırdı və məhz buna görə hesab edirəm ki, koronavirusla mübarizədə biz birinci mərhələdə qalib gələ bilmişik. Ancaq mübarizə davam edir, koronavirus heç bir yerə qeyb olunmayıb, dolaşır və dolaşacaq və bunu hər kəs bilməlidir".

Prezident İlham Əliyevin sözügedən tibb obyektinin açılışında söylədiyi fikirlərdə ikinci mühüm məqam Azərbaycan dövləti, hakimiyyəti, şəxsən dövlət başçısı üçün vətəndaş amilinin, onun sağlamlığının ən üst səviyyədə tutulması, qorunması ilə bsğlı idi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan dövləti, hakimiyyəti nə edir, hansı addımı atırsa sırf öz vətəndaşlarını, onların sağlamlığ\ını qorumaq üçün edir. İstər səhiyyə sahəsinə daha çox diqqətin ayrılması, yeni avadanlıqların alınması, istər yeni səhiyyə müəssisələrinin tikilib istifadəyə verilməsi, istərsə də bu müddət ərzində tətbiq edilən karantin tədbirləri yalnız və yalnız Azərbaycan vətəndaşının sağlamlığını qorumağa xidmət edib və bu siyasət bu gün də davam edir. Məhz ötən müddət ərzində görülən tədbirlər və adekvat addımların nəticəsidir ki, Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı minimum digər ölkələrlə müqayisədə səviyyədədir. Əldə edilən nəticələr hətta karantin qaydalarının bir qədər yumşaldılmasına da imkan verib. Ancaq vətəndaşlarımızın məsuliyyətsizliyi, karantin qaydalarına əməl etməməsi dövləti, hökuməti məcbur edir ki, qaydalar yenidən sərtləşdirilsin. Təsadüfi deyil ki, dövlət başçısı da çıxışı zamanı bunu istisna etməyib: "Karantin rejimi nə üçün sərtləşdirilirdi? Yoluxma hallarının geniş yayılmasının qarşısının alınması üçün və biz buna nail olduq. Birinci mərhələdə bu virus bizə, belə demək mümkündürsə, idxal edilmişdir, amma ondan sonra daxili yoluxma halları baş vermişdir. Dərhal operativ tədbirlər görüldü və məhz sərt karantin qaydalarına görə biz bu mərhələni az itkilərlə başa vurduq. Görəndə ki, artıq 3 həftə ərzində hər gün sağalanların sayı yoluxanların sayından xeyli çoxdur, onda biz artıq yumşalma tədbirləri görməyə başladıq. Ancaq əfsuslar olsun ki, bəzi adamlar bunu karantin rejiminin ləğvi kimi qəbul etdilər. Əfsuslar olsun ki, bəzi adamlar karantin rejiminə əməl etmirlər. Yumşalma tədbirləri yalnız bir məqsədi güdürdü ki, insanların öyrəşdiyi həyat tərzi müəyyən dərəcədə bərpa olunsun. Karantin rejiminin yumşaldılması o demək deyil ki, karantin başa çatıb, xeyr. Karantin rejimi ən azı mayın 31-nə qədər qüvvədə olacaq və ondan sonra əgər lazım olarsa, uzadılacaq. Ona görə son günlərin mənzərəsi, sözün düzü, məni çox üzür və narahat edir. Çünki son 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çoxdur və əgər bu dinamika kəskin artarsa, - mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin, - biz məcbur olub karantin rejimini əvvəlki vəziyyətə gətirəcəyik, sərtləşdirəcəyik, qaydaları pozanlara qarşı da daha ciddi cəza tədbirləri görüləcək ki, biz vəziyyəti daim nəzarətdə saxlayaq". Dövlət başçısı təəssüf hissi ilə qeyd edib ki, bəzi məsuliyyətsiz vətəndaşlar heç bir qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar: "Özlərini elə aparırlar ki, sanki virus artıq məhv olub. Buna qətiyyən yol vermək olmaz. Ona görə bu adamlara qarşı ciddi tədbirlər görüləcək. Hamı bunu bilsin və nəticə çıxarsın. Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün. Qətiyyən mümkün deyil".

Dövlət başçısının çıxışı zamanı diqqət yetirdiyi üçüncü mühüm məqam isə son vaxtlar bir sıra məmurların dövlətə, dövlətçiliyə xidmət deyil, sanki düşmən mövqe nümayiş etdirməsi, vətəndaşları bilərəkdən narazı salması, təbii olaraq da belə halların aşkar edilib həmin məmurların cəzalandırılması ilə bağlı idi. Cəənab Prezident təəssüf hissi ilə qeyd etdi ki, biz bu vəziyyətdə milli xainlərin də üzünü gördük: "Kasıbın malına, ərzaq payına göz dikən xaindir, bunun başqa adı yoxdur. Bu, oğurluq deyil, bu, kiçik bir cinayət deyil. Mən demişəm, bir daha demək istəyirəm ki, bir çoxları pandemiyanı müharibə adlandırırlar. Müharibə, əslində, göz qabağındadır. Bu şəraitdə belə adamlara nə ad vermək olar? Ona görə bu adamların cəzalandırılması qaçılmazdır. Eyni zamanda, indiki şəraitdə xüsusilə kasıb adamların maaşını mənimsəmək, ictimai işlərə cəlb edilən vətəndaşların ödəniş kartlarını götürüb ondan pul çəkmək, bu da xəyanətdir. Son müddətdə həbs olunan icra başçılarının beşi də bu bəd əməllərdə təqsirləndirilir. Son həbslər də onu göstərir. O icra başçılarının, onların yaxınlarının, köməkçilərinin iş otaqlarından yüzlərlə ödəmə kartı çıxıb, yüzlərlə. Mənə verilən məlumata görə, son tutulan icra başçısının iş otağından 140 ödəmə kartı çıxıb. Bu, nədir? Biz bu kartı özünə iş tapa bilməyənlərə veririk. Əvvəl də verirdik. Biz ildə otuz min, qırx min belə adamı ictimai işlərə cəlb edirdik - hansısa binanın rənglənməsi, yaxud da ki, onların bağçaya xidmət etməsi və digər işlərə. Onlar minimum əməkhaqqı səviyyəsində maaş alırdılar, bu gün 250 manat. Amma onlara çatacaq kartlar icra başçıları tərəfindən götürülür, sonra o pullar mənimsənilir. Kasıb adamlar da işsiz və pulsuz qalır. Bu, adi cinayətdirmi? Yox. Bu, xəyanətdir. Bunun başqa adı yoxdur. İndiki şəraitdə də bunu davam etdirirlər. Bu adamlarda vicdan deyilən şey yoxdur, vicdanı tam itiriblər. Biz belə ünsürlərə qarşı bundan sonra da amansız mübarizə aparacağıq. Bu gün cəmiyyətimizin bütün sağlam qüvvələri bir amal ətrafında birləşib ki, bu vəziyyətdən az itkilərlə çıxaq, insanları qoruyaq, xəstələri sağaldaq. Həkimləri qoruyaq ki, onlar insanları qorusunlar, özlərini qorusunlar. Ona görə belə bir vəziyyətdə belə çirkin addımların atılması tamamilə qəbuledilməzdir. Bir daha demək istəyirəm ki, bu addımları atanlar, bu cinayətləri törədənlər layiqli cəzalarını alacaqlar".

Göründüyü kimi dövlət başçısı həm görülən işləri təhlil edib dəyərləndirib, həm də qarşıdakı növbəti hədəfləri müəyyənləışdirib ki, bu da bizim hər birimiz üçün ümumi plan, strategiya olmalıdır. Birmənalı şəkildə dövlətin qəbul etdiyi qərarlara əməl edilməlidir ki, bu bəlanı qısa zamanda aradan qaldıra bilək.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31