Azərbaycan qlobal həmrəylik və əməkdaşlığın əsasını qoydu

Sevinc Hüseynova: "İlham Əliyevin liderliyi ilə Azərbaycan dünya miqyasında  töhfələr verməkdədir"

Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra beynəlxalq təşkilatın fəal üzvünə çevrilib. Prezident İlham Əliyevin çevik diplomatiyası hətta ölkəmizin mötəbər beynəlxalq qurumlara sədrlik etməsinə imkan yaradıb. Artıq Azərbaycan təcrübəsi deməyə əsas verir ki, ölkəmizin beynəlxalq təşkilatlara sədrliyi dönəmində bir sıra qlobal məsələlərin həllində əhəmiyyətli rol oynayıb, mühüm təşəbbüslərlə çıxış edib. Belə beynəlxalq təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır. Məlumat üçün qeyd edək ki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunub. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunub. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilib.  

Təəssüflər olsun ki, koronavirus epidemiyasının geniş yayıldığı anda qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional institutlar çaşqınlıq içərisində qalaraq beynəlxalq həmrəyliyi nümayiş etdirə bilmədilər. Qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə Prezident İlham Əliyev təşəbbüs irəli sürdü və "özünəqapanma sindromu"nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Bu gün biz əyani şəkildə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq. Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənmiş və Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşlar. 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin iştirak etdiyi sözügedən tədbir bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir. Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Habelə, Zirvə görüşündə bu qədər ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir. Qəbul olunmuş bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.

 Milli Məclisin deputatı Sevinc Hüseynova deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşünün keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Əslində, Azərbaycan bu təşəbbüslə çıxış edib, problemi qlobal səviyyədə müzakirəyə çıxarmaqla bir daha dünya üçün nümunə oldu.  Sevinc Hüseynova bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda dünya miqyasında özünün töhfələri verməkdədir. Onun sözlərinə görə, "COVID-19-a qarşı birlikdəyik" mövzusunda keçirlən Zirvə görüşünə dünyanın bir çox ölkələrin dövlət və hökumət başçıları iştirak etdi: "Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ən böyük təşkilatdır. Dünya əhalisinin 55 faizdən çoxu bu hərəkata üzv olan ölkələrin vətəndaşlarıdır. Azərbaycan bu təşkilatın sədri olaraq öz missiyasını uğurla yerinə yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşü də bu faktı sübut edir". Millət vəkili söyləyib ki, Prezident İlham Əliyev Zirvə görüşündə  əhatəli çıxış etdi və ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verdi. Dövlətimizin başçısı həmçinin vurğulayıb ki, pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait bizimlə razılaşdırılmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur. Bu fakt da ölkəmizin, şəxsən Prezidentimiz İlham Əliyevin humanist, yardımsevər siyasətinin ifadəsidir. Deputat qeyd edib ki, Zirvə görüşündə çıxış edən beynəlxalq təşkilatların rəhbərləri və dövlət başçıları Azərbaycan Prezidentinin qlobal problemlə mübarizə ilə bağlı təşəbbüslərini yüksək dəyərləndiriblər: "Beləliklə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının, bundan əvvəl isə Türk Şurasının Zirvə görüşləri ölkəmizin qlobal problemə çevrilmiş koronavirus pandemiyası ilə mübarizədə mühüm rol oynadığını göstərir. Bu məqamda xatırlatmaq istəyirəm ki, Türk Şurası dünya miqyasında koronavirus pandemiyası ilə bağlı Zirvə görüşü keçirmiş ilk beynəlxalq təşkilatdır. Bütün bu faktlar Azərbaycan dövlətinin insanların sağlamlığına, təhlükəsizliyinə və rifahına xüsusi diqqət yetirdiyini, eyni zamanda bu konteksdə qlobal səylərini əsirgəmədiyini göstərir. Bu həm də, onun ifadəsidir ki, bugünlərdə anadan olmasının 97-ci ildönümünü qeyd etdiyimizin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi humanizm dəyərlərinə əsaslanan siyasət Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirlir. Bu siyasətin nəticələri də vətəndaşlar tərəfindən olduqca yüksək qiymətləndirilir. Dövlətimizin başçısına ünvanlanan çoxsaylı minnətdarlıq məktublarında da bu fikirlər öz əksini tapır".

Millət vəkili qeyd edib ki, bu gün  Azərbaycanda koronavirusla mübarizə istiqamətində ciddi tədbirlər həyata keçirilir. "Virusun geniş yayılmasının qarşısının alınması ilə əlaqədar bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə həyata keçirilir. Bütün bunlar Azərbaycan dövlətinin öz vətəndaşına qayğısının daha bir bariz nümunəsidir. COVID-19 pandemiyası şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir. Ona görə də qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın  karantin rejiminin  qaydalarına ciddi şəkildə əməl etməsi olduqca vacibdir. Məlumdur ki, aprelin  27-dən xüsusi karantin rejimində  yumşalmalar edilir. Amma bu təhlükənin sovuşması, koronavirusla mübarizənin bitməsi deyil. Son iki gündə xəstələrin sayının artması göstərir ki, məsuliyyətimizi artırmalıyıq. Vətəndaşlarımız Azərbaycanda koronavirusun qarşısının tam alındığını düşünərək sərbəst hərəkət etsələr, gigiyenik qaydalara əməl etməsələr nəticə pis ola bilər. Ona görə də karantin rejiminin yumşaldılması insanlarda arxayınlıq yaratmamalıdır. Əks halda, karantin rejimi yenidən sərtləşdirilə bilər".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31