İnsanlığa sığmayan bir davranış

MVP rəsmisi: "Prezident İlham Əliyev, Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva bir illik əmək haqqını Koronavirusa Qarşı Mübarizə Fonduna ayırdığı halda, icra başçılarının belə bir əmələ yol verməsinin başqa adı yoxdur"

"Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni bir dalğası başlayıb. Son bir neçə ay ərzində dövlət əmlakını talamaqda, vəzifəsindən sui - istifadə edərək vətəndaşlara məxsus torpaq sahələrini zəbt etməkdə, xüsusilə də bütün dünyanı bürüyən koronavirus pandemiyası zamanında imkansız, xüsusi qayğıya ehtiyacı olan şəxslərə ayrılan dövlət yardımlarını mənimsəməkdə ittiham olunaraq bir neçə rayon icra hakimiyyəti başçılarının həbs edilməsi fonunda bunu aydın şəkildə görürük. Bütün bunlar ölkədə korrupsiya və rüşvətxorluğa qarşı səmərəli mübarizənin aparıldığını təsdiqləyir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli səsləndirib. O, bildirib ki, yarıtmaz fəaliyyətlər, vəzifə səlahiyyətlərindən sui-istiadə hallarına yol verən məmurların cəzalandırılması, onların vəzifədən azad edilməsi cəmiyyət tərəfindən birmənalı olaraq dəstəklənir: "Eyni zamanda cəmiyyətdə bir əminlik yaradır ki, tutduğu vəzifədən, mövqedən, kimə yaxın olmasından asılı olmayaraq hər bir şəxs törətdiyi əmələ, dövlətə, dövlətçiliyə vurduğu zərərə görə öz layiqli cəzasını alacaq və qanun qarşısında cavab verəcək. Çünki bunu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dəfələrlə istər kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə. istərsə də  nazirlik və komitə rəhbərləri, yerli icra hakimiyyətinin başçıları, həmçinin sadə vətəndaşlarla keçirdiyi dəfələrlə bildirib, öz xəbərdarlığını edib. Hətta bu gün törətdiyi əməllərə görə layiqli cəzasını alan məımurların da iştirak etdiyi konfrans və müşavirələrdə dövlət başçısı ciddi şəkildə xəbərdarlıq edib ki, məmurlar xalqla işləməli, onun problemlərini dinləməli, onların həllinə nail olmalıdır. Ancaq son bir neçə ay ərzində yaşanan olaylardan aydın oldu ki, bəzi məmurlar nəinki xalqa xidmət edib, əksinə xalqa ayrılan vəsaiti belə düşməncəsinə mənimsəyiblər. Hesab edirəm ki, koronavirus pandemiyası dövründə hər bir vətəndaş birlik, həmrəylik nümayiş edirib kimsəsiz, ahıl və tənha şəxslərə dəstək olduğu, dövlət onların zəruri ehtiyaclarını qarşılamaq üçün yardım ayırdığı halda, adları çəkilən icra hakimiyyəti başçılarının həmin yardımları mənimsəməsi ön böyük mənəviyyatsızlıqdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva bir illik əmək haqqını Koronavirusa Qarşı Mübarizə Fonduna ayırdığı halda, icra başçılarının belə bir əmələ yol verməsinin başqa adı yoxdur. Bu insanlığa sığmayan bir davranış, hərəkətdir".

Süleyman İsmayılbəylinin qənaətincə, dövlət və dövlətçilik üçün utanc gətirən bu kimi məmurların qanunaziddi, biabırçı əməllərinin üzə çıxmasında vətəndaş müraciətləri, xalq-prezident birliyi də mühüm əhəmiyyət kəsb edir: "Çünki dövlət başçısı respublikanın ayrı-ayrı şəhər və rayonlarına etdiyi səfərlər zamanı yerli sakinlərlə də yaxından ünsiyyətdə olur, onları narahat edən məsələləri dinləyir, qayğıları ilə maraqlanır. Həmçinin Cənab Prezident vətəndaşlara xitabən bildirir ki, yerlərdə üzləşdikləri problemlər, məmur özbaşınalığı barədə şəxsən ona məlumat versinlər, vətəndaş nəzarəti gücləndirilsin. Ona görə də hesab edir ki, bu kimi korrupsioner və rüşvətxor məmurların aşkarlanıb üzə çıxarılmasında, onların öz layiqli cəzalarını almasında  hüquq-mühafizə orqanlarının apardığı araşdırmalarla yanaşı vətəndaşların da təşəbbüskarlığı, üzləşdikləri problemlərim mərkəzi hakimiyyətə çatdıra bilmələri xüsusi rol oynayır. Təbii ki, bu şəraiti də dediyim kimi vətəndaşa Cənab Prezident yaradır".

MVP rəsmisi onu da qeyd edib ki, həyata keçirilən həbslər, eləcə də yeni Baş Prokurorun təyin edilməsi onu deməyə əsas verir ki, ölkədə korrupsiya və rüşvətxorluğa qarşı bundan sonra daha ciddi mübarizə aparılacaq: "Yeni Baş Prokurorun vaxtı ilə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışması da bundan xəbər verir. Dövlət başçısının da dəfələrlə qeyd etdiyi kimi Azərbaycanda korrupsiyaya qarşı mübarizə kampaniya xarakterli deyil və daimi bir prosesdir. Və əminliklə deyə bilərik ki, bu proses qarşıdakı illər ərzində daha effektli və səmərəli şəkildə həyata keçiriləcək"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31