Zirvə görüşü Azərbaycana inamın və etimadın göstəricisidir
5 May 2020 17:22 Siyasət"Qoşulmama hərəkatı dünya miqyasında Birləşmiş Millətlər Tэşkilatının Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatlardan biridir. Hərəkat özündə 120 ölkəni birləşdirir. Burada əsas məqsəd qlobal, beynəlxalq problemlərə qarşı birlik, həmrəy, dostluq və əmin amanlıq şəklində mübarizə aparmaqdır. Ölkəmiz 2019-cu ildən etibarən 120 dövlətin yekdil səsi nəticəsində 3 il müddətində hərakata rəhbərlik edəcəkdir. Rəhbərlik dövründə xüsusi addımlar atılmaqdadır. Bu addımlardan biri də qlobal problemin aradan qaldırılması üçün qoşulmama hərəkatına üzv bəzi dövlətlərin həyat şəraitinin yaxşılaşdırılması, mübarizəyə dəstək fonunda eləcədə səhiyyə təşkilatına 5 milyon dollar civarında birbaşa yardım edilmişdir. Dövlət Başçısı rəhbər seçildiyi gün öz nitqində belə ifadə işlətmişdir ki, "Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır." bu ifadə də öz əksini tapmaqdadır. Bu gün məhz müasir və ciddi problemlərdən biri də pandemiyanın törətdiyi və törədəcəyi fəlakətlərdir. Məhz ötən gün keçirilən zirvə görüşünün mövzusu "COVID-19-a qarşı birlikdəyik" olmuşdur. Zirvə görüşü təsisata rəhbərlik edən ölkəmiz tərəfindən açıq elan edilmişdir. Ölkə prezidenti İlham Əliyev öz nitqində üzv ölkələri ölkəmizdə pandemiya ilə mübarizə şəraitində həyata keçirilən proseslərlə yaxından tanış etmiş, ətraflı söhbət açmışdır".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.
O bildirib ki, ölkəmizdə qlobal problemlə bağlı mühüm proseslər həyata keçirilməkdədir: "Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilmişdir. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi tədricən dayandırılmışdır. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir. Əhali arasında virusa yoluxma sürətinin aşağı düşməsini, xəstələrin sağalma dinamikasını nəzərə alaraq, xüsusi karantin rejimindən çıxış planı mərhələli şəkildə həyata keçirilir. Xüsusi karantin rejimi mayın 31-nə qədər uzadılsa da, tətbiq edilən bir sıra məhdudiyyətlər aprelin 27-si və mayın 4-dən etibarən yumşaldılıb. Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmışdır. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilmişdir. Testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə 160 mindən artıq test keçirilmişdir. Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanmışdır".
Ekspert qeyd edib ki, Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur: "Ümumilikdə dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. İşsiz şəxslərin sosial müdafiəsi üçün ilin sonuna qədər 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulur. Banklar tərəfindən sahibkarlara yeni verilən kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcəkdir. Pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üçün vergi güzəştləri və vergi tətilləri ediləcəkdir. Pandemiya şəraitində belə ölkələr arasında ticarətin açıq saxlanılması və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsinin vacibliyini nəzərə alarsaq, respublikamız etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir".