Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisi
5 May 2020 13:10 SiyasətBu günlərdə Azərbaycan yenə dünyanın diqqət mərkəzində oldu. Yenə öz təşəbbüskarlığı, yenə öz liderliyi ilə. Söhbət Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə keçirilən zirvə görüşündən gedir. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə "COVID-19-a qarşı birlikdəyik" mövzusunda keçirilən Zirvə görüşü bir daha təsdiq etdi ki, BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də eyni mövzuda Türk Şurasının videokonfrans formatında zirvə görüşü keçirib. Belə ki, Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü təşkil olunub.
Bir məqamı da qeyd edək ki, Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisə idi. Bu da Azərbaycanın hər iki qütb arasında körpü rolu oynadığını təsdiqləyir.
Millət vəkili Sevinc Fətəliyeva da deyib ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir. Onun sözlərinə görə, 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə görüşü zamanı təşkilata sədrlik Azərbaycana keçdi: "Sədrliyi öz üzərinə götürərkən Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq. Bu Zirvə görüşü də bir daha göstərdi ki, Azərbaycan Prezidentinin sözü ilə əməli birdir. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlayıb və praktiki fəaliyyətə başlayıb. Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı bildirdi ki, koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bunu göstərir. Zirvə görüşündə Prezident İlham Əliyev əhatəli çıxış etdi və ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verdi. Prezidentin qeyd etdiyi kimi, pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın əməkdaşlığa böyük ehtiyacı var: "COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik".
Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı çox vacib bir təkliflə də çıxış etdi ki, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyası keçirilsin: "Bu çox mühüm məsələdir və Azərbaycan Prezidentinin qlobal çağırışlara çox çevik bir reaksiya verməsinin göstəricisidir. Zirvə görüşündə BMT-nin Baş katibi Antonio Quterreş və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel videomüraciətlə çıxış etdilər. Hər iki şəxs pandemiya ilə mübarizədə Azərbaycan Prezidentinin bu təşəbbüsünü yüksək qiymətləndirdilər. Zirvə görüşündə, həmçinin BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat və təşkilata üzv olan bir çox ölkələrin dövlət və hökumət başçıları çıxış edərək koronavirus pandemiyası ilə mübarizə yolları haqqında fikirlərini bildirdilər, bu mübarizədə əməkdaşlığın əhəmiyyətini vurğuladılar. Demək olar ki, bütün çıxışlarda Azərbaycan Prezidentinin təşəbbüsləri yüksək qiymətləndirildi. Bu, bizim üçün qürurverici haldır. Bütövlükdə, coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilən Zirvə görüşü göstərdi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə özünün mühüm töhfəsini verir".
Füzuli