Qənirə Paşayeva Hesablama Palatasına təkliflər verdi

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva parlamentdə Hesablama Palatasının 2019-cu il hesabatı ilə bağlı çıxış edib. "Olaylar"ın məlumatına görə, deputat dövlət başçısının rəhbərliyi altında koorupsiyaya qarşı mübarizə istiqamətində görülən işlərdən danışıb və Hesablama Palatasının hesabatına dair təkliflər irəli sürüb: "Hesablama Palatasının vəzifəsi sadəcə nöqsanları üzə çıxarmaqdan ibarət olmalı deyil. Hesabatda təklif və tövsiyələr hissəsinə diqqətlə baxdım. Bu təklif və tövsiyələrin bir hissəsi illərlə təkrarlanır. Bu təkliflər ölkə başçısının ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı siyasətinin gücləndirilməsinə xidmət edən təkliflərdir. Ancaq bəzi qurumlar bu təklif və tövsiyələrə əməl etmir. Deməli, ciddi dəyişiklik və islahatlara ehtiyac var. Ona görə də bu təklif və tövsiyələrə əməl etməyən qurumların adlarının açıqlanması vacibdir. Eyni zamanda, bu təklif və tövsiyələrə əməl edən qurumlar da açıqlanmalıdır. Həmkarlarımın vurğuladığı kimi bu sahədə qanunvericilikdə də təkmilləşmələr aparılmalıdır. Bununla dövlət büdcəsinə bərpa edilən vəsaitlərin həcmi də artırıla bilər. Onda növbəti dəfə bu hesabatlarda daha çox pozuntuların azalmasından və büdcəyə daha çox vəsaitin cəlb olunmasından danışa bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31