İlham Əliyev pandemiya narahatçılığına son qoydu

Dövlət başçısı çətin dövrdə ailələrə sevinc bəxş etdi

Dünyanı cənginə alan koronavirus pandemiyasının geniş yayıldığı bir məqamda Azərbaycanın dövlət başçısı bütün varlığı ilə xalqın yanında oldu. Pandemiyanın qarşısının alınması məqsədilə atılan addımlar, qəbul edilən qərarlar bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyev bir daha sübut etdi ki, hər bir Azərbaycan vətəndaşının prezidentidir və əhalinin sağlamlığı və təhlükəsizliyi  dövlət üçün prioritet məsələdir. Paralel olaraq xalq da öz Prezidenti ilə həmrəy olduğunu, onu dəstəklədiyini nümayiş etdirir. O da etiraf edilməlidir ki, koronavirusla mübarizə həm də Azərbaycandakı milli həmrəyliyin, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təsdiqi oldu. Məhz dövlət başçısının xalqa dəstək proqramlarının şahidi olan ölkə vətəndaşları  Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər. Yeri gəlmişkən qeyd edək ki, dövlət başçısına ünvanlanan  təşəkkür məktublarının coğrafiyası və sosial tərkibi genişdir. Elə dövlət başçısına ünvanlanan məktublar da dediklərimizi bir daha sübut edir.

Sumqayıt şəhərində yaşayan Qubadlı rayon Saray kənd tam orta məktəbinin müəllimi Məmmədova Zülfiyyə Aftandil qızı dövlət başçısına ünvanladığı təşəkkür məktubunda qeyd edib ki, bütün dünyanı dəhşətə gətirən COVID-19 pandemiyası ilə əlaqədar həyata keçirdiyiniz tədbirlər xalqımıza olan məhəbbət və sevginizin təzahürüdür. Azərbaycan koronavirusla mübarizədə ağır nəticələrlə üzləşmədi. Bu da Sizin ulu öndər Heydər Əliyev məktəbindən öyrəndiyiniz dərin siyasi, diplomatik biliyiniz və vətənsevərliyiniz sayəsində mümkün oldu: "Aztəminatlı ailələrə verilən müavinətlər, koronavirus xəstələrinin dövlət hesabına müalicəsi, əhalinin həssas qrupuna aid olan tələbələrin təhsil haqlarının dövlət hesabına ödənilməsi, kommunal ödənişlərə edilən güzəştlər insanların Sizə inamını daha da artırdı. Sizin və ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xalqa ünvanlanan doğma və qayğıkeş müraciətləriniz, həqiqətən, bizim birlikdə güclü olduğumuzu sübut etdi".

Bakı şəhəri, Nərimanov rayon sakini, şair-dramaturq, kinossenarist İskəndərzadə Eldar məktubunda qeyd edib ki, bəşəriyyətin sınağa çəkildiyi bu çətin günlərdə xalqımızın sağlamlığı naminə atdığınız misilsiz addımlara, göstərdiyiniz xüsusi qayğıya və xoş münasibətə görə Azərbaycan vətəndaşı olaraq Sizə minnətdarlığımı ifadə etməyi özümə borc bilirəm. Xoşbəxt xalqıq ki, Sizin kimi dağ vüqarlı, mərd sərkərdəmiz, hər zaman söykənə biləcəyimiz mətin arxa-dayağımız var: "Sizin və hörmətli xanım Mehriban Əliyevanın COVD19-la bağlı xalqa müraciətlərinizdə insanların taleyinə görə narahatlıq, həmçinin olduqca səmimi hissləri gördük. Əgər Sizin qətiyyətli tədbirləri ehtiva edən qərarlarınız, vaxtında atılan addımlarınız olmasaydı, bu gün Azərbaycanda pandemiya ilə bağlı vəziyyət başqa cür olardı. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycandakı vəziyyəti başqa ölkələrə nümunə göstərir. Biz isə bilirik ki, bu, həm də Sizin xalqa sonsuz məhəbbətinizin nəticəsidir. Sizin "Biz birlikdə güclüyük!" çağırışınız xalqı səfərbər etdi. Biz həqiqətən də birlikdə güclüyük!"

Ağsu rayonu, Bico kənd sakini Əməkdar müəllim Qarayev Yaşar qeyd edib ki, bütün xalqımız kimi, Ağsu rayonunun Bico kəndinin sakinləri də Sizin xalqımızın uğurlu sabahına, xoşbəxt gələcəyinə hesablanmış daxili və xarici siyasətinizi ürəkdən bəyənir, Sizə minnətdarlıqlarını bildirirlər:  "Əziz Prezidentimiz, gördüyünüz işlər o qədər əzəmətli və böyükdür ki, onlar dünyanın hər yerindən görünür. Son illər kəndimizdə də çox böyük işlər görülüb. Məktəb və xəstəxana binaları istifadəyə verilib, evlərimizə qaz və su xətləri çəkilib, kəndarası yollar asfaltlanıb. Bu qayğılı günlərdə də aztəminatlı, həssas təbəqəyə hər cür qayğı göstərilir. Bütün işlərinizə görə kənd sakinləri adından Sizə "Çox sağ olun!" deyir, hörmət və ehtiramımızı bildiririk".

12 yaşlı Şamaxı rayon sakini Ədilova Aytən İlkin qızı qeyd edib ki, Sizə yazılan minnətdarlıq məktublarını efirdə dinlədikdə mən də ürəyimdən gələn səmimi hislərimi bildirmək istədim: "Mənim 12 yaşım var. Şamaxıda yerləşən M.Hadi adına 9 saylı məktəbin VI sinfində oxuyuram. Əvvəla dünyada, eləcə də Azərbaycanda yayılmış koronavirus infeksiyasına qarşı ölkəmizdə görülən işlərə görə Sizə "Çox sağ olun!" demək istəyirəm. Sizin sayənizdə respublikamızda bu virusun qarşısı vaxtında alındı. Siz biz uşaqları qorumaq üçün dərsləri dayandırdınız. Lakin evdə qalsaq da, təhsildən, dərslərimizdən geri qalmırıq. Deyirlər, uşaqların Allahdan istəkləri mütləq yerinə yetir. Mənim arzum Sizi, Azərbaycanı xoşbəxt görməkdir. Bizi qoruduğunuza görə Sizə təşəkkür edirəm. Nə yaxşı ki, Siz bizim Prezidentimizsiniz. Biz Sizinlə fəxr edirik".

Millət vəkili Məşhur Məmmədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü ardıcıl işlər söz yox ki, xalqımız, vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Ümumiyyətlə, bu dövrdə verilən hər bir qərarın arxasında əhalinin sağlamlığının mühafizəsi, sosial təminatının qorunub-saxlanılması, xüsusilə də, sosial layihələrin davamlı şəkildə icra edilməsidir. Belə ki, ölkə rəhbərimizin hökumətin müvafiq struktur rəhbərlikləri ilə, nazirlərlə keçirdiyi onlayn müşavirələrdə irəli sürdüyü hər bir fikrin, vurğulanan tezisin təməlində bir faktor dayanır - dövlət və vətəndaş birliyinin möhkəmləndirilməsi, insanların sosial-rifah hallarının qorunması, inkişafı və mövcud vəziyyətdən az itki ilə çıxılması reallığı: "Lakin o da əbəs deyil ki, artıq ölkəmizin müxtəlif bölgələrində yaşayan insanlarımız Prezident İlham Əliyev cənablarının apardığı siyasətə dəstək verdiklərini, onun xalq üçün qətiyyətli addımlar atdığını qeyd edirlər. Bunu vətəndaşların dövlətimizin başçısına ünvanlandığı minnətdarlıq məktubları da təsdiq edir. Lakin bizlər - dövlətimizə dəstək göstərən hər bir vətəndaş əldə edilən uğurlardan rahatlanmamalıdır. Çünki koronavirus pandemiyası dünyanı sarsıtmaqda davam edir və Azərbaycanın COVID-19-la mübarizədə örnək göstərilməsi məhz məsuliyyət hissi ilə qorunub-saxlanılmalıdır. Yəni dövlətin vətəndaşa qayğısına həmrəy şəkildə dəstək göstərilməlidir. Sirr deyil ki, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı artıq 2 milyon yarımı keçib. Bu baxımdan da qeyd etmək vacibdir ki, cənab Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə koronavirus pandemiyasının ölkəmizin ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə dövlət tərəfindən ardıcıl tədbirlər görülməkdə davam edir".

Onun bldirdiyinə görə, ardıcıl islahatlar olmasa idi, ölkəmiz də digər ölkələr kimi pandemiya dövründən ağır nəticələrlə çıxa bilərdi: "Artıq yuxarıda qeyd edilənlərlə yanaşı, dövlətin məlum təhlükə ilə bağlı qəbul etdiyi ciddi və təxirəsalınmaz qərarlar öz bəhrəsini verir, hər birimiz bunun şahidiyik. Pandemiya ilə bağlı vəziyyət idarəolunan səviyyəyə düşüb və görülən davamlı tədbirlər nəticəsində ölkə əhalisinin sağlamlığı təmin edilir. Onu da qeyd etmək yerinə düşərdi ki, artıq bir neçə ildir aparılan ardıcıl islahatlar olmasa idi, ölkəmiz də digər ölkələr kimi pandemiya dövründən ağır nəticələrlə çıxa bilərdi. Belə ki, 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra reallaşdırılan islahatlar kursu da məhz pandemiya dövründə hökumətin mobil və uğurlu fəaliyyətini bir daha göstərdi. Nəticədə ölkəmiz üçün çətin dövrdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətəni və vətəndaşını sevən qayğıkeş insan olduqlarını nümayiş etdirdilər. Onların bu çətin günlərdə xalqa müraciəti əhali tərəfindən yüksək qiymətləndirilir. Bu müraciətlər ölkə vətəndaşlarının dövlətə və ölkə başçısına inanmaqda haqlı olduqlarını təsdiqləməklə yanaşı, onları məsuliyyətli davranmağa səslədi, pandemiya dövründə ölkə əhalisini daha da sıx birləşdirdi". Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti pandemiya dövründə vətəndaşların sağlamlığının qorunması məsələsinin dövlətimiz üçün xüsusi önəm daşıdığını bir daha nümayiş etdirdi: "Dövlət resurslarının, ilk növbədə, məhz vətəndaşların sosial müdafiəsinə yönəldilməsi də ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir. Günəmuzd çalışan şəxslərin pandemiya dövründə işlərini müvəqqəti itirməsi səbəbindən onların işsiz kimi qeydə alınaraq yarımların edilməsi, vaxtı bitmiş ünvanlı sosial yardım alan şəxslər üçün bu yarımın pandemiya dövründə davam etdirilməsi və bu ailələrin sayının artırılması, yaşı 65-dən yuxarı şəxslərə sosial xidmətlərin göstərilməsi, ödənişli ictimai işlərə cəlb olunanların sayının dəfələrlə artırılması, aztəminatlı ailələrin övladlarının təhsil haqqının dövlət hesabına ödənilməsi, 600 mindən çox vətəndaşa birdəfəlik 190 AZN maddi yardımın göstərilməsi barədə verilən qərar və onlarla digər belə sosial addımlar dövlətin vətəndaşına dəstəyini göstəriciləridir. Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmizin pandemiyadan sonrakı iqtisadi inkişafı nəzərə alınaraq sahibkarlıq subyektlərinə də dövlət dəstəyi göstərilir. O cümlədən, yaşları 65-dən yuxarı olan məhbusların da əfvə salınaraq ailələrinə geri dönmələri insanlıq və humanizm dəyərlərinə göstərilən xüsusi diqqət və qayğıdır. Çünki onların ailələri təlaş və narahatlıq keçirirdilər və Prezident İlham Əliyev cənabları bu narahatlığa da son qoydu, çətin dövrdə ailələrə sevinc bəxş etdi".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31