Pandemiyadan sonra dünya yeni bir şahmat oyununun astanasındadır - Siyasi ekspert
Pandemiyadan sonra dünya yeni bir şahmat oyununun astanasındadır- Siyasi ekspert
27 Aprel 2020 10:59 SiyasətXəyal Bəşirov: "Şahmat taxtasına daşları düzən ABŞ növbəti dəfə dünya tacı uğrunda Çini oyuna dəvət edir"
Keçən ilin sonlarından yayılmağa başlayan və hazırda bütün dünyanı bürüyən yeni növ koronavirusa qarşı təəssüflər olsun ki, hələ də vaksin, pereparat tapılmayıb. Bütün dünyanın virus qarşısında aciz qaldığı bir dövrdə onun adi bir xəstəlik deyil, planlı şəkildə yayıldığına dair də fikirlər, mülahizələr səsləndirilir. Təsadüfi deyil ki, əksər ekspertlər, hətta tibb mütəxəssisləri də artıq bu iddiaya şərik çıxırlar. Siyasi şərhçi Xəyal Bəşirovun sözlərinə görə, artıq uzun müddətdir ki, bütün dünya gündəmini zəbt edən, bəşəriyyəti və insanlığı çox böyük sınaqla qarşı-qarşıya qoyan və ayrı-ayrı ölkələrdə tüğyan edən bu koronavirus adlı gözə görünməz bəla dünya üzrə 200 minə yaxın insanın canını alıb və 3 milyona qədər şəxsi isə yoluxdurub. Xəyal Bəşirov bildirib ki, hazırki situasiyanın ən təhlükəli tərəfi, bu virusa yoluxanların və onun qurbanlarının sayının sürətlə artmaqda və pandemiyanın yayılma coğrafiyasının isə genişlənməkdə davam etməsinə baxmayaraq, bu günə qədər tibb elmində ona yoluxmanın qarşısını alacaq vaksinin müəyyən edilməməsindədir: "Hər birimizə məlum olduğu kimi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan bu virus, ilkin olaraq Çinin Uxan şəhərindən yayılmağa başlayıb. Məhz Uxan şəhərinin Çinin iqtisadi və ticari baxımdan 6 ən böyük şəhərindən biri olması, bütün növ nəqliyyat qovşaqlarının kəsişməsində yerləşməsi kimi faktorlar onun yayılmasını daha da sürətləndirdi. Və çox təəssüflər olsun ki, bu gün artıq bu bəla çoxdan Çin dövlətinin sərhədlərini aşaraq demək olar bütün qitələri bürüyərək ümumbəşəri və planetar xarakterli təhlükəyə çevrilib. Gözə görünməzliyi ilə yanaşı bu pandemiya həm də bir çox cavabsız sualları ilə bütün dünyanı düşündürməkdədir. Yaranan suallar cavabsız qaldıqca, bu pandemiyanın yaranması ilə bağlı bir sıra fərqli versiyaların irəli sürülməsi də təbii haldır. Belə ki, bəzi iddialara görə koronavirus əslində pandemiya və ya hansısa bir xəstəlik deyil, planlaşdırılmış şəkildə hazırlanmış bioloji silahdır. İddia olunan versiyalara toxunmazdan əvvəl onu qeyd edim ki, əslində tarixən, xüsusilə də XX əsrdən başlayaraq hegemon dövlətlərin güclü tərəflərindən biri də, dünyada gözlənilmədən baş verən qlobal prosesləri (həm pozitiv, həm də neqativ hallarla bağlı) müəyyən qədər də olsa, özlərinin mənafelərinə uyğun istiqamətdə dəyişmək və bundan öz xeyirlərinə istfadə etmələrindədir. Bunun bioloji silah olduğunu hesab edən versiya sahiblərindən bir qismi bu virusun Çinin özü tərəfindən hazırlandığını və məqsədyönlü olaraq yayıldığını iddia edirlər. Bu versiyanı irəli sürən iddiaçıların düşüncəsinə görə pandemiyanın yaratdığı vəziyyət hazırda uzun illər milyonlarla ucuz işçi qüvvəsinin mövcud olduğu Çində özlərinin çoxsaylı istehsal müəssisələrini yaratmış bütün dünya üzrə nəhəng şirkətlərə məxsus səhmlərin sürətlə ucuzlaşmasına səbəb oldu ki, bu da Çin dövlətinə rahat şəkildə bu səhmlərə sahiblənmək üçün münbit şərait yaratdı. Digər və daha məntiqli hesab olunan versiyaya görə isə pandemiya hesab olunan bu ümumbəşəri fəlakət əslində bioloji silah qismində Birləşmiş Ştatlar və onun yaxın müttəfiqləri tərəfindən planlaşdırılmış şəkildə hazırlanıb. Təbii ki, əsas məqsəd Çinə zərbə endirmək və onu iqtisadi cəhətdən çökdürməkdir. Ancaq burada bir sıra düşündürücü suallar meydana çıxır. Niyə Çin? Niyə ənənəvi üsul olan müharibə yolu deyil, bütün dünyaya, o cümlədən Birləşmiş Ştatların yaxın müttəfiqlərinə və hətta onun özünə belə zərər yetirəcək, vətəndaşlarının ölümünə səbəb olacaq bioloji silahdan istifadə etmək yolu ilə? Bəs hazırda bütün dünyanı dərin iqtisadi böhrana sürükləməkdə olan, sadəcə koronavirus pandemiyasının tüğyan etməsi səbəbindən müvəqqəti olaraq arxa plana keçən neft və digər neft məhsullarının qiymətlərinin sürətlə ucuzlaşması prosesinin bu pandemiya ilə hansısa əlaqəsi vardırmı? Və əslində bu versiyanın tam əksinə olaraq dünya üzrə demək olar ki, ən böyük istehsal yükünə malik olan Çin dövlətinə hava və su kimi lazım olan neft məhsullarının ucuzlaşması əslində məhz elə Çinin öz maraqlarına uyğun gəlmirmi? İlk öncə hədəfin məhz Çin olmasının ən əsas səbəbi Sovetlər Birliyindən sonra dünyanın tək fövqəlgücü olan və inkişaf etmək üçün daim özünə rəqib axtaran Birləşmiş Ştatların yeganə rəqibi və alternativi yalnız və yalnız Çin ola bilər. Rusiya, İran, Yaponiya və digər dövlətlərin mövcud potensial və imkanlarına görə Birləşmiş Ştatlara rəqib olmaları ən azından yaxın on illiklərdə qeyri-mümkündür, əksinə bu gün həmin ölkələr təhlükəzsizliklərinə hədəf olaraq daha arxa plana keçmələrinə görə dolayı yolla Çinə borcludurlar. Çünki, bu günə olan şərtlərdə ABŞ üçün prioritet Çindir! Bəs dünyada əhalisinə görə ölkələr arasında ilk yeri tutan (təxminən 1.5 milyard) Çinin əhalisinin bir neçə min nəfərinin bu pandemiyanın qurbanı olması bu planın uğursuz olmasındanmı xəbər verir? Çünki hazırda bu virusa yoluxma prosesi Çində səngisə də bir çox digər ölkələrdə daha böyük vüsət almışdır və pandemiya qurbanlarının sayı da digər dövlətlərdə və hətta ABŞ-ın özündə də Çində ölənlərin sayını ötüb keçib. Əslində bu virusun insanları məhz Çinin ərazisindən yoluxdurmağa başlaması və oradan bütün dünyaya yayılması faktı artıq böyük planın ilk məqsədini reallaşdırdı. Çünki bundan sonra bütün dünya üzrə koronavirus pandemiyasının qurbanları və hətta onların sayı ilə bağlı şişirdiləcək rəqəmlərlə bağlı ittihamlar məhz Çinə qarşı yönəldiləcəkdir. Artıq bu istiqamətdə proses gedir. Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, Birləşmiş Ştatlara açıq şəkildə heç bir cəbhə açmayan, dünyada gedən proseslərdə iştirak etməkdən və hətta onlarla bağlı münasibət bildirməkdən belə imtina edən Çinin rəqib olduğunu şərtləndirən amillər hansılardır? İlk öncə Çinin səssizliyi təkcə Amerika dövlətini və onun yaxın müttəfiqlərini deyil, bütün dünyanı hiddətləndirən amildir".
Siyasi şərhçi qeyd edib ki, hələ iki əsr bundan əvvəl bütün dünyanı lərzəyə gətirən Fransanın imperatoru Napoleon Bonapart Çin barədə bu fikri söyləyib. "Çin yatmış şirdir. Qoy yatsın! Oyansa bütün dünyanı lərzəyə gətirəcək!" Bu deyimdən artıq 200 ildən çox zaman keçsə də Çin özünün siyasətində və taktikasında heç bir dəyişiklik etməyib. Əslində Sovetlər Birliyinə qarşı mübarizədə Çinə maksimum şəkildə dəstək vermək və Damansk konfliktindən sonra 1971-ci ildə Çinin BMT-nin Təhlükəsizlik Şurasına veto hüququ verən daimi üzv olması da bilavasitə Birləşmiş Ştatlar və onun yaxın müttəfiqlərinin sayəsində mümkün oldu. SSRİ-nin süqutundan sonra Birləşmiş Ştatlar zaman-zaman, xüsusilə də ötən əsrin sonları XXI əsrin ilk onilliklərində dünyada gedən ciddi proseslərə Çini hər vəchlə cəlb etməyə çalışsa da, cavabında Çin də eyni vəchlə bundan imtina edir. Əslən Polşadan olan dünya səviyyəli amerikalı siyasi xadim və dövlət adamı Zbiqnev Bjezinskinin təbirincə desək dünya bir şahmat taxtasıdır və bu gün orda əsas oyunçu Amerikadır. Artıq 30 ildir ki, Amerika özünün əsas rəqibi olan SSRİ-ni darmadağın edib. Amerikanın həm Sovetlər birliyi ilə olan və onilliklərlə davam edən gərgin mübarizəsini, həm də ondan sonra digər dünya dövlətləri ilə apardığı mücadiləsini yalnız kənardan müşahidə edən və heç bir halda bu prosesə bilavasitə qoşulmayan Çin adlı oyunçu Birləşmiş Ştatların oynamaq təkliflərindən hər cəhddə boyun qaçırmağa hələ ki, nail olmaqdadır. Burada isə əslən Almaniya yəhudisi olan, Adolf Hitlerin "Holokost" soyqırımından əvvəl Amerikaya mühacirət etmiş və ABŞ tarixində ilk dəfə həm dövlət katibi, həm də prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifələrini eyni zamanda daşımış siyasi xadim Henri Kissincerin xatirələrindən çox əhəmiyyətli bir məqam yada düşür. Birləşmiş Ştatlarla SSRİ arasında gedən "Soyuq müharibə"nin həlledici şəxslərindən biri olan Kissincer memuarlarında o zamanlar SSRİ-nin ABŞ-dakı səlahiyyətli səfiri olan Dobrıninin ona tez-tez şahmat oynamaq təklifindən həmişə boyun qaçırdığını deyirdi. İmtina etmək səbəbini Kissincer onunla izah edirdi ki: "ona görə Dobrıninlə şahmat oynamaq istəmirdim ki, onun mənə qalib gələcəyindən çəkinirdim. Digər səbəb isə sovet mütəxəssilərinin və psixoloqlarının mənim taktika qurmaq və düşünmə metodlarımı öyrənmələrinə şərait yaratmamaq idi". Bu prizmadan yanaşsaq Çin mütəxəssiləri Amerikanın yarandığı ilk gündən bu günə qədər getdiyi yolu, apardığı mübarizəni və bu proseslərlə bağlı zəif və güclü tərəflərini çoxdan mənimsəmiş olmalıdırlar".
Siyasi şərhçi deyib ki, bu gün Çini Birləşmiş Ştatlarla müqayisə etmək üçün çoxlu məqamlara və rəqəmlərə baş vurmağa o qədər də ehtiyac yoxdur: "Özünün iqtisadi üstünlüyü ilə daim öyünən, bu kartından istifadə edərək bir çox rəqiblərinə qarşı müntəzəm olaraq sanksiyalar tətbiq edən Birləşmiş Ştatlarla Çin arsında gedən ticarət münasibətlərinə diqqət göstərsək görərik ki, Çin rəqibini xeyli üstələyir. Belə ki, 2018-ci ilə aid 541 milyard dollar həcmində olan ticarət dövriyyəsi ilə bağlı rəsmi rəqəmlərə görə idxal və ixrac potensialı baxımından Çinin Amerikaya ixrac etdiyi malların dəyəri 418 milyard dollar, ordan idxal olunanların dəyərindən 122 milyard dollar təxminən 300 milyard dollar çoxdur. Bu bir real həqiqətdir ki, hazırki pandemiyadan və dərin iqtisadi böhrandan sonra dünyanın düzəni tam şəkildə dəyişikliyə uğrayacaqdır. Yaşadığımız əsrin ən böyük silahı olan informasiya bu gün nüvə silahından da artıq gücə və dağıdıcı təsirə malikdir. İnformasiya silahının nüvə silahından ən böyük fərqi və üstünlüyü ondan ibarətdir ki, o dağıdıcılıq qabiliyyəti ilə yanaşı, həm də quruculuq qabiliyyətinə malikdir və bu silahın idarəedici qurğusu Birləşmiş Ştatların sərəncamındadır. Beləliklə, korona(tac)virus pandemiyasından sonra dünya yeni bir şahmat oyununun astanasındadır. şahmat taxtasına daşları düzən ABŞ növbəti dəfə dünya tacı uğrunda Çini oyuna dəvət edir. Çin bu dəfə oynamaq məcburiyyətindədir. Əks halda qarşısında pandemiyadan zərər çəkən bütün dünyanı görəcəkdir".
Məhəmməd
Olaylar.az