Bu gün birlik, həmrəylik, yardımlaşma zamanıdır
27 Aprel 2020 10:50 SiyasətBəşəriyyət üçün ciddi problemə çevrilən və ölkəmizdən də yan keçməyən koronavirus pandemiyası hər nə qədər bizləri sınağa çəksə də, eyni zamanda birlik, hımrəyliyimizi də bir o qədər gücləndirdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin çağırışına qoşulan hər bir vətəndaş, cəmiyyət üzvü bu öldürücü virusa qarşı mübarizə məqsədilə birləşdi, birlik nümayiş etdirdi. Təkcə paytaxtda deyil, eləcə də əyalətlərdə, hətta ən ucqar dağ kəndlərində belə biz bu birliyin, dəstəyin, yardımlaşmanın şahidi olduq.
Qürur duyulan, fəxr edilən məqamlardan biri isə ondan ibarətdir ki, hətta cəmiyyətin ən həssas, ən diqqətdə saxlanılması, qayğı göstərilməsi təbəqəsi olan şəhid ailələri, valideynləri də bu mübarizənin önündə yer aldı, özlərinin dəstəyə, yardıma ehtiyacı olduğu halda daha çox ətrafında köməyə ehtiyacı olan, insanları düşündü, onların problemləri, qayğılarının qarşılanmasında aktiv oldu. Necə ki, Yevlax şəhərindən şəhid olmuş Elçin Ağayevin anası Kübra Ağayeva kimi.
Günümüzdə hər bir şəhid ailəsi, valideyni kimi Kübra Ağayeva da diqqət və qayğı ilə əhatə olunmalı halda, şəhid anası daha çox ahıl, kimsəsiz, imkansız vətəndaşları düşünür, onlara dəstək göstərilməli olduğunu zəruri sayır. Kübra Ağayeva deyir ki, dövlət, şəxsən dövlət başçısı Cənab İlham Əliyev şəhid ailələrinə, Qarabağ müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşır, bu kateqoriyadan olan insanların bütün problemlərini həll edir: "Həmçinin dövlət başçısının yerdəki nümayəndələri, rayon icra hakimiyyətləri də Cənab Prezidentin bu siyasətini uğurla həyata keçirirlər. Bu mənada Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı cənab Anar Tağıyev də şəhid ailələri, Qarabağ müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşır, bu təbəqədən olan insanların üzləşdiyi ən xırda problemi belə qısa müddətdə həll edir. Təsadüfi deyil ki, cənab Anar Tağıyev icra başçısı kimi Yevlaxda ilk görüşdüyü şəxslər də məhz şəhid anaları və Qarabağ müharibəsi iştirakçılarının ailələri oldu. Yəni deməyim odur ki, bu gün bizim elə bir sosial problemimiz olmadığı üçün, koronavirus pandemiyasının yayıldığı bu günlərdə daha imkansız, ahıl, yaşlı insanlarımıza dəstək olmalıyıq". Kübra Ağayeva deyib ki, bu gün birlik, həmrəylik, yardımlaşma zamanıdır: "Dövlətin, dövlət başçısı Cənab İlham Əliyev dəstəyi, diqqət-qayğısı ilə yanaşı biz də Prezidentdən örnək götürüb, bu yardımlaşmada, vətəndaşlarımıza dəstək olmalıyıq. Cənab Prezidentin qeyd etdiyi kimi "Biz birlikdə güclüyük" və məhz bu birlik və bərabərlik, həmrəylık, yardımlaşma, eyni zamanda qəbul edilmiş karantin qaydalarına əməl etməklə koronavirus pandemiyasına qalib gələ bilərik. Və inanıram ki, belə də olacaq"
Qeyd edək ki, Kübra Ağayeva koronavirus pandemiyasının yayıldığı bu günlərdə küçə müvəkkili kimi daha məhsuldar, daha operativ, gücləndirilmiş şəraitdə çalışaraq tabeliyində olan ərazilərdə yaşayan kimsəsiz, ahıl, yaşlı insanlara yardımların çatdırılması, onların gündəlik problemlərinin həlli istiqamətində ciddi cəhdlə çalışır, əlindən gələni əsirgəmir.
Süleyman
Olaylar.az