“Bu qərar Azərbaycanın siyasi iradəsinin təzahürü və təsdiqidir”

Səməd Seyidov: "Əminəm ki, bu Avropa Şurasında Dağlıq Qarabağ probleminin obyektiv müzakirə olunmasına bilavasitə təsir göstərəcək"

Məlum olduğu kimi aprelin 23-də Ali Məhkəmənin Plenumunda ReAL Partiyasının sədri İlqar Məmmədov, eləcə də hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilib.  Qeyd edək ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Avropa Şurasının Parlamentlərarası Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurasının prezidenti cənab Rik Dayensə məlumat məktubu göndərib. Məsələyə aydınlıq gətirən millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, Azərbaycanda məhkəmə, hüquq-mühafizə sisteminə təzyiq göstərmək onların işlərinə müdaxilə etmək Avropa şurasının özünün dəyərlərinə də zidd olan bir məsələdir. S. Seyidov qeyd edib ki, İlqar Məmmədov və Rəsul Cəfərovla yanaşı, bir neçə başqa şəxsin məsələsi də Avropa Şurasında uzun illərdir, müzakirə obyekti kimi diqqətdədir: "Avropa insan haqları Məhkəməsi bununla bağlı bir neçə dəfə qərar qəbul edib. Nazirlər Komitəsinin pandemiyaya qədər baş tutan sonuncu, yanvar sessiyasında bu məsələ yenidən gündəmə gətirilmişdi. Bir şeyi xüsusi qeyd edim ki, hətta Azərbaycanla bağlı təqdim edilən sənədlərə bu məsələ bir başa daxil edilmişdi. Azərbaycan İnsan haqları məhkəməsinin yurisdiksiyası altında olan dövlətdir. Biz bu konvensiyaya üzv olmuşuq, bu səbəbdən də insan haqları məhkəməsinin qərarlarını vaxtında və ən əsası Azərbaycanın milli maraqlarına uyğun şəkildə yerinə yetirilməsi ilə bağlı fəaliyyət göstəririk. Hər hansı prosesin istintaq-araşdırma mərhələsindən məhkəmə iclaslarının keçirilməsinə qədər aparılan işin vaxtında və obyektiv yerinə yetirilməsinə hansısa şəxslər müdaxilə edə bilməz. İlqar Məmmədova və Rəsul Cəfərova dair işlə bağlı bəraətverici əsaslarla xitam, eləcə də onlara kompensasiya ödənilməsinə dair qərarın verilməsi birincisi, Azərbaycanın ali dəyərlərə, insan haqlarına, qanunun aliliyinə münasibətin, ikincisi, Azərbaycana və onun məhkəmə, hüquq-mühafizə sisteminə, yaxud ümumiyyətlə siyasətinə təzyiq göstərməyin heç bir əhəmiyyətin olmamasının əyani sübutudur. Üçüncüsü isə bu qərar Azərbaycana qarşı işləyən, Azərbaycanın siyasətinə müdaxilə etmək niyyətində olan və bu məsələni "məharətlə" istifadə etmək istəyən siyasətçilərin, qruplaşmaların və təşkilatların əlindən bu imkanın birdəfəlik çıxmasına köməklik göstərəcək. Onlar artıq bu məsələdən fürsət kimi istifadə edə bilməyəcəklər".

Bu qərarın Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında fəaliyyəti ilə bağlı hansı nəticələrə gətirib çıxara biləcəyi ilə bağlı suala aydınlıq gətirən S. Seyidov bildirib ki, aprelin 23-də qəbul edilmiş qərar nümayəndə heyətinin Avropa Şurasında fəaliyyətiminə çox müsbət təsir göstərməklə yanaşı, Azərbaycanın müstəqil siyasət aparmasının, siyasi iradəsinin bir də təzahürü və təsdiqidir: "Əminəm ki, nəinki Avropa Şurasında fəaliyyətimizə, ən əsası Dağlıq Qarabağ probleminin obyektiv müzakirə olunmasına bilavasitə təsir göstərəcək. Son zamanlar Azərbaycanın iradəsinə müdaxilə etmək cəhdləri ilə özünü gülünc vəziyyətdə qoyan Ermənistanın siyasi rəhbərliyi, mnatsakanyanlar, Qarabağ separatçıları, paşinyanlar nə qədər çalışsalar da, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan milli maraqlarını əks etdirən, bununla da dünyanın aparıcı ölkələri tərəfindən rəğbət qazanmış xarici siyasətinə və siyasi iradəsinə müdaxilə edə bilməyəcəklər. Azərbaycanın məhkəmə sisteminin müstəqil və Azərbaycan Konstitusiyasının əsasında beynəlxalq qanunun prinsiplərinin ehtivası kimi qiymətləndirilməli olan bu, qərarla bağlı Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç Buriçin verdiyi bəyanatında, İlqar Məmmədov və Rəsul Cəfərova Ali Məhkəməsi tərəfindən bəraət verilməsinin müsbət qarşılandığını, Avropa Şurasının Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31