Azərbaycanda qətiyyətli demokratik islahatlar həyata keçirilir

Mayis Səfərli: "Ölkədə aparılan siyasi islahatlar  yeni siyasi konfiqurasiyanın formalaşdırılması ilə nəticələnib"

Ölkədə həyata keçirilən siyasi islahatlar yeni münasibətlərin formalaşmasını zəruri edir. Elə bu səbəbdən də Azərbaycan qətiyyətli demokratik islahatlar həyata keçirir, hakimiyyətin nümayiş etdirdiyi güclü və cəsarətli siyasi iradə sayəsində cəmiyyətin ümumi harmoniyası möhkəmlənir. Siyasi sistem təkmilləşir, müasirləşir, siyasi münasibətlər sağlam zəmində qurulur və siyasi sistemin yeni konfiqurasiyasına yol açan cəsarətli addımlar atılır. Yurddaş Partiyasının sədri Mayis Səfərli bildirib ki, koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması, insanların sağlamlığının və həyatının qorunması, pandemiyanın yaratdığı sosial-iqtisadi problemlərin aradan qaldırılması sahəsində çox böyük işlər görən və müsbət nəticələr əldə edən ölkəmizin rəhbərliyi bu çətin dönəmdə də dövlətimizin həyatının digər sahələrindəki vacib məsələləri də bir an olsun belə diqqətdən kənarda qoymur. Ölkəmizin uğurlu gələcəyinə, dayanıqlı inkişafına yönəlik islahatlar indiki məlum problemlər fonunda da öz axarı ilə davam etdirilir: "Azərbaycanda aparılan siyasi islahatlar, kadr dəyişiklikləri, ali idarəetmə orqanlarında işin müasir dövrün tələblərinə uyğun yenidən təşkil edilməsi, yeni siyasi konfiqurasiyanın formalaşdırılması ilə nəticələnmişdir. Müxalifət partiyalarının nümayəndələrinin Milli Məclis rəhbər orqanlarında təmsil olunması, ölkədə yeni ictimai-siyasi durumun yaranmasının, iqtidar-müxalifət münasibətlərinin tamamilə yenidən qurulmasının faktiki göstəricisidir. Bu istiqamətdə atılan hər bir yeni addım aparılan siyasi islahatların dönməzliyindən xəbər verir. Baxın, bu günlərdə ölkənin siyasi həyatına daxil olan daha iki yeni partiya dövlət qeydiyyatından keçdi. Diqqət çəkən məqam həmin siyasi təşkilatların müxalifət mövqeyində olmalarıdır. Azərbaycanda güya siyasi azadlıqların, fikir plüralizminin azlığından gecə-gündüz danışan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Arif Hacılı və digərləri niyə bunları görmür?".

Partiya sədri əlavə edib ki, aprelin 23-də Azərbaycan Respublikasının Ali Məhkəməsinin plenum iclasında REAL partiyasının sədri, qatı müxalifətçi İlqar Məmmədovun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Yeri gəlmişkən İ.Məmmədovun rəhbəri olduğu partiyanın üzvü Erkin Qədirli bu ilin fevral ayının 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində Milli Məclisin deputatı seçilmişdir. Ali Məhkəmənin plenumunun qərarı ilə İnsan Haqqları Klubunun sədri Rəsul Cəfərov barəsindəki cinayət işinə də bəraətverici əsaslarla xitam verilmişdir. Göründüyü kimi Ali Məhkəmənin plenumunun verdiyi qərarlar bizim məhkəmə-hüquq sistemimiz üçün əhəmiyyətli bir hadisədir, insan hüquqlarının və azadlıqlarının qorunmasında önəmli addımdır: "Mən elə hesab edirəm ki, bu bəraət qərarları ölkədə barış, milli birlik əhval-ruhiyyəsinin daha da möhkəmləndirilməsinə, iqtidar-müxalifət dialoqunun davamlı olmasına xidmət edir. Ölkədəki siyasi münasibətlərdən danışarkən, bir məsələni xüsusi vurğulamaq istəyirəm. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədri olsa da, özünün bütün fəaliyyəti dövründə verdiyi qərarlar və atdığı addımlar ilə dönə-dönə sübut etmişdir ki, o, siyasi  mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının prezidentidir, hər birimizin yanındadır. Bu günlərdə mən mətbuatda müxalifətçi "Azadlıq" partiyasının sədri Əhməd Orucun oğlunun dövlət başçısına ünvanladığı məktuba rast gəldim. Açığını deyim ki,o məktubu həyəcansız oxumaq mümkün deyildi. Ailəsi adından prezidentə göndərdiyi minnətdarlıq məktubunda bildirilir ki, "Cənab Prezident Sizə olan təşəkkür və rəğbətimiz sonsuzdur. Sizin və çox hörmətli Mehriban xanımın hər bir vətəndaşı düşünməsinin, ehtiyacı olan hər bir kəsin yardımına tələsməsinin bariz nümunəsini şəxsən gördük. Atamın həyatı ciddi təhlükə altında olduğu məqamda etdiyiniz əvəzsiz köməyi heç vaxt unutmayacağıq". Bir neçə ay bundan əvvəl yol-nəqliyyat hadisəsi zamanı ciddi xəsarət almış müxalif baxışları ilə seçilən hüquq müdafiəçisi Oqtay Güləliyevin xarici ölkədə indiyə qədər davam edən bahalı müalicəsinin bütün xərclərini də Azərbaycan dövləti və Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Bəli, Prezident İlham Əliyev, 1-ci Vitse Prezident Mehriban xanım Əliyeva humanist və xeyirxah qərarları, nəcib addımları ilə fərqli siyasi mövqelərə məhəl qoymadan, hər bir insanımızı qayğı ilə əhatə etməsi, yardıma ehtiyacı olan vətəndaşın yanında olması qədirbilən xalqımız tərəfindən minnətdarlıqla qarşılanır. Bunu dövlətimizin liderinə və xanımına  ünvanlanan minlərlə məktub və müraciətlər də sübut edir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31