Yeni seçilmiş millət vəkilləri hansı problemlərin həllinə diqqət edəcəklər?- RƏYLƏR
24 Aprel 2020 10:41 SiyasətArtıq bir neçə aydır ki, VI çağırış Milli Məclisi fəaliyyət göstərir. Yeni qanunverici orqan bir sıra özəllikləri ilə əvvəlkilərdən fərqlənir ki, bu özəlliklər sırasına parlamentdə yeni deputatların təmsil olunmasıdır. Yeni qanunverici orqanda kifayət qədər yeni millət vəkilləri fəaliyyət göstərir ki, həmin deputatlardan da seçiciləri çox şeylər gözləyirlər. Bəs görəsən parlamentin yeni deputatları fəaliyyətləri dövründə deputat seçildikləri rayonlarda hansı işləri görüməyi düşünürlər. Yaxud qısa müddət ərzində millət vəkili seçildikləri rayonların seçicilərinin istək və arzularına uyğun olaraq hansı addımları atıblar, hansı təşəbbüs və təkliflər səsləndiriblər?
Masallı rayonundan Milli Məclisə seçilmiş Məşhur Məmmədov təmsil etdiyi rayon həmişə cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Millət vəkilinin sözlərinə görə, rayonda son illərdə çox böyuk quruculuq və abadlıq işləri görülüb: "Rayonda yollar çəkilib, məktəblər tikilib, rayon xəstəxanası əsaslı təmir olunub. Rayonda ASAN xidmətinin yeni binasının tikilməsi, Masallı Yeni Sənaye Məhəlləsinin salınması və tikilib istifadəyə verilməsi Masallıya külli miqdarda investisiyanın qoyulması demıəkdir. Həmçinin yeni iş yerlərinin açılması və insanların sosial həyatının yaxşılaşmasıdır". Millət vəkili deyib ki, rayonun Şərəfə kənd tam orta məktəbi 1921-ci ildə Masallıda fəaliyyətə başlamış ilk məktəbdir: "1986-cı ildə kənddə birtipli layihə əsasında 640 şagird yerlik məktəb binası tikilərək istifadəyə verilib. Şərəfə kənd tam orta məktəbinin binası tikildiyi vaxtdan bəri əsaslı təmir edilmədiyindən 619 şagirdin təhsil aldığı məktəb binasının əsaslı təmirinə ehtiyac vardır. Bu barədə rayon İcra hakimiyyətinə kənd sakinləri tərəfindən dəfələrlə şoxsaylı müraciətlər olunub. 2021-ci ildə Şərəfə kənd tam orta məktəbinin yaranmasının 100 ili tamam olur. Bu münasibətlə məktəb binasının əsaslı təmir olunması kənd sakinlərinə, həmçinin məktəb kollektivinə böyük tövhə olardı. Bundan başqa rayonda bağça yaşlı uşaqların sayı 21983 nəfər təşkil edir. Rayonda 5-i şəhər , 1-i qəsəbə,12-si kənddə olmaqla fəaliyyət göstərən 18 məktəbəqədər təhsil müəssisəsində 1020 uşaq tərbiyə alır ki, bu da rayon üzrə bağça yaşlı uşaqların 4,6 faizini təşkil edir. 18 məktəbəqədər təhsil müəssisəsindən 4 məktəbəqədər təhsil müəssisəsi üçün yeni bina tikilib, 4-ü isə əsaslı təmir edilib. Digər 3-nün yeri binaya, 2-si (Şəhər 1 saylı, Həsənli uşaq bağçaları) qəzalı, 1-i uyğunlaşdırılmış (Şərəfə uşaq bağçası), 7-sinin (Şəhər 4 saylı, Hişkədərə kənd körpələr evi-uşaq bağçaları, Ərkivan qəsəbə, Təzə Alvadı, Xırmandalı, Mahmudavar, Viləş kənd uşaq bağçaları) isə əsaslı təmirə ehtiyacı var". Millət vəkili bildirib ki, Masallı rayonunda 1 şəhər, 2 qəsəbə və 100 kənd olmaqla 95 ümumtəhsil müəssisəsində 30413 şagird təhsil alır: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsində göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda 53 məktəb binası tikilib və ya əsaslı təmir olunub. Rayonda hələ də uyğunlaşdırılmış binada yerləşən 8 məktəb qəzalı vəziyyətdə olmaqla 26 məktəbin yeni binasının tikintisinə, eyni zamanda bir tipli layihə əsasında tikilmiş 15 məktəbin əsaslı təmirinə ciddi ehtiyac vardır. Valideyinlər, müəllimlər və şagirdlər tərəfindən bu məsələ ilə əlaqədar davamlı ciddi müraciətlər olur. Tikintiyə ehtiyac olan məktəblərdə 6529 şagird, əsaslı təmirə ehtiyac olan məktəblərdə 6438 şagird təhsil alır ki, bu da Masallı rayonunda təhsil alan ümumi şagirdlərin 42,6 faizini təşkil edir. Ona görə də 26 məktəb üçün yeni binanın tikintisinə və 15 məktəbin əsaslı təmir olunmasına ehtiyac var". Məşhur Məmmədov deyib ki, 2014-cü ildən başlayaraq Masallı rayonu ərazisində 20,0 km uzunluğunda magistral kəmər çəkilməklə 25 kəndin içməli su ilə təminatı nəzərdə tutulub ki, 2018-ci il ərzində 5 kənddə (Sığıncaq, Məmmədxanlı, Bala Təklə, Kürdəbaz və Şərəfə kəndləri) işlər yekunlaşdırılıb və əhalinin içməli su ilə təminatı həyata keçirilib: "Hazırki vaxtadək layihədə nəzərdə tutulan digər 20 kəndin (Xırmandalı, Hacıtəpə, Xoşçobanlı, Mollahəsənli, Ərəb, Təkdam, Həsənli, Köçəkli, Şəhriyar, Eminli, St Masallı, Qarğalıq, Dəlləkli, Qədirli, Xallıcallı, I Səmidxan, II Səmidxan, Alışanlı, Ətçələr və Ağakişibəyli kəndlər) içməli su ilə təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görülməyib. Əlavə olaraq bildirirəm ki, vətandaşlar tərəfindən mütəmadi olaraq 11 kəndin (Mollaoba, Qodman, Xanalion, I Yeddioymaq, Güllütəpə, Qızılağac, Təzəkənd, Gəyəçöl , Xıl, Viləş və Sərçuvar kəndləri) içməli su ilə təmin olunması barədə müraciətlər olub. Qeyd olunanları nəzərə alaraq əvvəlcədən nəzərə tutulmuş 20 kənd və müraciətlər əsasında təklif olunan 11 kənd olmaqla umumilikdə 31 kəndin içməli su ilə təmin olunmasına ehtiyac var. Masallı üzrə qazlaşdırılma davam edir və rayonun mərkəzi və bir çox kəndlər artıq qazlaşdırılıb. Ancaq rayonun 12-i kəndində hələ də qazlaşdırılma başlamayıb. Önümüzdəki ildə Masallının 12 (Dəmbəlov, Əmirtürbə, Əzizabad, Xəlfələr, Köhnə Zuvand, Məmmədzakücə, Nəzəroba, Ninalov, Rüəkənar, Şıxlar, Yeni Zurvand, Yelağac ) kəndinin qazlaşdırıması məqsədəuyğun olardı".
93 saylı Bərdə seçki dairəsindən millət vəkili seçilmiş Fatma Yıldırım isə deyib ki, bir müddət öncə müşahidə olunan güclü külək nəticəsində Bərdədə elektrik enerjisi təsərrüfatına ziyan dəyib: "Seçicilərimdən aldığım məlumata görə bir sıra ərazilərdə elektrik xətləri sıradan çıxıb, bəzi kəndlərə elektrik enerjisinin verilişi dayanmışdı. Məsələ ilə bağlı dərhal rayon icra hakimiyyətinin məsul şəxsləri ilə əlaqə saxladım. Məlum oldu ki, problemin yaranmasına əsas səbəb güclü külək nəticəsində hündür ağacların elektrik naqilləri ilə təmas etməsi olub. Problemin aradan qaldırılması üçün icra hakimiyyəti və ekologiya idarəsinin nümayəndələri hadisə yerində olublar. Bunun üçün vacib görülməli işlərdən biri elektrik xətlərinə təhlükə yaradan ağacların təcili budanmasıdır. Amma həmin ağacların budanması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə alınmalıdır. Əks halda bu işi görən şəxslər cərimələnə bilərlər. Biz koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün insanlara evdə qalmağa çağırırıq. Ona görə də, belə şəraitdə onların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi çox vacibdir. Bərdə rayonunun millət vəkili kimi bu problem məni çox narahat etdi. Ona görə də Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevlə əlaqə saxlayaraq problemin həllinə kömək göstərilməsini xahiş etdim". Fatma Yıldırım bildirib ki, artıq Bərdə rayonunda qeyd olunan məsələ rəsmi qaydada həllini tapmaqdadır, elektrik naqillərinə problem yaradan ağacların budanması işləri həyata keçirilməyə başlanıb: "Əminəm ki, görülən bu işlər gələcəkdə bərdəlilərin elektrik enerjisi ilə fasiləsiz təminatında hər hansı problemlə qarşılaşmamasına səbəb olacaq. Bu mühüm məsələnin həllində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm".
Millət vəkili Ramin Məmmədov bildirib ki, son illər iqlim dəyişikliyinin aydın şəkildə hiss edilməsi, yağıntıların və dağlarda qar örtüyünün normalardan az olması ölkəmizdə su ehtiyatlarının azalmasına birbaşa təsir etməkdədir. Onun sölərinə görə, Kür çayında suyun səviyyəsinin aşağı düşməsi xüsusilə çayın Sabirabad rayonu ərazisindən keçən hissəsində müşahidə olunur: "Bu isə öz növbəsində əkin sahələrinin suvarılmasında müəyyən çətinliklər yaradır. Rayon sakinlərinin müraciəti əsasında bu səpkidən olan çətinliklərin bir hissəsi artıq öz həllini tapıb. Bir neçə gün əvvəl isə rayonun Rüstəmli kənd ərazisində olan "Gümüş" kanalı üzərində işlər aparılaraq kənd sakinlərinin su təchizatında yaranmış çətinliklər aradan qaldırılıb. Fürsətdən istifadə edərək, bu işdə əməyi olan aidiyatı təşkilatlara və insanlara öz təşəkkürümü bildirirəm. Bu bir daha göstərir ki, dövlət başçımızın regionların inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr birgə səylərimizlə vaxtı-vaxtında öz həllini tapacaq".
Millət vəkili Razi Nurullayev qeyd edib ki, İmişli rayonunun 10 kəndi hələ də qazlaşdırılmayıb. Onun sözlərinə görə, vətəndaşlar bir neçə dəfə yolları bağlayıb, bu səbəbdən saxlanılanlar da olub: "Seçkilər zamanı aidiyyatı qurumlarla əlaqə saxlamışdım və onlar bu il üçün qazlaşdırmanın başa çatacağını söyləmişdilər. Bu məsələnin təxirəsalınmadan həllinə ehtiyac var. Bundan başqa İmişli şəhərində 37 min əhali yaşayır. Kanalizasiya və su xətləri çəkilib və yarımçıq qalıb. Ciddi antisanitariya vəziyyəti hökm sürür. Hökumət bununla bağlı nə qədər tez qərar verərsə, bir o qədər yaxşıdır. Həmçinin İmişli şəhərinin digər ağrılı problemi zibillərin daşınması, utilizasiya edilməməsi və nəticədə antisanitariya vəziyyətinin yaranmasıdır. Vəziyyətin ağırlığı həm də içməli su mənbələrinin çirklənməsinə gətirib çıxarıb. Adi zibil yeşikləri belə çatışmır və insanlar zibillərini hara gəldi tökürlər. Bu məsələnin təxirəsalınmaz həlli insanların sağlamlığı üçün də vacibdir. Məsələnin həlli yerli hakimiyyətin gücü daxilində olmadığından, bu mərkəzi hökumətin köməkliyi ilə edilə bilər". Razi Nurullayev bildirib ki, İmişli rayonu həmişə fərqli fikir daşıyıcısı kimi tanınıb: "Müşahidələrim deməyə əsas verir ki, bu gün də İmişli rayonu və əhatəsində olan rayonlar digər rayon və şəhərlərə nisbətən fərqli məkandır. İnsanların dünyagörüşü, savadlılıq dərəcəsi, ziyalılığı digər yerlərə nisbətən də fərqlidir. Səbəblərindən biri Muğan zonasında ali təhsil ocaqlarının olmamasıdır. Bu zonada yaşayanların arzusu İmişli şəhərində ən azından Azərbaycanın ali məktəblərindən birinin filialının yaradılmasıdır. Bu zonada ali təhsil ocağının və tələbə şəhərciyinin yaradılması regionun inkişafında əvəzsiz rol oynayacaqdır. İmişli şəhərində Sənaye məhəlləsinin yaradılması da vacibdir. Fərdi olaraq iş adamları ilə söhbətlər aparmışam və onlar sənaye zonasına yatırım qoymaqda maraqlıdırlar. Ümid edirəm ki, şəxsi təşəbbüsümlə də bu məhəlləyə sərmayəçilər tapa bilərəm. İmişli camaatının bu xahişinin də nəzərə alınması faydalıdır".
Ucardan millət vəkili seçilmiş Ramil Həsənin çağrışı, vətənsevər şəxslərin yaxından köməkliyi, Ucar rayon İcra hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Ucar rayon təşkilatının təşkilatçılığı ilə COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarına ciddi əməl edən ahıl və xüsusi qayğıya ehtiyac duyan şəxslərə qayğı və ziyarətlər olub. Ötən müddət ərzində yüzlərlə 65 yaşdan yuxarı tənha və kimsəsiz insanlara, o cümlədən qayğıya ehtiyacı olan ailələrə zəruri ərzaq məhsullarından ibarət sovqatlar verilib. Karantin müddəti başlayandan etibarən rayon ərazisində yaşayan ahıl və kimsəsiz vətəndaşlar daim diqqətdə saxlanılıb, rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyasının Ucar rayon təşkilatı və millət vəkili Ramil Həsən, o cümlədən yerli imkanlı səxavətsevərlər maddi yardımla yanaşı mənəvi dayaq olublar. Aztəminatlı ailələrə dəstək tədbirləri davam edir. Karantin dövründə görüş və qəbul vaxtlarının qadağan olunmasına baxmayaraq millət vəkilinə email, sosial şəbəkə və məktub vasitəsilə ünvanlanan 145 ərizə, şikayət və müraciətlərə baxılıb. Ötən müddət ərzində 110 müraciət müsbət həll olunub, 10 müraciət haqqında müvafiq qurumlara deputat sorğusu göndərilib, 25 müraciətin ünvanlanacağı müvafiq qurumlar fəaliyyət göstərmədiyindən, karantin dövrü bitdikdən sonra həll olunmasına çalışılacaq.
Süleyman