Müxalifətə uzanan görüş əli və radikal düşərgənin köhnə siyasi təfəkkürü- SİYASƏT

Azərbaycanda iqtisadi və sosial islahatlar yerini siyasi islahatlara verib. Dah doğrusu iqtisadi və sosial sahədə islahatlarla yanaşı, siyasi sahədə də islahatlar həyata keçirilir. Son bir ay ərzində siyasi səhnədə müşahidə etdiyimiz proseslər belə deməyə əsas verir. Təsadüfi deyil ki, hakimiyyətin siyasi sahədə atdığı addımlar müxalifət düşərgəsi tərəfindən də təqdir olunur.  Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov da hesab edir ki, hakimiyyət tərəfindən atılan müsbət addımlar siyasi müxalifət tərəfindən dəstək görməlidir. Onun sözlərinə görə, ötən gün Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə REAL Partiyasının sədri İlqar Məmmədova və "İnsan Haqları" klubunun rəhbəri Rəsul Cəfərova bəraət verilməsi və maddi təzminatın ödənilməsi müasir Azərbaycan siyasi reallıqları üçün tarixi hadisədir. Partiya sədri bildirib ki, elə REAL Partiyasının Ali Məhkəmənin bu qərarı ilə əlaqədar olaraq yaydığı bəyanatda da İlqar Məmmədovun və Rəsul Cəfərovun bəraət almaları faktı Azərbaycan məhkəmə-hüquq sistemi üçün tarixi hadisə kimi qiymətləndirilib: "Mən hər iki siyasətçini təbrik edir və Ali Məhkəmənin bu qərarını da alqışlayıram. Eyni zamanda fürsətdən istifadə edərək son vaxtlar ölkəmizin siyasi mühitində, iqtidarın müxalifətə münasibətində baş verən böyük pozitiv dəyişiklikləri, Prezident İlham Əliyevin siyasi islahatlar prosesini getdikcə daha da dərinləşdirmək kursunu REAL sədrinin və Rəsul Cəfərovun bəraət almaları fonunda gözdən keçirmək, dəyərləndirmək istəyirəm. Bu gün biraz diqqətlə müşahidələr aparan istənilən siyasətçi etiraf edə bilər ki, son dövrlərdə ölkə siyasətində həqiqətən də çox ciddi dəyişim prosesi baş verir. Hakimiyyət demokratik açılıma start verib. Bu demokratik açılımın ideya müəllifi və təşəbbüsçüsü də məhz cənab Prezidentdir. Belə ki, ölkə başçısı son zamanlar öz çıxışlarında dəfələrlə bəyan edib ki, biz Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşmasını, iqtidar-müxalifət dialoqunun dərinləşməsini, inkişaf etməsini istəyirik. Budur, ölkədə yeni siyasi konfiqurasiya, siyasi subyektlərin (hakimiyyətlə siyasi təşkilatların) yeni konstruktiv münasibətləri hamımızın gözü önündə formalaşır. Bu gün biz sizinlə hamımız birlikdə ölkəmizdə baş verən çox mühüm tarixi proseslərin real, canlı şahidləriyik. Ölkəmizin siyasi həyatında konfrantasiyalar, ifrat radikal münasibətlər aradan qalxır. Prezident müxalif siyasi qüvvələri ümumxalq maraqları naminə, Azərbaycanın xoş gələcəyi naminə əməkdaşlığa, iş birliyinə çağırır, onlara siyasi dialoq prinsipi ilə hərəkət etməyi təklif edir. Bütün bunlar doğrudan da inqilabi əhəmiyyət daşıyan hadisələr, addımlar kimi səciyyələndirilə bilər. Və burada ən mühüm məqam da ondan ibarətdir ki, qeyd etdiyim bütün bu addımları ilkin olaraq hakimiyyət özü atır". DADP sədri deyib ki, Cənab Prezident müxalifətin nə vaxtsa hərəkətə keçib iqtidara birinci olaraq görüş əlini, barış əlini uzadacağını, xoşgörülü davranacağını gözləmir: "İlham Əliyev siyasi müdriklik nümunəsi göstərərək bir çox təməl məsələlərdə ilk addımı məhz özü atır. Müstəqillik illərində ölkənin ictimai-siyasi proseslərində müşahidə etdiyimiz bir sıra ilklər həqiqətən də məhz ölkə başçısının adı ilə bağlıdır. Bu gün də ölkədə baş verən müsbət siyasi yeniliklərin, dialoq təşəbbüslərinin, müxalifətə ünvanlanan xoşməramlı ismarıcların arxasında məhz cənab Prezidentin siyasi iradəsi dayanır. İlqar Məmmədova və "İnsan Haqları" klubunun rəhbəri Rəsul Cəfərova bəraət verilməsi və maddi təzminatın ödənilməsi demokratik açılımın, siyasi dialoqun gerçəkləşməsi fonunda yeganə hadisə deyil. Biz bu siyahıya bir müddət bundan öncə hüquq müdafiəçisi Oktay Gülalıyevin müalicə xərclərinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun xətti ilə ödənilməsi və müxalif Azadlıq Partiyasının sədri Əhməd Orucun müalicə xərcllərinin Prezidentin göstərişi ilə dövlət tərəfindən qarşılanmasını da, Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının dövlət qeydiyyatına alınmasını da, yeni tərkibli Milli Məclisdə müxalif partiyaların təmsilçilərinin önəmli postlara seçilməsi faktını da əlavə edə bilərik. Xatırladaq ki, bundan öncəki dövrlərdə həm yeni siyasi partiyaların qeydiyyat məsələsi uzun illər ərzində problemə çevrilmişdi, həm də əvvəllər təsis edilmiş partiyaların müxtəlif subyektiv səbəblər üzündən dövlət qeydiyyatına alınmamasının şahidi olurduq. Və bu məsələlər istər-istəməz beynəlxalq təşkilatların da narahatlığına səbəb olurdu. Lakin hazırda bu məsələlərlə bağlı bütün süni əngəllər, bürokratik ləngimələr tam şəkildə aradan qaldırılıb. Qeyd etdiyimiz və etmədiyimiz bütün bu kimi müsbət hallar nədən xəbər verir? Bütün bunlar onu göstərir ki, ölkədə çoxpartiyalı sistemin inkişafına Prezident səviyyəsində təkan verilib, siyasi islahatların dərinləşməsi özünü real, əməli işlərdə ehtiva edir, siyasi partiyaların dövlətçilik proseslərində iştirakı təmin edilir, siyasi partiyalar dövlət idarəetmə mexanizminin tərkib hissəsinə çevrilir, iqtidarla müxalifət arasında sağlam siyasi münasibətlər qurulur. Bu baxımdan, REAL Partiyasının sədrinin bəraət alması hakimiyyətin müxalifətə siyasi dialoq təklifinin bir epizodu, bir nümunəsi kimi qiymətləndirilməli, yuxarıda adlarını qeyd etdiyim partiyaların dövlət qeydiyyatına alınması ölkədə siyasi plüralizmin və çoxpartiyalıq sisteminin inkişafı yönündə atılan addımlar kimi dəyərləndirilməlidir. Həmçinin, Oktay Gülalıyevin və Əhməd Orucun müalicəsinin dövlət başçısı tərəfindən, eləcə də Birinci vitse-prezident tərəfindən nəzarətə götürülməsi də sağlam iqtidar-müxalifət münasibətlərinin bir təzahür formasıdır. Mən bütün bu sadalananları məhz bu kontekstdən qiymətləndirirəm. Bu faktlar ölkə rəhbərliyinin siyasi islahatların davam etdirilməsinə və siyasi mədəniyyətin inkişafına real töhfəsidir. Təsadüfi deyil ki, REAL Partiyasının bugünkü bəyanatında İlqar Məmmədovun bəraət alması faktı da məhz "qanunun aliliyinin təmin edilməsində yeni, müsbət presedentlərin yaradılması" kimi vurğulanıb". Əlisahib Hüseynov qeyd edib ki, bu gün dünyanı cənginə alan COVİD-19 pandemiyası dövründə ölkə Prezidentinin siyasi islahatlar kursu Azərbaycanda sabitliyin möhkəmlənməsinə, ölkəmizin ümumi inkişafı və demokratik proseslərin sürətlənməsinə hesablanıb: "Prezident ona çalışır ki, ölkəmiz həm siyasi müstəvidə, həm də iqtisadi inkişaf baxımından keyfiyyətcə yeni mərhələyə yüksəlsin. Bu isə yalnız iqtidarla müxalifətin dialoqu və konstruktiv əməkdaşlığı çərçivəsində mümkündür. Bəs belə bir şəraitdə, ölkədə aparılan siyasi islahatlar fonunda, yeni siyasi konfiqurasiyanın formalaşmağa başladığı bir məqamda müxalifətin radikal qanadı hansı mövqedən çıxış edir? AXCP-Milli Şura "tandemi"nin son siyasi davranışları, çağırışları ölkə başçısının siyasi islahat təşəbbüslərinə, dialoq çağırışına, əməkdaşlıq təkliflərinə adekvatdırmı? Təəssüf ki, xeyr, belə deyil. Biz onların addımlarında, bəyanatlarında konstruktivlik, xoş məram, sağlam yanaşma görmürük. Hazırda radikal müxalifət düşərgəsi adekvatlıqdan çox-çox uzaqdır. AXCP və Milli Şuranın dövlətçilik əleyhinə fəaliyyət göstərməsi, onların islahatlara qarşı düşmən mövqe tutmaları bizə tam əsas verir ki, bu adamların köhnə siyasi zehniyyətdən qurtulmaq istəmədiklərini düşünək. Amma normalda isə biz bunun tamamilə əksinə olan bir mənzərənin şahidi olmalıydıq. Vaxtilə hakimiyyəti siyasi islahatlara getməməkdə ittiham edən radikal müxalifət bu gün hakimiyyətin yanında olmalı və onun başlatdığı islahatlara səmimi niyyətlə dəstək verməliydi. Lakin görünən budur ki, onlar özlərini siyasi "offsayd"a salmaq yolunu seçiblər. Bu isə siyasi fəhmsizlikdən başqa bir şey deyil. Azərbaycanın parlaq gələcəyini deyil, öz məhəlli siyasi maraqlarını düşünən qüvvələrin siyasi proseslərin kənarında qalması yaxşıdır". DADP sədri qeyd edib ki, dövlət başçısı bu cür humanist davranışları ilə müxalifətə görüş əlini uzatdığı halda, radikal düşərgə bu əli geri çevirir: "Siyasət adamlarının demək olar ki, bütün vaxtı xəbərlərlə əlaqəli şəkildə və yaxud xəbər prosesinin bilavasitə içində keçir. Karantin günlərində isə ümumiyyətlə, hamımız xəbərlərə köklənmişik. Koronavirus pandemiyası ilə bağlı xəbərlər hamımızı müəyyən dərəcədə gərginlikdə saxlayır. Belə bir həssas dönəmdə televiziya ekranından və yaxud xəbər saytlarından hər hansı bir xoş xəbər eşitmək istər-istəməz hər birimizdə şən əhval-ruhiyyə, müsbət emosiyaların yaranmasına səbəb olur. Prezident və Birinci vitse-prezident bu cür nəcib addımları ilə, ehtiyacı olan şəxslərə yardım etməyə tələsmələri ilə sözün yaxşı mənasında xoş nümunə yaradırlar, yeni ənənələrin əsasını qoyurlar. İnsanların hansı əqidənin daşıyıcısı olmasına, hansı siyasi mövqedə durmasına fikir vermədən, onların səhhətindəki problemlərin aradan qaldırılması üçün xüsusi diqqət və qayğıkeşlik göstərməyin özü də bir siyasi mədəniyyətdir. Biz eyni halı, eyni münasibəti bir müddət bundan öncə hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicə xərclərinin Heydər Əliyev Fondu tərəfindən qarşılanması zamanı da müşahidə etmişdik. Həmin vaxt Birinci vitse-prezident tərəddüd etmədən sözügedən hüquq müdafiəçisinin bütün müalicə xərclərinin Fond tərəfindən ödəniləcəyi barədə göstəriş vermişdi. Müstəqil Azərbaycanımızda mərhəmət və şəfqət örnəkləri, humanizm ənənələri, qərəzsiz siyasi davranış nümunələri bax bu cür yaradılır. Həm də ölkə rəhbərliyi səviyyəsində, Prezident və Birinci vitse-prezidentin bilavasitə iştirakı ilə yaradılır". Partiya sədri bildirib ki, bütün bunları siyasi həmrəylik nümunəsi, siyasi dialoq üçün zəmin kimi də dəyərləndirir: "Dövlət başçısı bu cür humanist davranışları ilə müxalifətə görüş əlini uzadır, onları yeni siyasi təfəkkür nümayiş etdirməyə səsləyir. İlham Əliyev bir daha açıq və net olaraq mesaj verir ki, siyasi rəqabətdə kinə, düşmənçiliyə yer yoxdur. Azadlıq Partiyasının rəhbərinin müalicəsinin dövlət başçısı tərəfindən birbaşa nəzarətə götürülməsi faktı da ölkədə sivil siyasi münasibətlərin formalaşdırılmasına xidmət edir. Mən Əhməd Oruca "keçmiş olsun" deyirəm və cənab Prezidentin bu addımını da təqdirə layiq addım kimi qiymətləndirirəm".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31