Bakıdan İrəvana ünvanlanan hərbi mesaj- TƏHLİL
24 Aprel 2020 09:58 Siyasətİşğalçılar unutmamalıdırlar ki, Azərbaycanın yalnız güclü diplomatiyası deyil, hərbi ritorika faktoru da mövcuddur
Son günlər Dağlıq Qarabağ probleminin həlli istiqamətində bir diplomatik fəallıq müşahidə edilməkdədir. İstər ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin videokonfrans vasitəsilə görüşməsi, istərsə də Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun iki ölkənin XİN rəhbərlərinin görüşü ərəfəsində münaqişə ilə bağlı verdiyi açıqlamalar hər halda belə bir mənzərəni ortaya qoyub. Ancaq cərəyan edən proseslərin fonunda yenə də Ermənistanın ənənəvi pozuculuq əməllərini müşahidə edirik. Hər zaman münaqişənin həlli istiqamətində diplomatik fəallığın artdığı bir ərəfədə bu fəallığa mane olmağa, problemin həllinə doğru gedən yola əngəl yaratmağa çalışan işğalçı ölkənin pozuculuq əməli bu dəfə də özünü çox gözlətmədi. Və Ermənistan xarici işlər nazirinin son açıqlamasından bəlli oldu ki, işğalçı ölkə heç bir halda sülh prosesinə hazır deyil və münaqişənin diplomatik yolla həllinə hazır deyil. Baxmayaraq ki, ötən illər ərzində rəsmi Bakı bir neçə dəfə İrəvana, Ermənistan rəhbərliyinə danışıqlar masasında oturmaq, problemin sülh yolu ilə həllinə hazır olmaq üçün imkan tanıyıb. Ancaq görünür Ermənistan tərəfi rəsmi Bakının bu xoş niyyətindən sui-istifadə edərək öz çirkin əməllərini davam etdirməkdə israrlıdır. Əks təqdirdə növbəti dəfə diplomatik fəallığın artdığı bir zamanda Ermənistan rəhbərliyi yanğına körüklə getməz, münaqişənin həllinə mane olan açıqlamalar səsləndirməzdi. Belə olan halda isə Azərbaycanın yeganə yolu qalır ki, o da işğal altında olan ərazilərini hərb yolu ilə azad etməkdir. Elə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyev də yerli mətbuata verdiyi müsahibədə bunu istisna etməyib. General-polkovnikin fikirlərindən aydın olub ki, problemin həlli diplomatik yolla mümkün olmayacağı təqdirdə, Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsi hüququ öz qüvvəsində qalmaqdadır: "Ermənistan rəhbərliyinin hər dəfə bu proseslərdən müxtəlif üsullarla yayınması cəhdləri Azərbaycana başqa çıxış yolu qoymur".
xxx
Əslində Prezidentin köməkçisi, Prezident Administrasiyasının hərbi məsələlər şöbəsinin rəhbəri Məhərrəm Əliyevin müsahibəsinin bu günlərdə baş tutması təsadüfi deyil. General-polkovnikin məlum müsahibəsini Bakıdan İrəvana verilən hərbi mesaj kimi dəyərləndirmək olar. İndiyə qədər İrəvanın, erməni rəsmilərinin danışıqlar prosesindən yayınmaq, Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyi barədə sərsəm fikirlərinə Bakıdan siyasi müstəvidə cavab verilirdisə, artıq bu cavab hərbi müstəviyə keçir. General-polkovnik Məhərrəm Əliyevin müsahibəsi bu baxımdan İrəvana hərbi mesaj sayıla bilər. Çünki Prezidentin köməkçisi məlum müsahibədə İrəvana konkret olaraq ciddi xəbərdarlıqlar ünvanlayıb: "Azərbaycan xalqı da öz Ali Baş Komandanının verəcəyi əmri gözləyir və hər an işğal altında qalmış ərazilərinin azad olunması üçün səfərbər olmağa hazır olduğunu sərgiləyir. Bu dövlətimizin, xalqımızın danılmaz haqq səsidir və ona görə də, işğalçılar unutmamalıdırlar ki, Azərbaycanın yalnız güclü diplomatiyası deyil, hərbi ritorika faktoru da mövcuddur. Yəni Ermənistanın hərbi-siyasi rəhbərliyinin cəfəng, publikaya hesablanmış ucuz fikirlərindən fərqli olaraq, Azərbaycanın dövlət rəhbərliyi tərəfindən səslənən bəyanatlar əməli işlərlə isbata yetirilir.
Hesab edirəm ki, Ermənistanın hərbi-siyasi və diplomatik dairələri qeyd edilən faktları bir daha nəzərdən keçirməli, təhlillərini aparıb, sağlam düşüncə ortaya qoymalıdırlar. Əks halda, Azərbaycanın şanlı Ordusu Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında düşməni qısa müddətdə məğlub edib, üçrəngli bayrağımızı azad edilmiş torpaqlarımızda dalğalandıracaq. Bu gerçəkliyə isə kimsənin şübhəsi olmamalıdır".
Onu da qeyd etmək lazımdır ki, general-polkovnikin dediyi kimi Azərbaycanın, Azərbaycan Ordusunun yuxarıda qeyd etdiyimiz məqsədi, qarşısına qoyduğu hədəfi reallaşdırmağa, həyata keçirməyə gücü, qüvvəsi, potensialı var. Yaxın tarixdə Qarabağ cəbhəsində baş verənlər belə deməyə əsas verir. 2016-cı ilin uğurlu Aprel zəfəri, onun ardınca 2018-ci ildəki Günnüt qələbəsi Azərbaycan Ordusunun nəyə qadir olduğunu həm Ermənistan rəhbərliyinə, həm də dünya birliyinə açıq şəkildə göstərdi. Qısa müddətdə Silahlı Qüvvələrimizin əldə etdiyi nailiyyətlər bir gerçəyi ortaya qoydu ki, Azərbaycan Ordusu istənilən anda işğal altında olan torpaqlarını azad etməyə hazırdır. Çünki buna hər bir imkanımız var. General-polkovnik Məhərrəm Əliyevin qeyd etdiyi kimi bu bir reallıqdır və dünya birliyi tərəfindən də qəbul edilən gerçəklidir ki, güclü orduya və ən müasir hərbi sənaye imkanlarına malik olan Azərbaycanın Silahlı Qüvvələri beynəlxalq aləmin müxtəlif ordu reytinqlərini müəyyən edən cədvəllərində, sorğu nəticələrində yüksək mövqeyə sahibdir. Eyni zamanda Azərbaycanın qüdrətli Silahlı Qüvvələri nəinki regionun, eləcə də beynəlxalq təhlükəsizliyin təmin olunmasında, qorunmasında əsaslı mövqeyə malikdir".
Süleyman İsmayılbəyli