İran sərhədlərini qoruya bilmir? -TƏHLİL
23 Aprel 2020 16:29 SiyasətSon vaxtlar Iranla sərhəd xəttində müntəzəm olaraq sərhədi pozmaq cəhdlərinə rast gəlinir. Demək olar ki, hər ay yaşanan bu kimi mənfi tendensiyaya ötən gün daha biri əlavə olunub. Dövlət Sərhəd Xidmətinin yaydığı xəbərdən aydın olub ki, aprelin 22-də saat 15:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması aşkar olunub. Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.
Sərhəd naryadı tərəfindən "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub və sərhəd pozucularından 1-i yaralanıb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik və hava şəraitinin dumanlı olmasından istifadə edərək geri qaçıblar. Yaralanmış sərhəd pozucusuna ilkin tibbi yardım göstərilərək Cəlilabad rayon mərkəzi xəstəxanasına təxliyə olunub, lakin görülən tədbirlərə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerində ümumi çəkisi 2 kq olan həşiş qətranına bənzər narkotik vasitə, 1 ədəd lüləsi kəsilmiş qoşalülə ov tüfəngi, 6 ədəd patron, 1 ədəd patron gilizi aşkar olunub. Ərazidə axtarış işləri davam etdirilir. İran tərəfinin sərhəd nümayəndəsi görüşə dəvət olunub, hadisə yerində görüş keçirilib.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
Cənub qonşumuzla sərhədə müntəzəm olaraq belə bir hadisənin yaşanması bir sıra ehtimalların ortaya çıxmasına səbəb olub. Politoloq Məhəmməd Əsədullazadə deyib ki, İran-Azərbaycan əlaqələri son vaxtlar rəsmi şəkildə olmasa da, müəyyən problemlərlə müşayət olunur. Onun sözlərinə görə, əsasən, bu problemlər İran tərəfindən qaynaqlanır: "İranın Azərbaycanın işğal olunmuş ərazilərində erməni hərbi hissələrini yanacaqla təmin etməsi və digər neft və yanacaq məhsullarını daşımasına aydınlıq gətirməməsi polemika olaraq qalır. Belə bir situasiyada İranla dövlət sərhəddində silahlı atışmanın olduğu məlum oldu.
Azərbaycan İrandan narkoticarətçilərin sərhəd pozuculuğunun qarşısnı qətiyyətlə alır. Belə bir prosesin davam etməsinə İranın özü aydınlıq gətiməlidr". Məhəmməd Əsədullazadə hesab edir ki, İran öz sərhəddini qoruya bilmir: "İranın öz sərhədlərini etibarlı mühafizəsini təşkil etməsinə şübhə yoxdur. İran kimi ciddi bir rejimli ölkə necə sərhəddi zəif qoruya bilər?. İranın düşmənlərinin bu qədər çox olduğu vaxtda sərhədlərini boş buraxması real görünmür. Ona görə də ard-arda narkotik daşımaların Azərbaycana keçirilməsinə göz yumulur. Nəticədə, Azərbaycan bunun ciddi qarşısnı alır. Amma, Azərbaycan hərbiçilərinə sərhəd pozucularının silah işlətməsi ciddi sual doğurur. İran niyə belə bir silahlı şəxslərə nəzarət etmir və onlar İran tərəfini rahat şəkildə keçib, Azərbaycan sərhədçilərinə silah işlədirlər".
Məhəmməd Əsədullazadə onu da qeyd edib ki, Azərbaycanın Sərhəd Qoşunları komandanı çox ciddi şəkildə sərhədlərin etibarlı mühafizəsini təşkil edir: "Sərhəd Xidmətinin komandanı, general-polkovnik Elçin Quliyev dəfələrlə iranlı həmkarl ilə görüşüb və danışıqlar aparıb. Amma, İran tərəfi bu problemə son qoymaq əvəzinə, sərhəddə vəziyyəti daha da gərginləşdirmək yolu tutur.
Qeyd edim ki, ötən həftə İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək danışıqlar aparıb. Görünür, Qarabağdakı İranın fəaliyyətindən narazılıqlarımız rəsmi Tehranda reaksiya doğurub, prezidentin özü zəng edərək dostluq və qardaşlıq əlaqələrindən danışır. İranla Azərbaycanın iqtisadi layihələri, koronovirusa görə ölkəmizin İrana 5 milyon dollar yardım etməsi, Azərbaycanın İranla dostluq və qonşuluq əlaqələrinə önəm verdiyinin nəticəsidir. Nə qədər gec deyil, İran artıq əməldə Azərbaycanla dostluq əlaqələrinə önəm verməlidir".
Süleyman
Olaylar.az