Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunədir
Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunədir
22 Aprel 2020 10:57 Siyasət"Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunədir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri millət vəkili Eldəniz Səlimov səsləndirib. O, bildirib ki, respublikamızda ilk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll olunur: "Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilir. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapır, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılır. Bu, bir tərəfdən liderin siyasi iradəsi, digər tərəfdən dövlətin iqtisadi gücü sayəsində mümkün olur. Mövcud reallıq Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşılamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirir. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib. Hazırda da bu proses davam etməkdədir".