Azərbaycan hökumətinin koronavirus pandemiyasına qarşı mübarizə modelini “dünya ilə həmrəylik, vətəndaşa görə məsuliyyət” adlandırmaq olar

Koronavirus pandemiyası hər nə qədər bütün ölkələr üçün ciddi sınaq, problem yaratsa da, lakin belə bir gərgin vəziyyətdə, situasiyada  belə hər zamankı kimi dünyaya, yaxın və uzaq ölkələrə nümunə ola biləcək dövlətlər yenə də öz potensialını, bacarığını ortaya qoydu, nümayiş etdirdi. Bunu Azərbaycanın timsalında daha aydın şəkildə görmək mümkündür. Təsadüfi deyil ki, pandemiyanın yayılmağa başladığı ilk gündən qabaqlayıcı tədbirlər görməklə yanaşı, eyni zamanda bundan daha ciddi zərər çəkən ölkələrə yardım əlini uzatdı, onlrla həmrəylik nümayiş etdirdi. Xüsusilə, Heydər Əliyev Mərkəzində hər gün pandemiyadan ciddi zərər çəkən bir ölkənin bayrağının əks olunması həm həmrəylik, həm də dünyaya nümunə, örnək xarakteri daşıyırdı. Məhz Azərbaycanın bu örnək, nümunəvi addımından sonra digər dövlətlər, ölkələr də anoloji addımlar ataraq ən görkəmli məkanlarında, hündür zirvələrində Azərbaycan bayrağını dalğalandırdı, rəsmi Bakı ilə həmrəylik nümayiş etdirdilər. Eyni zamanda ölkəmizin, dövlət başçımızın ünvanlna ayrı-ayrı dövlətlərdən, təşkilatlardan məhz bu cür nümunəvi davranışa görə təşəkkür məktubları gəldi.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyir ki, adətən belə situasiyalarda ayrı-ayrı dövlətlər bir-birinə yardım əli uzadır, dəstək olurlar. Ancaq Azərbaycan hər zaman olduğu kimi bu dəfə də nümunəvi, örnək addımı ilə fərqləndi: "Beynəlxalq mətbuatda koronavirus pandemiyası dövründə böhran diplomatiyasının (disaster diplomacy) rolu haqqında onlarla yazıya rast gəlmək olar. Ələlxüsus zəlzələlər, qasırğalar, daşqınlar və sairə bu kimi təbii fəlakətlərdən, habelə hazırda şahidi olduğumuz pandemiya kimi hallarda geniş vüsət alan böhran diplomatiyası dövlətlər arasında diplomatik münasibətlərin canlanmasını xarakterizə edir. Belə vəziyyətlərdə dövlətlər imkanları daxilində bir-birinə müxtəlif formada dəstək göstərirlər. Milli diplomatiyamız da belə zamanlarda humanist məramları ilə seçilir. Müasir diplomatiyamızın tarixinə nəzər yetirsək, böhrandan əziyyət çəkmiş bir çox ölkələrə göstərdiyimiz yardımlar ilə tanış ola bilərik. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində belə yardımlar daha geniş hal aldı. Belə ki, son həftələr ərzində ölkəmiz tərəfindən Özbəkistana, Çin Xalq Respublikasına, Ukraynaya, İtaliyaya, Macarıstana humanitar yardımlar göstərilib. Bu məcrada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri, Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə Cənab Prezidentin simasında ünvanımıza gələn səmimi minnətdarlıq ifadələrini vurğulamaq olar. Xüsusilə Azərbaycan hökumətinin Ümumdünya Səhiyyə Təşkilatına könüllü formada ayırdığı 5 milyon dollar həcmində maliyyə yardımının beynəlxalq ictimaiyyət tərəfindən çox yüksək dəyərləndirildiyini bildirmək lazımdır".

Millət vəkili deyib ki, ümumilikdə Azərbaycan hökumətinin koronavirus pandemiyasına qarşı mübarizə modelini "dünya ilə həmrəylik, vətəndaşa görə məsuliyyət" adlandırmaq olar: "Hələ bu mübarizənin ilk günlərindən hökumət vəziyyətin ciddiliyini anlayaraq Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərini ölkəmizə dəvət etmiş, onların mübarizənin səmərəliliyinin artırılması yönündə tövsiyələrini alıb. Daha sonra bu tövsiyələr lokallaşdırılaraq aidiyyatı dövlət qurumları tərəfindən icra olunub. Nəticə etibarı ilə gördüyünüz kimi bir çox ölkələrdən fərqli olaraq koronavirusa qarşı mübarizə Azərbaycan hökumətinin tam nəzarəti altındadır və karantin rejimindən mərhələli çıxış üzrə plan hazırlanır. Cənab Prezidentin yuxarıda qeyd etdiyim Zirvə görüşünun sonunda vurğuladığı kimi "Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq böyük önəm daşıyır". Ölkəmizin göstərdiyi həmrəylik, Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə yekdilliklə sədr seçilməyimiz barədə qərarın necə düzgün olduğunu nümayiş etdirir. Bir lider ölkə kimi müxtəlif dövlətlərə və beynəlxalq təşkilatlara könüllü yardımın göndərilməsi Azərbaycan hökumətinin ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişaf etdirilməsinə verdiyi prioritetdən irəli gəlir. "2030-cu ilədək davamlı inkişaf sahəsində Gündəlik"-də əksini tapmış 17-ci Dayanıqlı İnkişaf Məqsədində qeyd olunduğu kimi ölkələr arasında tərəfdaşlığın möhkəmləndirilməsi qlobal inkişaf üçün həyati əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq qeyd edə bilərik ki, belə çətin zamanlarda nümayiş olunan birlik eyni zamanda gələcəyimizin güvənli təminatı üçün atılan addımdır".

Süleyman İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31