Avropa Şurasından gecikmiş mövqe -RƏY
21 Aprel 2020 12:57 SiyasətYaxuddan sərt tənqiddən çıxarılan nəticə
Bəşəriyyətin, insanlığın koronavirus pandemiyası ilə sınağa çəkildiyi bir günlərdə də təəssüflər olsun ki, bir sıra beynəlxalq təşkilat və qurumlar, ayrı-ayrı siyasilər ikili standartlar, qərəzli, qeyri-obyektiv yanaşmalarından əl çəkmir, ortaya ədalətsiz mövqe qoyurlar. Bunu keçən ayın sonlarından Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi qondarma seçkilərə olan beynəlxalq münasibət də bir daha gördük. Düzdür, əksəriyyət beynəlxalq təşkilat və qurumlar bu qondarma seçkiləri tanımadı, onu müşahidə etmədi. Lakin Avropa Şurası Parlament Assambleyası istisna olmaqla. Daha doğrusu əksər beynəlxalq təşkilat və qurumlar qondarma qurumda keçirilən saxta seçkilər tanımamaq barədə bəyanat versə də, lakin AŞPA susqunluq nümayiş etdirdi. Avropanın əsas siyasi təsisatlarından birinin ortaya qoymuş olduğu bu səssiz mövqe əslində işğalçıya bəraət qazandırmaq, saxta seçkini tanımaq anlamı verirdi. Elə bumna görə də AŞPA-nın bu mövqeyi Azərbaycanda ciddi etirazla qarşılandı. Hətta Cənab Prezident İlham Əliyev də cari ilin birinci rübünün sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair videokonfrans şəklində keçirilən müşavirədə bu məsləyə öz münasibətini bildirdi. Dövlət başçısı saxta seçkilərin heç bir beynəlxalq təşkilat tərəfindən tanınmadığını təqdiredici hal kimi dəyərləndirməklə yanaşı, AŞPA-nın "seçkilərlə" bağlı mövqe ifadə etməməsini də haqlı olaraq tənqid edib: "Bu "seçkilər" bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. "Seçkilər"dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar dünyanın demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir. Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə. Bütün bu təşkilatlar bu "seçkiləri" tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, bir daha göstərdi və mən bunu demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Ancaq istəyirəm Azərbaycan vətəndaşları bilsinlər ki, bu beynəlxalq təşkilatlar arasında bir təşkilatın adı yoxdur. Hesab edirəm, hər kəs başa düşür ki, söhbət Avropa Şurasından, Avropa Şurası Parlament Assambleyasından gedir, hansı ki, uzun illər, 20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir".
Prezident bildirib ki, Avropa Şurası Parlament Assambleyası susubdur: "Baxın, bütün təşkilatlar, o cümlədən Avropa təşkilatları bəyan edirlər ki, biz bu seçkiləri tanımırıq. Bunun birmənalı mənası odur ki, Dağlıq Qarabağ Azərbaycandır. Avropa Şurası Parlament Assambleyası niyə susur? Niyə bunu demir? Sualın cavabı aydındır. Ona görə ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Mən demişəm, bir daha demək istəyirəm ki, onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb. Bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Azərbaycanla bağlı məruzəçilər var və bu məruzəçilər də susub, bir söz demirlər. Burada balaca bir hadisə baş verən kimi ölkəmiz haqqında ağızdolusu yalan, böhtan uydururlar. Nə üçün susublar? Bundan sonra onlar Azərbaycan üzrə məruzəçi olmaq mənəvi haqqını itiriblər. Azərbaycan xalqı hər şeyi yaxşı görür. Görür ki, bunların çirkin bəyanatlarının arxasında heç də Azərbaycanda demokratiya, insan haqlarının qorunması məsələsi dayanmır. Azərbaycanı qaralamaq, şantaj etmək, nüfuzdan salmaq, beləliklə, ölkəmizin maraqlarına zərbə vurmaq bu qurumun məqsədidir".
Millət vəkili Məlahət İbrahimqızı da AŞPA-nın qondarma rejimdə keçirilən saxta seçkilərə münasibət bildirməməsini sərt tənqid edib və bunu ikili standartların bariz nümunəsi kimi xarakterizə edib: "Bu ilin 31 Martında beynəlxalq hüququn bütün prinsiplərini pozan işğalçı Ermənistan tərəfindən Dağlıq Qarabağda qeyri-qanuni seçkilər keçirildi. Dünyanın koronavirus pandemiyası ilə mübarizədə həmrəylik göstərdiyi dövrdə təcavüzkar Ermənistanın bu davranışı onun humanitar norma və bəşəri dəyərlərdən çox uzaq olan mahiyyətini bir daha nümayiş etdirdi. İşğalçı dövlətin növbəti təxribatına ATƏT-in Minsk Qrupu, ATƏT PA, Aİ kimi beynəlxalq təşkilatlardan təpki bildirilsə də çox təəssüf ki, fəaliyyəti ədalətsizlik və ikili standartlar üzərində qurulan AŞPA-dan bugünədək münasibət bildirilməyib. Əslində AŞPA-nın bu mövqesizliyini bu təşkilatın öz nizamnaməsinə eləcə də beynəlxalq hüquqa qarşı olan mövqesizlik kimi də qəbul etmək olar. Sözsüz ki, AŞPA-nın bu susqunluğu Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələri tərəfindən, eləcə də Milli Məclis tərəfindən sərt tənqid edildi. Milli Məclisin sonuncu plenar iclasında xanım spiker Sahibə Qafarova AŞPA-nın ermənipərəst mövqeyini tənqid edərək, Parlament adından da tənqidi və qınayıcı məktub göndərildiyini də bildirdi". Millət vəkili qeyd edib ki, əslində AŞPA-nın mövqesizliyini bu təşkilatın təkcə öz nizamnaməsinə qarşı deyil, həm də beynəlxalq hüquqa qarşı mövqesizlik kimi də qiymətləndirmək olar: "Bugünlərdə, 14 fevralda Nazirlər Kabinetinin 2020-ci ilin birinci rübün yekunlarına həsr edilmiş video-müşavirədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin AŞPA-nın Azərbaycana qarşı növbəti qərəzli mövqeyini ifşa etdi. Möhtərəm Prezidentimizin bu qətiyyətli və çox kəskin tənqidindən sonra nəhayət dünən Avropa Şurası Media Direktorluğu, Avropa Şurasının Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma "seçkilər"ə münasibət bildirməyə məcbur olublar. Avropa Şurası Media Direktorluğu, bu "seçkilər "in tanınmamasını, Avropa Şurasının, Nazirlər Komitəsi və Parlament Assambleyasının müvafiq qərar və sənədlərində bütün üzv dövlətlərin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipinə hörmətlə yanaşdıqlarını qeyd etsələr də, onların bu gecikmiş mövqeləri ermənipərəst imiclərini ört-basdır edə bilmir. VI Çağırış Milli Məclisinin ilk iclasında çıxış edən möhtərəm Prezidentimiz millət vəkillərinin 5 illik fəaliyyətlərinin yol xəritəsi idi. Bu mənada Prezidentimizin çıxışında vurğuladığı kimi millət vəkillərinin beynəlxalq təşkilatlarda əsas vəzifələri işğalçı Ermənistanın təcavüzkar siyasətini ifşa etməklə bərabər, erməni lobbisinin təsirində olan beynəlxalq təşkilatların qərəzli, anti-Azərbaycan mövqeyinə qarşı prinsipial mübarizə olacaqdır".
Süleyman
Olaylar.az