Hakimiyyətin siyasi açılımından qazanan dövlət, dövlətçilik olacaq

Mövcud çətinliklər, dünyanı bürüyən koronavirus pandemiyasına rəğmən Azərbaycanda həyatımızın bütün sahələrini əhatə edən islahatlar, tədbirlər davam edir. Düzdür, indiki mərhələdə həyata keçirilən tədbirlər, islahatlar yalnız iqtisadi və sosial sahəni əhatə etsə də, lakin digər sahələr də diqqətdən kənarda qalmır. Əslində hazırda əsas diqqətin məhz qeyd etdiyimiz iki sahəyə yönəldilməsi başadüşüləndir. Çünki indiki vəziyyətdə əsas prioritet koronavirus pandemiyasından zərər çəkən vətəndaşlarımız, iş adamlarımıza dəymiş ziyanın qarşılanmasıdır ki, bunu da Azərbaycan dövləti, hökuməti uğurla həyata keçirir.

Qeyd etdiyimiz kimi iqtisadi və sosial sahə ilə yanaşı, Azərbaycanda siyasi sahədə də məqsədyönlü addımlar atılır, islahatlar həyata keçirilir. Əslində ölkədə siyasi islahatlar tarixin ayrı-ayrı dövrlərində, xüsusilə də son 15-20 il ərzində zaman-zaman həyata keçirilib, reallaşdırılıb. Lakin 2016-cı ildən sonra bu sahədə islahatlarda yeni bir mərhələ özünü göstərməkdədir. Ötən 4 ilə yaxın müddətdə siyasi sahəni əhatə edən bir sıra mühüm addımların atılması, ölkədə fəaliyyət götərən ayrı-ayrı siyasi partiya və ictimai birliklərlə qarşılıqlı faydalı əməkdaşlığa yönəlik siyasətin yürüdülməsi fonunda bunu aydın şəkildə gördük. Növbədənkənar parlament seçkilərindən əvvəl son illərdə müşahidə edilməyən bir situasiyanın baş verməsi, iqtidar-müxalifət görüşünün, dialoqunun keçirilməsi, 2016-cı il referendumundan sonra həyata keçirilən kadr islahatlarının davamı kimi Prezident Admiunistrasiyasında siyasi partiyalarla birbaşa təmasda olan şöbənin yaradılması, ötən müddət ərzində həmin şöbənin Azərbaycanda fəaliyyət göstərən bütün siyasi qüvvələrlə görüşlər təşkil etməsi məhz ölkədə siyasi islahatların yeni bir mərhələsinin göstəricisi idi. Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, bu istiqamətdə ortaya qoyulan fəaliyyətdə birbaşa dövlət başçısı maraqlıdır və Cənab Prezident tərəfindən ortaya belə bir siyasi iradə qoyulub. Elə VI çağırış Milli Məclisin həm rəhbərliyi, həm komitələrinin, ümumilikdə qanunverici orqanın formalaşdırılması prosesində bu atmosfer özünü göstərir.

Son günlər siyasi sahədə daha bir müsbət tendensiya özünü göstərdi ki, bu da məhz hakimiyyətin siyasi islahatlarda, ölkədə fəaliyyət göstərən siyasi qüvvələrlə konfiqurasiya şəklində əməkdaşlıq etməsində maraqlı olduğunu ortaya qoydu. Belə ki, xəbərlərdən də aydın olduğu ki, 13 ildən artıq dövlət qeydiyyatı üçün müraciət etmiş Yeni Zaman Partiyası, həmçinin hakimiyyətə qarşı kifayət qədər radikal siyasi mövqe sərgiləyən Sülhəddin Əkbərin yaratmış olduğu partiya Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı.

Qarşılıqlı faydalı əməkdaşlıqdan, zamanı gəldikdə birgə fikir mübadiləsi aparmaqdan yayınan bəzi radikal siyasi qüvvələr hakimiyyət tərəfindən atılan bu xoşməramlı addıma başqa don geyindirmək, hətta hakimiyyətin nələrdənsə ehtiyat edib siyasi açılıma getdiyini iddia etmək iddiasını ortaya atsalar da, lakin ortada olan mövcud mənzərə ondan ibarətdir ki, hakimiyyət sözün həqiqi mənasında ölkədə siyasi islahatların həyata keçirilməsi və partiyalarla siyasi konfiqurasiyaya getmək niyyətindədir. Və bu niyyətini də atmış olduğu xoşməramlı addımlarla isbat edir.  Hakimiyyətin bu günə qədər olduğu kimi, bu gün də hansısa siyasi qüvvədən çəkinib, ehtiyat etmək kimi təhlükəsi yoxdur. Çünki hətta hakimiyyətə, yeri gələndə dövlətçiliyə, dövlətə qarşı müxalifət olan radikal siyasi qüvvələrin cəminin elektoratı hakimiyyət partiyası sayılan Yeni Azərbaycan Partiyasının bir rayon təşkilatının cəmi qədər deyil. Ona görə də hakimiyyətin kimdən, yaxud hansısa qüvvələrdən ehtiyat edib siyasu açılıma getməsi barədə iddialar tamamilə absurddur, qərəzlidir.

Sadəcə, yuxarıda da qeyd etdiyimiz kimi, indiki situasiyada hakimiyyət ölkədə fəaliyyət göstərən, dövlət və dövlətçiliyə bağlı olan siyasi qüvvələrlə yaxından əməkdaşlıq etmək, lazım gələndə ölkə üçün vacib olan məsələlərdə bir masa arxasında oturub bu və ya digər məsələni müzakirəyə çıxarmaqda maraqlıdır. Kim, hansı siyasi qüvvə hakimiyyətin uzatdığı əli, əməkdaşlıq niyyətini qəbul etsə, həmin siyasi qüvvələrlə də qarşılıqlı faydalı əməkdaşlıq ediləcək. Bundan isə qazanan yalnız və yalnız dövlət, dövlətçilik olacaq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31