“Biz birlikdə güclüyük!” -PREZİDENTƏ GƏLƏN MƏKTUBLARDAN SƏTİRLƏR
19 Aprel 2020 12:30 SiyasətMöhtərəm cənab Prezident.
Hazırda dünyada tüğyan edən koronavirus epidemiyası bütün ölkələr kimi, bizim də iqtisadiyyatımıza, maliyyə sistemimizə öz təsirini göstərib. Lakin Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən tədbirlər həm iqtisadiyyatımızın, həm də maliyyə sistemimizin böhrandan xilas olmasına, eləcə də xalqımızın bu pandemiyadan maksimum qorunmasına gətirib çıxarıb. Nəhəng dövlətlərin virus qarşısında aciz qaldığı, vətəndaşını qoruya bilmədiyi bir zamanda məhz Sizin qabaqlayıcı tədbirləriniz sayəsində bizlər çox arxayınıq və rahatlıqla öz həyatımızı yaşayır, pandemiyadan maksimum şəkildə qorunur, daha az zərər görürük. Dövlətimizin həyata keçirdiyi tədbirlər sayəsində insanlarımızın sağlamlığının qorunması üçün ölkəmizdə münbit şərait yaradılıb.
Cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!" çağırışınız bu gün xalqımızın həmrəylik şüarına çevrilib. Hər bir vətəndaşımız Sizin nəcib və nümunəvi addımınza həmrəylik göstərərək, xalq-iqtidar birliyini nümayiş etdirib ölkəmizin bu böyük bəladan qurtulması, eləcə də vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması naminə əlindən gələni əsirgəmir.
Möhtərəm cənab Prezident, bizim rahatlığımız və sağlamlığımız üçün verdiyiniz hər bir qərarda vətəndaşlarımızın sosial vəziyyətini düşündüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Verdiyeva Gülarə Eyvaz qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.