Paşinyanın separatçı rejimdə seçki oyunu- Və puça çıxan ümidlər- Süleyman İsmayılbəyli yazır

Ermənistan bütün imkanlarını səfərbər edərək cəbhə xəttində təxribat törətməyə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə mane olmağa, bununla onsuz da az hallarda müşahidə edilən diplomatik fəallığı tamamilə aradan qaldırmağa çalışır. Son vaxtlar istər Azərbaycan və Ermənistan dövlət sərhədində, xüsusilə Qazax istiqamətində ermənilərin müntəzəm olaraq törətdikləri təxribatlar və həmin təxribatlar nəticəsində keçən ilin sonlarından bu günə qədər bir neçə hərbiçimizin şəhid olması, həmçinin cəbhə xəttində atəşkəsin pozulması hallarının sayının artması deyilənlərin əyani sübutudur. Bütün bunlarla yanaşı Ermənistan hakimiyyəti öz çirkin siyasi oyunları, seçki şouları ilə də danışıqlar prosesinə əngəl olmağa çalışır. Elə keçən ayın sonlarından Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejimdə keçirilən seçki oyunu da bütün bunların tərkib hissəsi idi. Əvvəlcədən onu qeyd emək yerinə düşər ki, martın 31-də qondarma Dağlıq Qarabağ respublikasında keçirilən seçkilər bütün beynəlxalq hüquq və normalara zidd idi və həmin seçkilərin heç bir hüquqi əsası, statusu yox idi. Elə qondarma seçkilərə olan beynəlxalq münasibət, həmçinin həm separatçı rejim, həm də işğalçı ölkə rəhbərliyinin bu qeyri-qanuni seçkiləri izləmək üçün beynəlxalq müşahidə missiyalarına ünvanlanan müraciətə müsbət cavabın verilməməsi də bunu təsdiq etdi. Məlumat üçün qeyd edək ki, əvvəlki illərdə keçirilən qondarma seçkilərdən fərqli olaraq martın 31-də baş tutan seçkiləri olduqca məhdud sayda beynəlxalq müşahidəçilər izləyib. Onlar da əsasən ayrı-ayrı ölkələrdə erməni diasporu və lobbisi ilə sıx əlaqədə olan, birgə çalışan siyasi partiya təmsilçiləri olub.

Qondarma rejimdə keçirilən "seçkilər"də beynəlxalq müşahidəçilərin sayının məhdud sayda olmasını şərtləndirən amillərdən biri bu seçkilərin qeyri-qanuniliyi ilə bağlıdırsa, digəri isə baş nazir Paşinyanın işğal altında olan ərazilərdə hakimiyyətini möhkəmləndirmək cəhdi ilə əlaqədardır. Bir neçə il əvvəl xalqın etirazı, demokratiyanın təntənəsi kimi populist şüarlarla hakimiyyəti zəbt edən Paşinyan üçün indi əsas maneə separatçı Dağlıq Qarabağdakı hakimiyyəti özünə tabe etdirmək idi. Qondarma rejimə rəhbərlik edən keçmiş rəhbərliyin Rusiyaya daha çox bağlı olması, həmçinin Paşinyanın sələflərinin daha çox Rusiyanın adamları kimi tanınması inqilabçı baş naziri məcbur etdi ki, qondarma rejimdə öz yaxın ətrafını hakimiyyətə gətirsin. Məhz bu amil, Paşinyanın Ermənistanda tətbiq etdiyi "demokratik seçki" oyununun separatşı rejimdə təkrar etdirmək cəhdi də martın 31-də keçirilən "seçkilər"də az sayda müşahidəçilərin iştirak etməsinə, eyni zamanda dünyanın əsas aparıcı təşkilatlarının həmin seçkilərin nəticələrini tanımamasına səbəb oldu. Məlumat üçün qeyd edək ki, martın 31-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş qondarma "seçkilər" beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edilib və ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunub. "Seçkilər"ə dair  Azərbaycanın maraqlarına xidmət edən və qondarma seçkini tanımayan münasibət Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Qoşulmama Hərəkatı, Türk Şurası, Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran və digərləri tərəfindən ifadə edilib.

Göründüyü kimi, Ermənistan baş naziri Nikol Paşinyanın qondarma rejimdə təşkil etdiyi seçki oyunu heç də onun arzu etdiyi nəticəni vermədi və inqilabçı baş nazirin ölkəsində həyata keçirdiyi "demokratik seçki" planı separatçı rejimdə ümidləri puça çıxardı. Hər halda separatçı rejimdə baş tutan seçkilərə olan beynəlxalq münasibət belə deməyə əsas verir.

SÜLEYMAN 

OLAYLAR.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31