Beynəlxalq ictimaiyyət Yerevana “qırmızı kart” göstərdi

Qondarma "seçkilər"in heç bir hüquqi nəticəsi yoxdur

Ermənistan dövləti Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində qanunsuz siyasi aksiya keçirməkdə davam edir. İşğalçı dövlətin silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin hərbi işğalının və bu ərazilərdə etnik təmizləmənin davam etdiyi bir vaxtda Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qondarma "seçkilərin" keçirilməsi heç bir hüquqi nəticə kəsb etmir. Birmənalı şəkildə qeyd etmək olar ki, belə seçkilər Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən BMT Nizamnaməsinin, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır. Elə bu səbəbdən də əksər beynəlxalq təşkilatlar birmənalı şəkildə bəyan edirlər ki,  separatçı rejimdə keçirilən "seçkilər" heç bir hüquqi qüvvəyə malik deyildir.

Elə 2020-ci il martın 31-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş qondarma "seçkilər" beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edilib. Beynəlxalq təşkilatlar yaydıqları bəyənatlarında  Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edilib. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan dövlətinin yürütdüyü düşünülmüş xarici siyasət, həyata keçirilən hücum diplomatiyası nəticəsində Ermənistanın qanunsuz hərəkətləri ifşa olunur, beynəlxalq ictinaiyyət əsil həqiqiəti etiraf etmək zorunda qalır. Məhz aparılan məntiqli xarici siyasətin nəticəsidir ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən verilmiş bəyanatların sayı daha da artıb. Həm də ölkələrin və beynəlxalq təşkilatların mövqeyi açıq bəyanat formasında ifadə edilib. "Seçkilər"ə dair münasibət Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Qoşulmama Hərəkatı, Türk Şurası, Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran və digərləri tərəfindən ifadə edilib. Siyahıdan məlum olur ki, Türkiyədən tutmuş uzaq Kanada və Avstraliyaya qədər, Türk Şurasından tutmuş NATO-ya qədər dünya ictimaiyyətinin rəyi yekdildir. Belə ki, bəyanatlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma "seçkilər" tanınmır və qeyri-qanuni hesab olunur. Məntiqi nəticəyə görə, qondarma "seçkilər"in keçirildiyi konstitusional və hüquqi çərçivə tanınmır və beləliklə "seçkilər" heç bir hüquqi qüvvəyə malik deyildir.

Xüsusi olaraq tərkibində Avropa, Asiya, Afrika, Latın Amerikası, Okeaniyadan 120 dövləti birləşdirən və BMT-dən sonra ikinci ən böyük siyasi təsisat sayılan Qoşulmama Hərəkatının yaydığı kommünikeni qeyd etmək olar. Qoşulmama Hərəkatı yuxarıda göstərilən mesajlardan əlavə, ərazilərin güc yolu ilə qəsb edilməsinin yolverilməz olduğunu və Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən tanınmayacağını vurğulanıb. Bəyanatlarda yer alan "Seçkilər"in konstitusional və hüquqi çərçivəsi tanınmır" ifadəsi ilə beynəlxalq ictimaiyyətin verdiyi mesaj ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində keçirilə bilər. Beləliklə, "seçkilər"ə münasibətlə dünya ictimaiyyəti bir daha rəsmi Yerevana "qırmızı kart" göstərərək işğalın və onun nəticələrinin heç bir zaman qəbul edilməyəcəyi mesajını göndərmiş oldu. Bununla dünya həm də bir daha göstərdi ki, Qarabağ Azərbaycandır.

Onu da xatırladaq ki, Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qurulan qanunsuz rejim təcavüz, etnik təmizləmə və irqi ayrıseçkiliyin nəticəsidir. Başqa sözlə, beynəlxalq təşkilatlar tərəfindən  Azərbaycanın tarixi ərazisi kimi tanınan Dağlıq Qarabağ ərazisi işğalçı Ermənistanın nəzarəti altındadır. Beynəlxalq təşkilatların bəyənatlara deməyə əsas verir ki, Ermənistan "seçki", "demokratiya" kimi perspektivsiz şoularını bir tərəfə qoyub səmimi və ciddi şəkildə sülh danışıqlarında iştirak etməli və öz qoşunlarını Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxarmalıdır. Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütovlüyünün tam olaraq bərpa olunması ilə həll oluna bilər.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31