Tibbi maska istehsalı koronavirusla mübarizəyə mühüm töhfədir

Prezident: "Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, insanların sağlamlığı təmin edilsin"

Dünya ölkələrində koronavirus pandemiyasına qarşı aparılan mübarizə davam etdirilməkdədir. Ölkələr arasında iqtisadi və ticari əlaqələrin məhdudlaşdırılması dövlətləri öz daxil imkanları hesabına bu virusa qarşı mübarizə aparmaq zorunda qoyub. Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə deməyə əsas verir ki, fors-major hallarda belə vətəndaşların həyat və sağlamlığının qorunması üçün ölkənin daxili potensialı mövcuddur. Azərbaycanın xammal ehtiyatı və kadr potensialı həyati vacib məhsulların istehsalına imkan verir.

Qeyd edək ki, hazırda ölkədə koronavirusa qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri həyata keçirilməkdədir. Görülən tədbirlərin əhatə dairəsi və maliyyə tutumu deməyə əsas verir ki, vaxt amilinin, həkimlərin peşəkarlığının və mövcud imkanların vəhdəti Azərbaycanın az itkilərlə bu vəziyyətdən çıxmasına şərait yaradır. Belə ki, hazırda Azərbaycanda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alır. Ən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartlara uyğun tibbi müəssisələr istifadəyə verildi və orada koronavirus xəstələri müalicə alırlar. Yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur. Yeni texnologiyalar əsasında inşa ediləcək xəstəxanalar bütün lazımi avadanlıqla təchiz ediləcək.

İnsan sağlamlığının qoprunmasını qarşısına məqsəd qoyan Azərbaycan dövləti qısa zaman kəsiyində tibbi maska istehsalı müəssisəsinin fəaliyyətini təmin etdi. Artıq Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin fəaliyyətinə stsrt verilib. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanda qısa müddətdə tibbi maska istehsalına başlanması xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, ölkədə ibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır. Yeri gəlmişkən xatırladaq ki, hazırda koronavirusun geniş yayıldığı bir məqamda dünya dövlətləri nəinki tibbi avadanlıqlar, eləcə də xammalın idxalına qadağa qoyublar. Belə bir şəraitdə Azərbaycanda tibbi maska istehsalı müəssisəsinin istifadəyə verilməsi koronavirusa qarşı mübarizədə səmərəli rol oynayacaq. Belə bir müəssisənin açılmasının digər aspekti  apteklərdə və digər ticarət yerlərində süni qiymət artımının qarşısını almaqdır.

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında qeyd edib ki, ibbi maska və dezinfeksiya vasitələrinin istehsalı bir daha onu göstərir ki, Azərbaycanda yaradılmış infrastruktur imkan verir, biz qısa müddət ərzində lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək: "Təsadüfi deyil ki, bu istehsal müəssisəsi Sumqayıtda yerləşən Kimya Sənaye Parkının ərazisində təşkil edilib. Bu park mənim təşəbbüsümlə yaradılıb və artıq burada bir çox müəssisələr fəaliyyət göstərir. Bu müəssisələr bizim qeyri-neft iqtisadiyyatımıza da böyük töhfə verir. Eyni zamanda, mövcud kadr potensialı, sahibkarlar sinfinin inkişafı, dövlət və özəl sektorun tərəfdaşlığı, daim dövlət tərəfindən özəl sektora göstərilən dəstək - həm siyasi, həm maddi dəstək, güzəştli kreditlərin verilməsi, bütün bu amillər, yeni vəziyyətə gətirib çıxardı ki, biz vətəndaşlara lazım olan vasitələri qısa müddət ərzində operativ şəkildə istehsal edək və bazara təqdim edək. Mən onu bir daha qeyd etmək istəyirəm ki, hətta inkişaf etmiş ölkələrdə bu gün maska qıtlığı var. Bizdə alınmış yeni avadanlıq, - bu avadanlığın ikinci xəttinin də gətirilməsi nəzərdə tutulur, - imkan verir ki, avtomatlaşdırılmış rejimdə böyük həcmdə, böyük sayda maskalar istehsal olunsun".

Millət vəkili Fazil Mustafa deyib ki, dövlət vətəndaşların həyat və sağlamlığı üçün lazım olan bütün addımları atır: "Bir qrup insan karantin qaydalarına əməl etməmənin bəhanəsini tibbi maskaların apteklərdə olmaması ilə əlaqələndirirdi. Etiraf edək ki, yetərincə səbrli deyilik. Dəfələrlə söyləyirik ki, dövlət tədricən hansı boşluqlar var, onu dolduracaq, nələr çatışmırsa, onu təmin etməyə çalışacaq. Buyurun, ölkə prezidenti xalqa verdiyi vədini qısa müddətə yerinə yetirdi. Budur, "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan yaradır".

Onun sözlərinə görə, istehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. İstehsal prosesi üçnövbəlidir: "Müəssisədə hər gün 120 min tibbi maska istehsal ediləcək. İkinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin rəhbəri Səkinə xanım çox vətənsevər və öz işini yüksək səviyyədə bilən tanıdığım bir sahibkar olduğuna görə əminliklə söyləyə bilərəm ki, bu müəssisənin məhsulları həm keyfiyyətinə , həm də kəmiyyətinə görə daxili bazarda tələbatı tam şəkildə ödəyəcək. Bu gün ölkə prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanımın bu açılışda iştirakı həm də dövlət rəhbərləri səviyyəsində vətəndaşların gözləntilərinə necə həssaslıqla yanaşıldığını göstərirdi. Prezident bir çox anlamlı mesajlar da verdi. Vurğuladığı ən əsas tezis bu idi ki, dövlət vətəndaş üçün nə lazımdırsa edəcək, sahibkarlar da, vətəndaşlar da öz məsuliyyətli davranışlarını ortaya qoymalıdırlar ki, bu kritik vəziyyətdən az itkilərlə qurtula bilək. Artıq koronavirusdan qorunmaq üçün bütün lazımi dezinfeksiya və qoruyucu vasitələr daxili istehsalda olduğuna görə bu faktor təhlükə risqini də xeyli azalda biləcək. Bu günümüzdə belə bir istehsalın başlaması fikrimcə, cəmiyyətimizdə xeyli ümidverici impulslar yaradacaq. Allah dövlətimizi qorusun! Biz birlikdə güclüyük!".

Bir daha qeyd edək ki, Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, qısa müddət ərzində lazım olan istənilən istehsalat sahələri təşkil olunsun. Əsas məqsəd isə insanların təhlükəsizliyi və sağlamlığını təmin etməkdir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31