Prezİdentdən xalqa və xalqın problemlərindən yararlanmaq istəyənlərə vacib mesajlar
7 Aprel 2020 11:39 SiyasətBütün dünyanı cənginə alan koronavirus əleyhinə tədbirlər, onun yayılmasının qarşısının alınması istiqamətində atılan addımlar öz müsbət nəticələrini verir. İstər virusun qonşu ölkələrdən Azərbaycanda yayılmasına başlandığı ilk günlərdən bütün respublika boyunca aparılan dezzinfeksiya işləri, istər əhalinin sağlamlığının qorunması məqsədilə yeni tibb laboratoriyaları və teslərin alınması, istərsə də yeni tibb müəssisələrinin istifadə verilməsi dövlətin, şəxsən dövlət başçısının bu prosesdə, öz vətəndaşlarını qorumaq yönündəki fəaliyyətində nə qədər məhsuldar, eyni zamanda həssas olduğunu ortaya qoydu. Etiraf edək ki, koronavirusun Azərbaycanda yayılmağa başladığı ilk günlərdə ölkədə qoruyucu maskaların tapılmasında müəyyən problemlər yaşandı. Düzdür, bu təkcə Azərbaycan üçün xarakter hal deyildi. Dünyanın ən inkişaf etmiş ölkələrində belə qoruyucu maskalar məhdud sayda idi. Həmçinin zaman-zaman qarşılaşdığımız xoşagəlməz olaylardan sui-istifadə edib xalqın dar, ağır günündə də yaranmış vəziyyətdən mənffət, qazanc əldə etməyi düşünən bəzi möhtəkirlər də bu arada zamanında ucuz qiymətə aldıqları qoruyucu maskaları indi daha baha qiymətə satmağa cəhd göstərdilər. Təbii ki, bu da müəyyən haqlı narazılığa səbəb olurdu. Həm əhali, cəmiyyət tərəfindən, həm də sosial şəbəkələrdə əksinu tapan bu narahatçılığa hər bir məsələdə olduğu kimi, bu dəfə də cənab prezident dərhal reaksiya verdi və bir müddət əvvəl ölkədə qoruyucu maskaların istehsal edilməsinin zəruriliyini vurğuladı. Dövlət başçısının tövsiyəsi və bunun vacibliyini önə çəkməsindən qısa müddət sonra ölkədə qoruyucu maska istehsal edən müəssisə işə düşdü. Xəbərlərdən də aydın olduğu kimi, ötən gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Müəssisənin açılış mərasimindən sonra dövlət başçısı xalq müraciət edib. Dövlət başçısı koronavirus pandemiyası ortaya çıxandan verdiyi müsahibələr, Azərbaycan xalqına etdiyi tövsiyələrd olduğu kimi, bu dəfəki müraciətində də vətəndaşları daha məsuliyyətli olmağa, həm özlərini, həm də ətrafdakıları, yaxınlarını qorumağa çağırıb: "Mən dəfələrlə bildirmişəm ki, biz həm milli birlik, həm həmrəylik nümayiş etdirmişik və məsuliyyət də nümayiş etdirməliyik. Amma indiki şəraitdə aprelin 5-dən sonra qüvvəyə minmiş qaydaları nəzərə alaraq vətəndaşlar nizam-intizam nümayiş etdirməlidirlər. Çünki bu qaydaları pozanlara qarşı ciddi tədbirlər nəzərdə tutulur və bu tədbirlər artıq təsbit edilib. Əminəm ki, vətəndaşlar bu qaydalara tam əməl edəcəklər və beləliklə, xəstəlik geniş vüsət almayacaq, biz bu vəziyyətdən az itkilərlə çıxa biləcəyik. Dövlət nə mümkünsə onu edib. Bu gün sərtləşdirilmiş, məhdudlaşdırıcı tədbirlər qüvvədədir. İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik".
Həqiqətən də dövlət bu istiqamətdə nə mümkündürsə edib və hazırda da koronavirusun daha geniş yayılmamasının qarşısını almaq istiqamətində lazımı tədbirlər görülür. Dövlət başçısının qeyd etdiyi kimi qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Prezidentin də dediyi kimi Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi və vəziyyətə uyğun şəkildə bu addımların atılması bir məqsədi güdürdü ki, biz insanların həyatını, sağlamlığını qoruyaq və bu xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verməyək: "Bu günə qədər görülmüş bütün tədbirlər öz səmərəsini verdi. Bircə onu demək kifayətdir ki, Azərbaycanda bu günə qədər 45 min test keçirilib. İndi müxtəlif internet resurslarında bütün ölkələrdə həm xəstələrin sayı, həm ölüm hallarının sayı, eyni zamanda, keçirilmiş testlərin sayı göstərilir. Hər bir insan o saytlara girib baxa bilər, Azərbaycan dünyada aparıcı ölkələrdəndir ki, bu qədər test keçirib. Bu, bizə imkan verdi ki, xəstəliyi müəyyən edək, xəstə insanlara operativ tibbi xidmət göstərək və eyni zamanda, özümüzü böyük bəladan qoruya bilək. Bu günə qədər biz buna müvəffəq olmuşuq. Eyni zamanda, operativ tədbirlərin görülməsi və vəziyyətə uyğun addımların atılması öz səmərəsini göstərmişdir. Eyni zamanda, onu da bildirməliyəm ki, hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Bu xəstəxanaların arasında bizim ən müasir xəstəxanamız - "Yeni klinika" da var. Bu klinika bu yaxınlarda - martın sonunda açılmışdır, orada 575 çarpayı nəzərdə tutulur. Nəzərə alsaq ki, klinika vaxtından əvvəl istifadəyə verilib, orada xəstələri qəbuletmə imkanları tədricən artacaq - ilkin mərhələdə 100 xəstə, sonra 300 və ondan sonra tam fəaliyyətə başlayacaq. Həmçinin bu il martın əvvəlində mənim iştirakımla bölgələrdə açılmış xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verildi. Qazax, Goranboy və Şəmkir şəhərlərində yerləşən ən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Bu üç xəstəxanada çarpayıların sayı təqribən 500 ətrafındadır. Beləliklə, cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartlara uyğun tibbi müəssisələr istifadəyə verildi və orada koronavirus xəstələri müalicə alırlar".
Görülən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda ötən gün maska istehsalı müəssisəsinin istifadəyə verilməsi də dövlətin bu məsələyə nə qədər ciddi yanaşdığı və insanların sağlamlığının qorunmasında nə dərəcədə maraqlı olduğunu sərgiləyir
Dövlət başçısının həm qoruyucu maska istehsal müəssisəsinin açılışında iştirak etməsi, həm də Azərbaycan xalqına müraciətinə diqqət çəkən millət vəkili Razi Nurullayev deyib ki, Prezidentin müraciətində bir çox vacib məqamlar və xalqı düşündürən narahatedici məsələlər vardı. Millət vəkilinin sözlərinə görə, aydın görünür ki, ölkə Prezidenti xalqı narahat edən məsələlərin daha tez, təcili həllində israrlıdır: "İki həftə ərzində tibbi maska istehsalına nail olmaq böyük nailiyyətdir. Mən bunu Prezidentin qətiyyətinin təzahürü kimi qiymətləndirməklə yanaşı, həm də aidiyyatı qurumlara və səlahiyyətli şəxslərə ciddi mesaj kimi görürəm. 2015-ci ildən başlayan manat dəyərsizləşməsi ölkə iqtisadiyyatının boşluqlarını tam ortaya qoydu. Bunlardan biri də dərman məmulatlarının və tibbi ləvazimatların milli istehsalının sıfır nöqtədə olması idi. Prezident o zaman çox israrlı və qətiyyətli yanaşmalar ortaya qoymuşdu və nəticədə artıq ölkədə iki zavod işə düşüb və bir zavod da bu gün istehsala başlayır. Prezidentin rekord müddətə - iki həftəyə ərsəyə gətirtdiyi zavod həm də aidiyyatı qurumlara bir töhmət kimi nəzərdən keçirilməlidir. Keçən beş ildə dərman preparatlarının və tibbi ləvazimatların istehsalı ilə bağlı xeyli görülən iş olsa da, potensial az istifadə edilib. Onun üçün də iki həftəyə ərsəyə gələn tibbi maskalar zavodu birbaşa ölkə Prezidentinin əməyidir".
Razi Nurullayev hesab edir ki, Prezidentin verdiyi bir mesaj da möhtəkirlərlə bağlıdır: "Doğurdan da maskanı gizləyənlər, onu baha qiymətə satıb asan yolla varlanmaq istəyənlər var. Vətəndaşların faciəsi üzərində pul qazanmaq istəyi qəbuledilməzdir. Onun üçün də Prezidentin bu çağırışına da aidiyyatı qurumların birmənalı reaksiya göstərməsinə ehtiyac var. Çünki, elə bu gün də bu möhtəkirlik fakt olaraq qalır. Prezidentin müraciətində Bakıda və regionlarda müasir tipli yeni xəstəxanların da tikintisi öz əksini tapıb. Bu vacib məsələ son günlərin ən çox müzakirə edilən məsələlərindən olub və Prezidentin müsbət reaksiyası xalqın istək və arzularının keçərli olduğu anlamına gəlir. Prezident dezinfeksiyaedici məmulatların da ölkədə istehsal edilməsi mesajını verib. Demək ki, ölkədə müxtəlif sahlərdə milli istehsala ciddi önəm verilir və bu məsələlərə ölkə Prezidenti birbaşa rəhbərlik edir. Bu həm də yeni iş yerlərinin açılmasıdır". Millət vəkilinin sözlərinə görə, xalq anlayıb ki, ölkə Prezidentinə uzun illər doğru-dürüst məlumatlar verilməyib, bəzən şişirdilmiş rəqəmlər deyilib, xalqın gözləntisi, yaşayışı və istəkləri barədə məlumatlar gizlədilib: "Prezident xalqla görüşündə bunları etiraf edib. İndi Prezident çox şeyi özü görür, özü məlumat alır və özü edir. Elə buna görə də insanlarda gələcəyə inam və ümid daha da artıb".
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov isə deyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman xalqın yanında olmalarının və onların vətəndaşların üzləşdikləri real problemlərin həlli üçün səylə çalışmalarının daha bir nümunəsini Sumqayıt Kimya-Sənaye Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılması oldu. Partiya sədrinin sözlərinə görə, dövlət başçısının və Birinci vitse-prezidentin iştirakı ilə açılan bu müəssisə tezliklə vətəndaşlarımızın bu zəruri tibbi qoruma vasitəsinə olan tələbatını tam təmin edəcək və hətta xarici ölkələrə də ixrac etmək imkanı yaradacaq: "Prezident hazırda ölkədə maska, tibbi spirt və digər dezinfeksiyaedici maddələrin istehsalına başlanılmasını xüsusi prioritet kimi diqqət mərkəzində saxlayır. Bu gün əksər ölkələrin bu vasitələrin çatışmazlığı, defisiti ilə üzləşdiyi belə bir böhranlı məqamda Azərbaycanda bu vasitələrin istehsalına başlanılması həm xalqımızın sağlamlığını qorumaq baxımından mühüm töhfə olacaq, həm də dünya birliyinin koronavirusla mübarizəsinə ciddi təkan verəcək. Bütün bunlar onu göstərir ki, Azərbaycanın dövlət başçısı dünyanı cənginə almış pandemiya ilə mübarizədə bəzi liderlərdən fərqli olaraq tez-tez pafoslu açıqlamalar, bəyanatlar verməklə yox, əməli işlə məşğuldur və sözügedən infeksiyanın ölkədə geniş yayılmaması üçün real rejimdə hərəkət edir, proseslərin nəbzini nəzarətdə saxlayır və zəruri önləyici tədbirlərin görülməsi üçün adekvat göstərişlər verir. Bir sözlə, İlham Əliyev effektiv lider olduğunu bir daha təsdiqləyir. İnanırıq ki, Prezidentin son addımları hazırki çətin vəziyyətdə xalqımızın daha da sıx birləşməsinə zəmin yaradacaq".
S.İsmayılbəyli