Ermənistan təxribatları davam etdirməklə danışıqlar prosesinə mane olmağa çalışır -POLİTOLOQ
Ermənistan təxribatları davam etdirməklə danışıqlar prosesinə mane olmağa çalışır-POLİTOLOQ
16 Mart 2020 16:22 SiyasətErmənistan ciddi cəhdlə cəbhədə təxribatlar törətməklə vəziyyəti daha da gərginləşdirməyə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində zaman-zaman artan diplomatik aktivliyi durdurmağa, ona əngəl olmağa çalışır. Təkcə keçən ay ərzində, eləcə də bu ayın ilk günlərində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatları nəticəsində bir neçə hərbiçimizin həlak olması belə bir qənaətin formalaşmasına gətirib çıxarır. Lakin təəssüflər olsun ki, istər beynəlxalq təşkilatlar və dünya birliyi, istərsə də münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu işğalçı ölkənin bu qeyri-konstruktiv və aqressiv mövqeyinə qarşı heç bir ölçü götürmür, ona qarşı hər hansı bir cəza tədbirindən istifadə etmirlər. Bu da öz növbəsində İrəvanın daha da radikallaşmasına, cəbhə xəttində, eyni zamanda dövlət sərhədində davamlı təxribatlar həyata keçirməsinə yol açır. Elə əksər ekspertlər də hesab edirlər ki, Ermənistan dünyada mövcud olan ikili standartlar və cəzasızlıq mühitindən istifadə edərək öz qeyri-konstruktiv mövqeyini davam etdirir. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqlar prosesindən Ermənistan tərəfi yayınaraq təxribatlara əl atmaqdadır. Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası və Qazax istiqamətində dövlət sərhəddində diversiya hərəkətlərinə yol verilməsi və atəşkəsin mütəmadi olaraq pozulması Yerevanın növbəti avantürasıdır: "Burada məqsəd apreldən sonra substantiv danışıqlara getməmək və Kollektiv Təhlükısizlik Müqaviləsi Təşkilatını prosesə cəlb etməklə status-kvonu qorumaqdı. Status-kvonu qorumaqla işğalçı ölkənin baç naziri Nikol Paşinyan Ermənistanın Rusiyadan asılılığını artıracaq, həmçinin müharibə ehtimalını yaxınlaşdıracaq".
Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan tərəfi qəti şəkildə növbəti aylarda Ermənistanın davakar ritorikasına və manipulyasiyasını davam etdirməsinə dözümlü yanaşmamalı, birbaşa cəbhədə təzyiqlərə əl atmalıdır: "Ermənistan hər vəchlə çalışır ki, Azərbaycanı sərhəddə təxribata çəksin. Qeyd edim ki, Azərbaycan Naxçıvan Muxtar Respublikası və Qazax istiqamətində Ermənistana zərbələr endirsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yalnız quru bəyanatla kifayətlənəcək". Mərkəz rəhbərinin sözlərinə görə, Erməniustanın baş naziri Nikol Paşinyan yaxşı bilir ki, münaqişənin həllində irəlləyiş olmadıqca, cəbhədə vəziyyət gərginləşəcək və özünün hakmiyyəti sual altında qalacaq: "Azərbaycanın növbəti hərbi vasitələrə əl atması istisna deyil. Dünya iqtisadi böhranı, Rusiyada gözlənilən daxili problemlər Azərbaycana əlavə avantaj verəcək ki, ərazilərini işğaldan azad etmək üçün Ermənistana zərbələr vursun. Danışıqlar prosesində hazırkı mərhələdə limit tükənir və lokal hərbi eskalasiya il ərzində reallaşa bilər. Hər şey Ermənistanın apreldən sonra atacağı addımlardan sonra məlum olacaq. Hətta Moskva da baş nazir Nikol Paşinyanı cəzalandırmaq üçün növbəti eskalasiyaya da maraqlı ola bilər. Çünki, Qarabağdakı qondarma seçkilərdə Rusiya Qarabağ klanının hakimiyyətdən getməsində maraqlı deyil". Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycan tərəfi indiki halda elə bir siyasi gediş etməlidir ki, Rusiyanın maraqları ilə üst-üstə düşməsin: "Çünki, Rusiyanın maraqları taktikidir və etibarlı deyil. Azərbaycan bu məsələdə yalnız Türkiyə ilə ortaq çalışmalıdır. Çünki, Cənubi Qafqazda Türkiyə öz geosiyasi əhəmiyyətini artırmaq kursu götürüb".
Politoloq onu da qeyd edib ki, son vaxtlar Azərbaycanla Türkiyə arasında daha da inkişaf edən qarşılıqlı dostluq-qardaşlıq münasibıətləri rəsmi Bakının Cənubi Qafqazda mövqelərini daha da gücləndirir. Politoloq deyib ki, bu mənada bir müddət əvvəl qardaş Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri də mühüm əhəmiyyət kəsb edirdi və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından bu səfər olduqca ıhəmiyyətli idi.
Füzuli
Olaylar.az