Ermənistan ciddi narahatçılıq içərisində -Şərh

Aprel ayı yaxınlaşdıqca İrəvanın təşvişi artır

Ermənistan ciddi təşviş içərisindədir. Aprel ayı yaxınlaşdıqca düşmən ölkənin təşvişi, narahatlığı daha da artır. Bunun isə bir çox səbəbləri var. İlk növbədə son vaxtlar işğalçı Ermənistanın istər təmas xəttində, istərsə də Azərbaycan-Ermənistan sərhədi boyunca atəşkəsi intensiv şəkildə pozması müşahidə edilir. Atəşkəsin pozulması halları nəticəsində bir neçə sərhədçimiz düşmən gülləsinə tuş gələrək şəhid olub. Və Ermənistan dəqiq bilir ki, Azərbaycan tərəfi verdiyi itgiləri işğalçı ölkəyə bağışlamayacaq və şəhidlərimizin qisasını alacaq.

Ermənistanın ciddi təşviş keçirməsinin digər bir səbəbi isə Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinı mane olması, qeyri-konstruktiv mövqe nümayiş etdirməsidir. Azərbaycan tərəfi də ən son Münhendə dövlət başçısı səviyyəsində bir daha işğalçı ölkənin diqqətinə çatdırıb ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə ərazilərimiz hərbi yolla işğaldan azad olunacaq.  Bütün bunların nəticəsidir ki, işğalçı ölkə rəhbərliyi maksimum dərəcədə cəbhədə hərbi əməliyyatların baş verməməsinə çalışır və bunun üçün yenidən ATƏT-ə minnətçi düşüb. Elə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da son günlər Ermənistanın hərbi rəhbərliyinin ATƏT təmsilçiləri ilə görüşlərinin buna hesablandığı qənaətindədir. O, bildirib ki, Ermənistanın müdafiə naziri David Toroyan martın 12-də İrəvanda ATƏT sədrinin xüsusi nümayəndəsi Andjey Kasprşiklə görüşüb: "Həmin görüşdə erməni nazir az qala Kasprşikə yalvarıb ki, ATƏT nümayəndəsi Azərbaycan-Ermənistan sərhəddi boyunca atəşkəsin riayət olunmasına nəzarət etsin. Toroyan deyib ki, İrəvan sərhəddə atəşkəsin intensiv şəkildə pozulmasından narahatdır. Ermənistanın müdafiə naziri gələcək aylarla bağlı Kaspşikə başqa narahatlığını da çatdırıb. Erməni nazirin sözlərinə görə, bölgədəki gərgin vəziyyətə dünyada ağırlaşan iqtisadi və epidemioloji (koronovirusu nəzərdə tutur) əlavə etsək təmas xəttində durumun gərginləşəcəyini gözləmək olar. Toroyan demək istəyir ki, guya Azərbaycan ordusu dünyada və bölgədə koronavirusla bağlı yaranan durumdan fürsət kimi istifadə edərək hücum əməliyyatı həyata keçirə bilər. Buna cavab olaraq Kasprşik təmas xəttində gərginliyin azalması üçün səylərini maksimim artıracağını bildirib". Politoloq bildirib ki, Ermənistan ordusu atəşkəsi pozur və hərbçilərimizi şəhid edir: "Azərbaycan ordusu cavab verir və işğalçı da itki verir. Bundan sonra İrəvan əl-ayağa düşür və beynəlxalq vasitəçiləri köməyə çağırır. Azərbaycan ordusu əməliyyat keçirmək istəsə Andjey Kasprşik bunun qarşısını ala bilməyəcək. Ona görə də İrəvanda gərək Kasprşikin "təmas xəttində gərginliyin azalmasına çalışacam" kimi boş vədinə inanmasınlar. Əgər Kasprşiki bölgəyə göndərən təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə özünün hazırladığı "mərhələli həll" planını İrəvana qəbul etdirmək istəmirsə, atəşkəs daima kövrək olacaq. Bu arada, atəşkəsin pozulması ilə bağlı rusiyalı diplomatlardan iki ziddiyətli xəbər gəldi. Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç dedi ki, bölgədə böyük insidentlər yoxdur və silahlı fəaliyyət geridə qalıb. Eyni günlərdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə dedi ki, Moskva Ermənistanla Azərbaycan sərhddindəki vəziyyətin gərginləşməsindən və atəşkəsin intensiv pozulmasından narahatdır. Aleksandr Lukaçevişin açıqlaması həqiqəti əks etdirmir. Onun təbirincə, "silahlı fəaliyyət" geridə qalsaydı, nə İrəvan təcili olaraq Kasprşiki İrəvana çağırardı, nə də rusiyalı diplomatın həmkarı Mariya Zaxarova həyəcan təbili çalardı". Elxan Şahinoğlunun sözlərinə görə, İrəvanın qorxusu bəllidir: "Ermənistan üçün oksigen rolunu oynayan İranla sərhəddi bağlıdır və vurisa görə nə zaman açıqlacağı hələ bəlli deyil. Dünyada və bölgədə iqtisadi vəziyyət ağırlaşır, başqa sərhədlər də qapanır. Bunun fonunda Ermənistanda düşünürlər ki, dünyanın başının qarışdığı məqamda Azərbaycan fürsətdən istifadə edə bilər. Ancaq Azərbaycanın da İranla sərhəddi qapalıdır və dünya iqtisadiyyatında problemlərin artması istər-istəməz Azərbaycana da təsir edir. Ona görə də rəsmi Bakının dünyada və bölgədə koronavirusun yayılmasından istifadə edərək orduya hücum əmri verəcəyini söyləmək çətindir. Ancaq bu heç də o demək deyil ki, düşmənin təxribatlarınna əks-hücumla cavab verilə bilməz. 2016-ci ilin aprelində də təxribata əks-hücumla cavab verilmişdi. Belə olan halda koronavirus maneə sayılmayacaq".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31