Azərbaycan yeni siyasi dönəm ərəfəsində -ŞƏRH
13 Mart 2020 13:42 SiyasətAzərbaycanda siyasi islahatlar özünün yeni bir mərhələsinə qədəm qoyub. İstər Prezident Administrasiyasında siyasi partiyalarla işi özündə ehtiva edən şöbənin yaradılması və qısa müddətdə sözügedən şöbə rəhbərliyinin siyasi partiyalarla görüşlər keçirməsi, istərsə də VI çağırış Milli Məclisin rəhbərliyi və komitələrində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunması bütün bunları deməyə əsas verir. Bir çoxları hesab edir ki, xüsusilə növbədənkənar parlament seçkiləri ilə bu proses daha da sürətlənib və əhatəli xarakter alıb. Elə "Hilal" Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov da bu qənaətdədir. O, bildirib ki, növbədənkənar parlament seçkilərində müəyyən pozuntulara yol verilsə də, seçki sonrası bəzi məntəqə və dairələrin nəticələrinin ləğvi islahat yönündə olan müsbət niyyəti ortaya qoydu. Onun sözlərinə görə, uğurlu siyasi islahat bununla bitmədi: "Davamın, tamama gedən yolda keyfiyyətin göstəriciləri kimi seçkidən sonra Parlamentdə baş verən kadr strukturunun formalaşması oldu. Dəyişikliklərin ən həssas və rəğbətlə qarşılanan məqamı isə Azərbaycan Respublikasının Milli Məclisinə qadın spikerin seçilməsi oldu. Bununla islahat yönümlü "bəyaz inqlab" bayrağının daşıyıcıları, Azərbaycanda, 2006-cı ildə qəbul edilən "Gender bərabərliyinin təminatları haqqında" qanunun kağız üzərində qalmadığını, ölkədə qadın hüquqlarına həssas yanaşıldığını göstərdi. Elə Prezident İlham Əliyevin parlamentdə etdiyi çıxış da "Dövlət və Siyasi Partiyalar"mövzusunda daha uğurlu islahatların həyata keçirilməsinin ciddi mesajı idi. Bütün bu baş verənlər bizə deməyə əsas verir ki, ölkə yeni bir siyasi dönəm ərəfəsindədir". Arzuman Abdulkərimov deyib ki, xoşməramlı islahatların davamı gəlməkdədir: "Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının " Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi"nin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə keçirdiyi görüşlər siyasi partiyaların cəmiyyətdə aktivliyinin artırılması, gələcəkdə keçiriləcək seçkilərdə vətəndaşların iştirakının dinamikləşdirilməsi və siyasi partiyaların siyasi proseslərdə hakimiyyət-müxalifət koalisiyasında ölkəmizin daxili və xarici siyasi arenada maraqlarının qorunmasına xidmət etməsi qənaətinə gəlmək olar. Çağdaş dünyamızda beynəlxalq münasibətlərin qurulması, problemlərin həlli, dostluqlar və düşmənçiliklərin qurulması diplomatik sferada aparılır. 20 faiz torpağı işğal altında olan və beynəlxalq təşkilatlara nüfuz etməyi bacaran güclü və mənfur erməni lobbiçiliyi ilə mübarizədə alınan "siyasi ittifaq"qərarı mövcud iqtidarın tam olaraq siyasi kursunun "Dağlıq Qarabağ" problemi də daxil olmaqla Azərbaycanın müstəqilliyi və süverenliyinin qorunması, dövlətimizin gələcək nəsillərə daha güclü tam ərazi ilə ötürülməsi üçün daxili "siyasi ittifaq" Azərbaycan tarixinə qızıl hərflərlə yazılan islahat kimi yaddaşlarda qalacaq. Könül istər ki, dövlətin toxunulmazlığı, qüdrətlənməsi, qüvvətlənməsi, müstəqilliyi, ərazi bütövlüyünün bərpa edilməsi yolunda atılan islahat yönümlü müsbət addımlarda müxtəlif fərqli siyasi fikirləri olan bütün qüvvələr birləşsin və külüngü bir hədəfə vurmağı bacararaq milli qürurun, Azərbaycanın maraqlarının hər şeydən üstün olmasını göstərə bilsin. Təəssüf ki, illərdir müxalifət daxili ittifaqlara qarşı da aqressiv mövqe sərgiləyən Əli Kərimli və onun bütün dayaqlarını itirmiş marjinal komandası bir zamanlar iqtidardan "dialoq" "görüş" "islahat" tələb etdiyi halda, bu gün hakimiyyətin islahatlarına və xoş niyyətli təmaslarına qarşı "köhnə zehniyyətin" və "5-ci kalon"un mövqeyini "müxalifət" adı altında neqativ münasibət sərgiləyir. Belə ki Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının " Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi" bu günə qədər 50-dən çox partiya sədrləri ilə görüşüb. AXCP sədri Əli Kərimli də görüşə dəvət olunanlar sırasındadır. Lakin bir zamanlar bu görüşləri tələb edən Əli Kərimli bu gün görüşlərə getməkdən (dəfələrlə dəvət olunmasına baxmayaraq) boyun qaçırır və sosial şəbəkələrdə öz trolları vasitəsi ilə bu görüşlərə gedən partiya liderlərinə "satqın" "xain" damğası vurur.
Biz islahatların nəticələrinin uğurlu olacağına inanırıq. Azərbaycanı daha da güclü, ərazisi bütöv yaxın gələcək gözləyir. Bu gələcək yaxın tarixi də unutmayacaq. Müstəqil dövlətimiz üçün həyata keçirilən islahatları da, bu islahatların həyata keçməməsi üçün maneə olmağa çalışan marjinal qüvvələri də".
Süleyman
Olaylar.az