Radikal müxalifət camiəsindəki siyasi fırıldaqlar -SİYASİ ANALİZ

Radikal müxalifət camiəsindəki siyasi fırıldaqlar

Və ya Əli Kərimlinin bütləşdirilmiş obrazı necə dağılır?

25 ildən artıqdır ki, hakimiyyət sevgisi ilə alışıb-yanan, bunun üçün bütün eybəcərliklərdən istifadə edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli indi də payız mövsümünə hazırlaşır. Sözügedən partiyaya yaxın olan mənbələrdən əldə edilən məlumata görə,  Əli Kərimli oktyabr ayında yenidən mitinqlər şousuna start verəcək və bir neçə dəfə etiraz aksiyası keçirəcək. Kərimlinin mitinq şousunun arxasında isə onun 2020-ci ildə keçiriləcək parlament seçkilərində mandat əldə etmək istəyi dayanır. Bunun üçün Kərimliyə ənənəvi olaraq xaricdəki himayədarları, ölkəmizə qarşı düşmən münasibətdə olan dairələr tərəfindən yüksək məbləğdə maliyyə yardımı ayrılacağı da bildirilir. Həmin maliyyənin bir qismi oktyabr ayında start götürəcək mitinqlərə, digər hissəsi isə parlament seçkiləri zamanı Əli Kərimlinin təbliğatına sərf ediləcək. Ancaq bu arada Kərimlinin Avropadakı əlaltıları, müxtəlif adlar altında Avropa ölkələrinə siyasi sığınacağa göndərdiyi "demokratlar"ı barədə yayılan xəbərlər, videogörüntülər AXCP sədrinin pis vəziyyətdə qoyub. Belə ki, həmin məlumat və görüntülərdə Kərimlinin yaxınlarının eyş-işrət içərisində yaşadığı,  müntəzəm olaraq kef məclisləri qurduqları qeyd edilir. Buradan gəlinən qənaət isə ondan ibarətdir ki Kərimli xaricdəki antiAzərbaycan dairələri tərəfindən demokratiya uğrunda mübarizə adı altında göndərilən maliyyəni tamamilə başqa istiqamətə sərf edir. Bundan Kərimlini maliyyələdirən xarici antiAzərbaycan qüvvələrin xəbər tutması isə AXCP sədrini pis vəziyyətdə qoyub. Hətta ssenarisi əvvəlcədən hazırlanmış oktyabr mitinqləri, eləcə də Kərimlinin parlament seçkilərində təbliğatı üçün nəzərdə tutulan maliyyənin radikalların liderinə verilməyəcəyi də artıq müzakirə mövzusudur.

Ekspertlər isə hesab edirlər ki, bu Əli Kərimlinin praktikasında yeni bir şey deyil və o, indiyə qədər xaricdəki antiAzərbaycan dairələr tərəfindən radikallara demokratiya adı altında  ayrılan vəsaitlərin böyük bir qismini tamamilə mənimsəyib. Elə Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov da bu qənaətdədir. O, bildirib ki, bu Kərimlinin köhnə xasiyyətidir: "AXCP sədri Əli Kərimlinin Avropadakı qohumları və tərəfdarlarının kef məclisində avro səpməsini göstərən görüntüləri yəqin ki, hamınız sosial şəbəkələrdə gördünüz, xəbər saytlarından izlədiniz. Hazırda Fransada yaşayan AXCP-nin fəal üzvü və internet məkanında Əli Kərimlinin 1 nömrəli təbliğatçılarından biri sayılan Türkel Azərtürkün Almaniyada yaşayan azərbaycanlı ilə rüşvət müqabilində viza almaq üçün aralarındakı telefon danışığının səs yazısını da yəqin ki, dinləmisiz. Efir vasitəsilə tez-tez hakimiyyətə qarşı ağır iftiralarda bulunan və özünü hamıdan ağıllı, "aydan arı, sudan duru" kimi göstərən bu tanınmış gənc AXCP-çinin özü xirtdəyəcən çirkabın içərisində imiş". DADP sədri deyir ki,  Əli Kərimlinin ən yaxın çevrəsindəki şəxslərin və qohumlarının üzə çıxan, ifşa olunan bu görüntüləri müxalif düşərgənin daxilindəki rəzaləti bir daha gözlər önünə sərir: "Elə Müsavat partiyası da bu kimi işlərdə AXCP-dən heç də geri qalmır. Müsavatın önəmli şəxsləri arasında bu yaxınlarda üzə çıxan "mühacir biznesi" qalmaqalı müxalifət camiəsindəki siyasi fırıldaqların miqyasını göstərir. Sosial şəbəkədəki paylaşımlarında və Sevinc Osmanqızının verilişindəki çıxışlarında tez-tez işsizlərin, tələbələrin, veteranların ehtiyaclarının çoxluğundan dəm vuran Əli Kərimlinin adamlarının bu hərəkətləri isə əslində birbaşa AXCP liderinin özünün gerçək simasını ortaya qoyur. Məhz bu olayların fonunda Əli Kərimlinin bütləşdirilmiş obrazı yavaş-yavaş dağılır. AXCP lideri öz funksionerlərinin xoşagəlməz sürprizlərinin nəticəsində gün-gündən "batır", ictimai nüfuzunu itirir". Əlisahib Hüseynov onu da diqqətə çatdırıb ki, bu günlərdə  "Yeni Müsavat"ın canlı yayımında KXCP sədri Mirmahmud Mirəlioğlunun ad çəkmədən ünvanlarına söylədiyi çarpıcı fikirlər, şok açıqlamalar Əli Kərimlinin, İsa Qəmbərin, Arif Hacılının, Cəmil Həsənlinin və digər radikal müxalifət təmsilçilərinin gerçək kimliyini bir daha ortaya qoydu: "Əli Kərimli rəhmətlik Əbülfəz Elçibəyin sayəsində necə deyərlər, adam olub ortalığa çıxsa da, ancaq nədənsə, o bu gün Elçibəyi Leyla Yunus kimi siyasi ifritənin haqsız hücumlarından müdafiə etmir, onun ittihamlarının qarşısında susur. Üstəlik də, Leyla Yunus bütün bu rəzalət dolu ittihamlarına baxmayaraq hələ də "Milli Şura"nın üzvü olaraq qalır. Dırnaqarası "Milli Şura"nın dırnaqarası "lider"ləri isə bu biabırçılığa göz yumurlar. Başqa sözlə desək, onlar üçün mənəvi qanunlar yoxdur. Onlar hakimiyyətə gəlmək üçün hər cürə üsullara əl atmağa hazır olan makiavellistlərdir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31